Azərbaycan rəssamlıq sənətində bir çox ilklər Bədurə Əfqanlının adı ilə bağlıdır. Bədurə Əfqanlı Bakı Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində) təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biridir. O həm də teatr rəssamlığı üzrə fəaliyyət göstərən ilk azərbaycanlı qadın kimi imzasını yazdırmağı bacarıb. Onun ötən yüzilliyin əvvəllərində tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətləri yalnız sənətsevərlər tərəfindən deyil, dövlət səviyyəsində də yüksək dəyərləndirilib. B.Əfqanlı incəsənətin bütün sahələrinə yüksək dəyər verilən, sözün, sənətin qədri bilinən bir ailədə dünyaya göz açıb. Dövrünün tanınmış ziyalılarından olan atası Məlik Ağamalov sənət haqqında söhbətləri ilə övladlarında ədəbiyyata, mədəniyyətə, incəsənətə güclü maraq yaratmış, böyük qızı Səyyarəni heykəltaraşlığa, Bədurəni isə rəssamlığa həvəsləndirmişdi.
Bədurə Əfqanlı 1912-ci il oktyabrın 25-də Bakıda Ağamalovlar ailəsində dünyaya göz açıb. Doğulub, böyüdüyü ailədə doğma şəhərin gözəlliklərinə qarşı heyranlıq, ülvi Vətən sevgisi kiçik yaşlı Bədurənin də duyğularına hakim kəsilib. Yayda Novxanıdakı bağ evinə köçən ailə bir də məktəbdə dərslər başlayanda şəhərə qayıdırdı. Balaca Bədurə gilavarı, xəzrisi ilə dondan-dona düşən Novxanı təbiətinə, gah sakit-sakit ləpələnən, gah da kükrəyib özünü sahildəki qayalara, daşlara çırpan dalğalara, rəngdən-rəngə düşən Xəzərə heyran-heyran baxardı. Kənddə keçirilən dini mərasimlər, milli bayramlar, el şənlikləri, toylar onun xatirəsində silinməz izlər qoyur, mənsub olduğu xalqın özünəməxsus adət-ənənələrinə vurğunluq hissi yaradırdı.
Elə ki, yay tətili başa çatır, orta məktəblərdə dərslər başlayırdı, onlar şəhərə qayıdırdılar. Bədurə bütün yay boyunca gördüklərini, dönə-dönə müşahidə etdiklərini kağız üzərində rənglərlə canlandırmağa çalışırdı. Bir gün çəkdiyi rəsmlər məktəb yoldaşlarının, müəlliminin də diqqətini cəlb etməyə başladı. Məktəb yaşlarından başlayan həmin maraq onu qarşıda gözləyən uzun və əsrarəngiz sənət yoluna gətirib çıxardı. Əvvəlcə, ovaxtkı Bakı Pedaqoji Texnikumuna daxil olsa da, rəssamlığa olan sevgisi onu Bakı Rəssamlıq Məktəbində təhsil almağa, rəngkarlığın bütün sirlərinə peşəkarcasına yiyələnməyə vadar etdi. Beləliklə o, qrafika şöbəsində təhsil almağa başladı. Teatr rəssamı olmaq qərarına gələn Bədurə Əfqanlının gələcək sənət taleyi isə bütünlükdə teatrla bağlı oldu. Hələ diplom işi mövzusu kimi işlədiyi “V.Şekspirin “Otello” faciəsi” işi onu teatr sahəsində daha böyük uğurlara ruhlandırdı.
İlk tərtibat verdiyi səhnə əsəri Rza Əfqanlının (Bədurə Əfqanlının həyat yoldaşı) quruluşçu rejissoru olduğu “Qaçaq Kərəm” tamaşası idi. Onlar uzun illər birgə çalışdılar, bir çox tamaşalara uğurlu səhnə həyatı verdilər. Sevgilərindən güc alan sənət, amal dostluğu bir-birindən rəngarəng və dəyərli işlərin ərsəyə gəlməsinə ilham verdi. Həyat və sənət yoldaşlarının birgə hazırladıqları tamaşalardan “Şeyx Sənan” faciəsi, “Aşıq Qərib” operası, “1905-ci ildə”, “Sevil” pyesləri unudulmaz sənət uğurları kimi yaddaşlara həkk olundu. Hər iki sənətkar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışsa da, doğma Vətən, el-oba sevgisi onları yenidən Bakıya qaytardı. Sənət və həyat yoldaşları olan Rza və Bədurə Əfqanlılar Bakı şəhərində milli incəsənətimizin inkişafına xidmətlərini böyük əzmlə davam etdirdilər.
B.Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dəvət aldığı vaxtdan 1960-cı ilədək burada böyük şövqlə tərtibatçı və geyim üzrə rəssam kimi çalışdı. Həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir sıra tamaşalarına geyim eskizləri çəkirdi. O, öz sənətinə vurğunluğun və sənət məsuliyyətinin yaratdığı tələbkarlıqla daim özünü inkişaf etdirir, işinə yeni çalarlar əlavə edərək teatr rəssamlığımızı zənginləşdirirdi. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyan, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, aparıcı özəlliklərini, geyim tərzini dəqiqliklə araşdıran Bədurə Əfqanlı işinə həssaslıqla yanaşırdı. Məhz buna görə də onun verdiyi tərtibat sadəliyi, ciddiliyi və əsərin mövzusu ilə həmahəngliyi baxımından dolğun təəssürat yaradırdı. Teatr rəssamlığında Bədurə Əfqanlının dəst-xəti özündən sonra neçə-neçə məsləkdaşı üçün cığır açdı, sənət məktəbi oldu.
