Salayev Eldar Yunus oğlu 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika üzrə fəlsəfə doktoru (1963), fizika üzrə elmlər doktoru elmi dərəcəsini (1975), professor elmi adını (1979) almış, 1980-ci ildə AEA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə AMEA Fizika İnstitutunda başlayaraq kiçik elmi işçi, elmi katib, laboratoriya müdiri, direktorun elmi işlər üzrə müavini, SSRİ Müdafiə Sənayesi Nazirliyinin Elmi-tədqiqat Tətbiqi Fizika İnstitutunun və sonra Elmi-tədqiqat Fotoelektronika İnstitutunun direktoru, AEA-nın prezidenti (1983-1997), SSRİ xalq deputatı (1984-1992), Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.
E.Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. O, başlıca olaraq yeni mürəkkəb yarımkeçiricilərin alınması, fundamental tədqiqi, onlar əsasında yeni cihazların yaradılması və xalq təsərrüfatına tətbiqi ilə məşğul olmuşdur. Laylı kristallarda və darzolaqlı yarımkeçiricilərdə aldığı yeni fundamental nəticələr çox geniş və xüsusi tətbiq oblastlarına malik, spektrin ultrabənövşəyi görünən və 30 mkm-dək infraqırmızı oblastlarında işləyən fotoqəbuledicilərin, elektron optik çeviricilərin yaradılmasına nail olmuşdur. Rəhbərliyi altında 1973-cü ildə Bakıda xüsusi təyinatlı fotoqəbuledicilər, elektron-optik çeviricilər, elektron mikrosoyuducuları, bu ceviricilərin metrologiyası üçün cihazlar layihələşdirən və tədqiq edən, onların tam istehsalını, sınağını və sənaye miqyasında tətbiqini həyata keçirə bilən keçmiş ittifaqda yeganə Fotoelektronika İnstitutu yaradılmış və qısa müddətdə dünya standartları səviyyəsində yeni fotoqəbuledicilər, gecə görmək üçün elektro-optik çeviricilər, mənfi 120-130°C-dək soyutma verən elektron mikrosoyuducular, metrologiya və ölçmə texnikası sahəsində cihazların müxtəlif təyinatlı növləri işlənilmiş və institutun təcrübə zavodunda tam istehsalı təşkil edilmişdir. Yaradılmış yeni cihazlar keçmiş İttifaqın müxtəlif zavodlarında seriya ilə istehsalata tətbiq olunmuşdur. İnstitutda buraxılan material, cihaz və qurğuların hamısı institutun öz layihələri olmuş, dövlət sifarişi ilə yerinə yetirilmiş və əksər hallarda xüsusi ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulmuşdur. Bu cihazlar Kurçatov adına Atom enerji institutunda termo nüvə sintez zamanı yüksək temperaturlu plazmaya nəzarət qurğusu, lazer nişanlanma sistemi, yerin təbii sərvətlərini tədqiq edən “Kosmos”, “Resurs-01”, “Resurs-09” kosmik aparatları, Mars planeti və onun Fobos peykini tədqiq edən “Fobos” avtomatik stansiyası, müxtəlif markalı və təyinatlı pilotsuz sistemlər, 1984-cü ildə birinci dəfə Moskva şəhəri və vilayətinin istilik xəritəsini çəkən uçan aparat, müxtəlif raket, təyyarə və yerüstü döyüş maşınlarında və s. müvəffəqiyyətlə istifadə olunmuşdur. İnstitutun texnologiyası və iştirakı ilə ilk dəfə olaraq kosmik aparatda çəkisizlik şəraitində müxtəlif yarımkeçiricilərin kristalları göyərdilmişdir.
E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” ordeni və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Dövlət Mükafatı Laureatı, akademik Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.