Azərbaycan şairi Molla Vəli Vidadi Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuş, Şəmkirdə, Qazaxda təhsil almış, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Bir müddət Şıxlı kəndində müəllimlik etmiş, bədii yaradıcılıqla məşğul olmuşdur.
Vidadi Azərbaycan ədəbiyyatında özünəməxsus bir yer tutmuş, canlı xalq dilində gözəl qoşmalar, qəzəllər, bayatılar, gəraylılar, müxəmməslər yazmışdır. Şair xasiyyətcə mərd, ürəyiaçıq, insanlarla dostluq etməyi uca tutan, zəmanəsinin sayılıb-seçilən şairi kimi şöhrət qazanmış, saraylara dəvət olunmuşdur. O, bir müddət Gürcüstanda II Iraklinin sarayında yaşamış, İraklinin oğlu Levanın ölümü münasibətilə mərsiyə yazmışdır. Şair sultanlara, xanlara xidmət etməyi özünə sığışdırmadığından, 1781-ci ildə sarayı tərk edərək Qazaxa gəlmiş və ömrünün sonuna qədər orada yaşamışdır.
Vidadi yaradıcılığı, dünyagörüşü Azərbaycan şifahi və yazılı ədəbiyyatı əsasında təşəkkül tapmışdır. Onun Vaqiflə "Deyişmə"si də bunu aydın göstərir. Şairin yaradıcılığında vətənə, torpağa, insanlara məhəbbət çox güclüdür. "Belə qalmaz", "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qərq eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik, iztirab hiss olunur.
Şairin lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadinin real tarixi hadisələr əsasında yazdığı əsərlərdən biri də "Müsibətnamə" poemasıdır. Bu epik-tarixi əsəri şair 1780-ci ildə yazıb bitirmişdir. Vidadi şair dostu Şəki xanı Hüseyn xan Müştaqın xaincəsinə öldürülməsi münasibətilə yazdığı bu mənzumədə mənsəb, şöhrət düşkünlərinə, nahaq qan tökənlərə lənət yağdırmışdır. Poemada Hüseyn xan çox nəcib, səxavətli, ağıllı, alicənab bir şəxs kimi ədaləti, insanlığı təcəssüm edir.
"Müsibətnamə" əsəri şairin ictimai ədalətsizliyə qarşı ittihamnaməsi idi. "Durnalar" qoşması şairin dünyagörüşünü aydınlaş dırmaqda olduqca əhəmiyyətlidir. Vidadinin "Durnalar" qoşması maraqlı, bənzərsiz bir əsərdir. Şair "qərib qərib", "qəmgin-qəmgin" ötən durnalarla xalqının dözülməz vəziyyəti arasında eynilik, oxşarlıq tapır. "Şirin şirin" oxuyan durnaların səsindən şairin qəlbi "şanə şanə" olur. Şair durnaların "qızıl qana" boyanmasından qorxur, ehtiyat edir.
Vidadi əsərlərində zülm, haqsızlıq və zorakılığa, "gərdişi dövranın kəc rəftarına" qarşı etirazını "dünyanın faniliyi" ilə bildirir. Şairin yaradıcılığında məhəbbət lirikası da xüsusi yer tutur. O, insanın daxili aləminə, psixorlogiyasına yaxşı bələd olan sənətkardır. Vidadi xalq yaradıcılığından, klassik poeziya ənənələrindən səmərəli istifadə edərək gözəl şeir nümunələri yaratmışdır. "Ey həmdəmim, səni qana qərq eylər" deyən şairin kədərinə oxucu da şərik olur. Ədib bədii sözün mənalı, təsirli olması şərtlərinə əməl etdiyindən onun hər bir şeiri kamil sənət nümunəsi kimi ədəbiyyat tarixinə düşmüş, oxucu kütləsinin rəğbətini qazanmışdır.
Vidadi irsinin tədqiqi, nəşr tarixi çox da qədim deyil dir. Şairin əsərləri Salman Mümtaz tərəfindən tərtib edilərək ilk dəfə 1936-cı ildə Bakıda çapdan buraxılmışdır. "Vaqif və sair müasirin", "Azərbaycanda və Qafqaz da məşhur şüəranın əşarına məcmuədir", "Riyazül aşiqin", "Təzkireyi Nəvvab", "Gülzar" və "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı əsərlərdə və təzkirələrdə Vidadinin şeirlərindən nümunələr verilmişdir. Şairin şeirləri bir çox Şərq, rus və digər xalqların dillərinə tərcümə olunmuş, əsərləri 1957, 1977-ci illərdə Bakıda, 1960, 1962, 1972-ci illərdə Moskvada çap edilmişdir.
Alimlər, ədəbiyyatşünaslar F.Köçərli, H.Araslı, A.Dadaşzadə, Məmməd Arif şairin həyat və yaradıcılığına aid əsərlər, məqalələr yazmış, dərc etdirmişlər. Molla Vəli Vidadi şəxsiyyəti, poeziyası xüsusi ehtirama, hörmətə layiqdir. Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Molla Vəli Vidadinin əsərləri kütləvi tirajla çap edilm işdir.
Mənbə: https://portal.azertag.az/az