Azərbaycan peşəkar teatrının ilk milli aktrisalarından olan, opera və operettalarda əksər qadın obrazlarının ifaçılarından biri Məhbubə Paşayeva 1905-ci ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərində anadan olub. O, Üzeyir Hacıbəylinin böyük bacısı Sayad xanımın qızıdır. 1907-ci ildə Sayad xanım həyat yoldaşının qəfil ölümündən sonra övladları ilə birgə doğma ata-baba yurdunu tərk edərək Bakıya, qardaşının yanına köçüb. Ü. Hacıbəylinin bacısı uşaqlarının tərbiyəsində və yaxşı təhsil almasında, hətta ailə qurmalarında böyük rolu olub.
Üzeyir bəyin Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və s. kimi dahilərlə dostluğu uşaqların dünyagörüşünə, habelə onların həyat yolunun müəyyənləşməsinə əhəmiyyətli təsirini göstərir. Həmin vaxtlarda aktyorlar, rejissorlar, yazıçılar, şairlər, müəllimlər, xanəndələr, bir sözlə, o dövrün məşhur ziyalıları gənc bəstəkarın evinə tez-tez qonaq gələrdilər. Onlar burada mədəniyyətə, maarifə, teatra, musiqiyə aid məsələlər ətrafında müzakirələr aparar, səhnəyə qoyulacaq tamaşaları məşq edərdilər. Bütün bunlar dayısının himayəsində böyüyən balaca Məhbubənin gözləri qarşısında baş verər, onda incəsənətə olan həvəsi daha da artırardı. Dinlədiyi hər musiqi parçası, izlədiyi hər tamaşa onu teatra hər gün bir az da yaxınlaşdırardı.
M. Paşayevanın sənətə gəldiyi illər teatrın çətin vaxtlarına təsadüf edirdi. Belə ki, o illərdə hətta kişilərin də səhnəyə çıxması hər deyəndə xoş qarşılanmırdı, bəzən həyatları bahasına başa gəlirdi.
Teatrda tanınmış səhnə xadimləri Əhməd Bədəlbəyli-Ağdamski, Zülfüqar Sarıyev, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşlarından dəyərli məsləhətlər alaraq onların zəngin səhnə təcrübəsini mənimsəyən aktrisa tamaşadan-tamaşaya püxtələşir və daha sanballı rollara təkliflər alır. Ü. Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”, “Arşın mal alan”, “O olmasın bu olsun”, Z. Hacıbəylinin “Aşıq Qərib”, M. Maqomayevin “Şah İsmayıl”, “Nərgiz” opera və operettalarındakı Leyli, Əsli, Xanəndə qız, Gülçöhrə, Asya, Gülnaz, Şahsənəm, Ərəbzəngi, Naznaz, Ənbər kimi obrazlar aktrisanın repertuarının əsasını təşkil edir. Xatirələrdə Üzeyir bəyin "Koroğlu" operasını yazarkən Xanəndə qız obrazını Məhbubə xanım üçün nəzərdə tutduğu, bu ariyanı məhz onun səsi üçün yazdığı göstərilir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə M. Paşayeva həmin ariyanı paytaxt tamaşaçıları qarşısında elə gözəl ifa edib ki, həmin çıxışa görə ona qızıl saat hədiyyə olunduğu da söylənilir. Səhnə bacarığından əlavə gözəl əl qabiliyyətinə və zövqə malik olan sənətkarın "Koroğlu" operasının tamaşası üçün yaxalıqlar, sinəliklər, araxçınlar belə hazırladığı məlumdur. 1948-ci ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərən aktrisa bu sənət ocağının səhnəsində Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov kimi sənətkarlarla tərəf-müqabili olub. Aktrisa sonrakı illərdə Azərbaycan Dövlət Xor Kapellasında və Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Qeyd edək ki, bəzi mənbələrdə M. Paşayevanın soyadı “Zeynalova” kimi də gedib.
Opera sənətimizin inkişaf dövründə özünəməxsus ifa tərzi ilə öz dəst-xətini yaradan M. Paşayeva mənsub olduğu görkəmli nəslin nüfuzunu ləyaqətlə doğrultmuşdur. Onun 1967-ci ildə lentə alınan "Koroğlu" operasından Nigarın ariyası, "Arşın mal alan"dan Gülçöhrənin ariyası, "Şah Abbas və Xurşid Banu" operasından Xurşidin təsnifi, xalq mahnısı "Yar bizə qonaq gələcək", bayatılar üstündə "Qarabağ şikəstəsi" kimi səs yazıları bu günümüzə mirasdır.
Məhbubə Paşayeva 1970-ci ildə Bakı şəhərində vəfat edib.
Mənbə: https://portal.azertag.az/az