Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Cənubi Azərbaycanda, Təbriz şəhərində doğulub boya-başa çatmışdır. İranda Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün orada yaşayan bütün soydaşlarımız kimi, Şəhriyar da təhsilini fars dilində almışdı. Şəhriyar çox istedadlı gənc idi. Ədəbiyyatı çox sevirdi. Gənc yaşlarından fars dilində gözəl şeirlər yazırdı.
Bir gün anası Şəhriyara deyir: «Oğlum, analar dilsiz uşaqlarını belə, dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?» Doğma anasının bu sözləri şairə təsir etdi, o sanki yuxudan ayıldır. Çox keçmədi ki, Şəhriyar özünün dillər əzbəri olan «Heydərbabaya salam» əsərini yazdı. Şair deyirdi ki, «Heydərbabaya salam» əsərini yazana qədər elə bil ürəyimdə bir tikan ilişib qalmışdı. Nədən yazsam da, necə yazsam da, ürəyimdən bu tikan çıxmırdı ki, çıxmırdı.
«Heydərbabaya salam» əsəri ustad şairin yaradıcılığında bir dönüş nöqtəsi oldu. Heydərbaba dağ adıdır. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində — ata-baba yurdunda keçmişdi.
«Heydərbabaya salam» poeması Şəhriyara böyük şöhrət gətirdi. Bu əsər, eyni zamanda Cənubi Azərbaycanda anadilli ədəbiyyatın, xüsusilə şeirin inkişafına geniş yol açdı.
Şairin ilk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr olundu. Kitab xalqın məhəbbətini qazandı. Çünki Şəhriyar özü də ağır, məşəqqətli həyat keçirmişdi. Atası öləndən sonra on nəfərdən ibarət böyük bir ailəni o saxlamalı olmuşdu. Buna görə də şair hələ çox gənc yaşlarından işləmiş və hər cür əzab-əziyyətə qatlaşmışdı. Elə buna görə də Şəhriyar xalqının dərdi-sərinə, ehtiyac və istəklərinə dərindən bələd olan şair idi. Onun şeirləri xalqın istəyini, arzusunu ifadə edirdi.
Şəhriyarı ən çox narahat edən, düşündürən ana Vətənin, doğma xalqının ikiyə parçalanması idi. Şəhriyar Arazı iki qardaş arasında çəkilən pərdəyə bənzədirdi.
Dostları Şəhriyarı İranın paytaxtı Tehrana dəvət edirdilər. O, dəvəti qəbul edib Tehrana gəlmiş, bir neçə il paytaxtda dostlarının himayəsində yaşamışdı. Tehran həyatı, bu nəhəng şəhərdə yaşayan şair və yazıçıların təşkil etdikləri ədəbi-mədəni dərnəklər Şəhriyarın yaradıcılığında yeni səhifə açdı.
Şəhriyar doğma vətəni Azərbaycanı böyük məhəbbətlə sevirdi. Onun «Azərbaycan» şeiri xalqımızı azadlığa, istiqlala, birləşməyə çağırır, xüsusilə cənubda yaşayan həmvətənlərimiz üçün bir mübarizə himni kimi səslənir.
1979-cu ildə Tehranda Ustad Şəhriyarın arzularına qanad verən Azərbaycan dilində «Varlıq» adlı bir jurnal nəşr olundu. Jurnalın yaradıcısı və baş redaktoru dünya şöhrətli cərrah, tarixçi, alim doktor Cavad Heyət idi. Şair jurnalın ilk sayını böyük sevinclə qarşılayaraq çox keçmədən özü də onun əməkdaşına çevrilir.
«Heydərbabaya salam» əsəri dünyanın əksər dillərinə tərcümə olunmuşdur. O, dünya şeir sənətinin zirvəsinə ucalmışdır. Cənubi Azərbaycanda hələ dahi şairin sağlığında 7 mart «Şəhriyar günü» elan olunmuşdu. Təbriz məktəblərindən birinə, Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilmişdir. Paytaxtımızın mərkəzi küçələrindən biri şairin adını daşıyır. Böyük şairin vaxtı ilə yaşadığı ev hazırda Şəhriyar sevənlərin coşqu ilə ziyarət etdiyi muzeyə çevrilib. Muzey bir neçə otaqdan ibarətdir. Muzeydə böyük Şəhriyardan yadigar qalan 500 dən çox eksponat nümayiş olunur. Onların arasıda şairin geyindiyi ayaqqabı və paltarları, istifadə etdiyi əl çantası, qələmi, saatı və bir çox əşyaları yer tutur. Şairin şəxsi əşyaları ilə yanaşı muzeydə Azərbaycandan hədiyyə olunmuş ekponatlar da nümayiş olunur. Onların arasında xalq çalğı alətimiz kamança, dahi şair Nizaminin əksi təsvir olunmuş boşqab, 1964-cü ildə Bakıda «Yazıçı» nəşriyyatı tərəfindən nəşr olunmuş «Aman ayrılıq» poeması və şeirlər kitabı və 2013 cü ilin fevral ayının 15 də azərbaycanlı memar Zeynallı Zərnaz tərəfindən hədiyyə olunmuş şairin rəsm tablosudur. Şəhriyarın yaşadığı evin gözəl bağçası olub ki, o şeirlərinin bir çoxunu həyətində ağacın kölgəsində qələmə alıb. Şəhriyar şairliklə yanaşı, həm də xətdat olub və onun əlyazmaları muzeydə qorunub saxlanılır. Muzeyi seyr edərkən insanda başqa bir zövq və nostalji hissləri baş qaldırır. Nəinki muzey, bütövlükdə Təbriz şəhəri bizlər üçün tarixdə olduğu kimi, indi də çox böyük dəyərə və anlama malikdir. Çünki Təbriz bizi bir araya gətirən çoxlu ortaq dəyərlərə malikdir. Bu dəyərlərə milli, dini, mədəni, ədəbi və tarixi meyarlar daxildir. Ədəbi meyarlar içərisində dünya şöhrəti qazanan Ustad Şəhriyar bütöv Azərbaycanın sevimlisi və fəxridir. İranın Şərqi Azərbaycan əyalətində yerləşən Eynalı dağında qaya üzərində Məhəmmədhüseyn Şəhriyarın hündürlüyü 10 metr olan heykəli ucaldılmışdır.