Onun teatr əsərlərinə hazırladığı dekorasiyalar, eskizlər tamaşaların son dərəcə uğurlu alınmasında önəmli rol oynadı. Bu cəhətdən Cəfər Cabbarlının pyeslərinin uğurlu səhnə təcəssümü özəlliklə səciyyəvi və yaddaqalandır. Həmkarları və sənət tənqidçiləri onun zahiri effektləri, geyimləri seçmə məharətinə, təqdim olunan əsərin məzmununu təbii surətdə açmaq özəlliyinə heyranlığını bildirirdi. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyündə rejissor Adil İsgəndərovla birlikdə hazırladığı “Fərhad və Şirin” tamaşasının Vaxtanqov Teatrında uğurla nümayiş olunmasında bu özəlliyin də böyük rolu vardı.
Bədurə Əfqanlı təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərir, müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkirdi. “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işlədiyi 1960-cı ildən başlayaraq kino sahəsində yaradıcılığını davam etdirən Bədurə xanım burada da böyük uğurlara imza atdı. Kino rassamlığında ilk işinə “Koroğlu” filmi ilə başlayan rəssam sonralar “Leyli və Məcnun”, “Böyük dayaq”, “Dəli Kür”, “Dədə Qorqud”, “O qızı tapın”, “Məhəbbət dastanı” və başqa məşhur kinofilmlərin geyim eskizlərinin müəllifi oldu. Məşhur kinofilmlərin rəssamı kimi tanınan Bədurə Əfqanlı Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işlədi, onların əməkdaşlığından sənətimiz, mədəniyyətimiz ciddi töhfələr qazanmış oldu.
Bədurə Əfqanlı təkcə istedada güvənməyi yanlış hesab edirdi, onun üçün istedad qədər işdən əvvəl dərin araşdırma, diqqətli müşahidə və fədakarcasına zəhmət də sənət uğurunun başlıca amili idi. O, istər teatrda, istərsə kinoda bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyur, həmin dövrün tarixini, mədəni həyatını, geyim tərzini araşdırır, bu haqda zəngin bilgilər toplayır, sonra isə öz işi üzərində yorulmadan, böyük şövqlə çalışırdı.
İşləməkdən zövq alan rəssam həm də rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkirdi. Korifey sənətkar Rəşid Behbudovun başçılıq etdiyi Dövlət Mahnı Teatrının kollektivi də uzun illər konsertlərə onun məsləhət bildiyi geyimlərlə çıxıb.
Onun Azərbaycan milli geyimlərinin özünəxas gözəlliyini sənətin müxtəlif sahələrində təcəlla etdirən və bir çox xalqlara sevdirən yaradıcılığı diqqətləri yüksək səviyyədə cəlb edib, böyük sənət mərkəzlərinin iş təklifi ilə nəticələnib. Təsadüfi deyil ki, respublikamızın əksər bölgələrinə xas geyimlərin, habelə Quzey Qafqazda fəaliyyət göstərən müxtəlif rəqs ansambllarının geyim eskizlərini o çəkib. Azərbaycanın mahnı və rəqs ansambllarının qastrollarda qazandığı uğurlarda onların Bədurə Əfqanlının tikdiyi milli ornamentli geyimlərinin də rolu vardı. Azərbaycan gəlincikləri üçün milli eskizləri də məhz o verib.
Bədurə Əfqanlının ilk fərdi sərgisi Moskvada – “Mosfilm”də uğurla keçib. Son sərgisi isə vəfatından 5 il öncə Bakıda keçirilib. Sənətkarın əsərlərinin çoxu Azərbaycan Dövlət Teatr Muzeyində və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanmaqdadır.
Azərbaycan teatrı və kinosu öz rənglər dünyasının sehri, mistikası üçün Xalq rəssamı Bədurə Əfqanlıya çox şey borcludur. Onun fəaliyyətindən danışarkən böyük istedadı ilə yanaşı, əməksevərliyini, hər zaman axtarışda olmasını, ən incə məqamlara belə diqqət göstərməsini, peşəkarlığını xüsusi qeyd edirlər. Görkəmli rejissorlar, dramaturqlar məhz bu cəhətdən həmişə onunla işləməyə can atıblar. Çünki Bədurə Əfqanlı sənəti ilə tamaşaçını əfsunlaya, rənglər aləminin sehrinə qərq edə bilirdi.
Xalq rəssamı Bədurə Əfqanlı ədəbiyyatımızın klassikləri Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, eləcə də XX yüzil ədəbiyyatımızın görkəmli nümayəndələrindən Mehdi Hüseyn, İlyas Əfəndiyev, Cabbar Məcnunbəyov, Məmmədhüseyn Təhmasib və keçmiş SSRİ-nin tanınmış yazıçılarından Maksim Qorki, Boris Lavrenev, Vadim Sobko və başqalarının əsərlərinin səhnə təcəssümü üçün bədii tərtibat eskizləri işləyib. Onun tamaşalara verdiyi hər yeni bədii tərtibat quruluşçu rəssam kimi dramaturqun təlqin etdiyi ideyanın özünəməxsus şəkildə açılmasına kömək edib. Eyni zamanda, onun teatr rəssamı kimi yüksək peşəkarlıq zövqünün inkişafında da rol oynayıb.
O, həmçinin teatr kostyumlarının hazırlanmasında ən tanınmış mütəxəssis kimi şöhrət qazanmışdı. İncə tapıntıları, zəngin çalarlı əlavələri ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirməsi rəssamın işlərinin emosionallığı, zərifliyi, lirizm aşılayan şuxluğu, poetik təravətini şərtləndirib.
Bədurə Əfqanlının xalq qarşısında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Rəssamlıq sənətində qazandığı uğurlara görə ona “Əməkdar incəsənət xadimi” (1949) və uzun illər səmərəli xidmətlərinə, dərin ideyalı sənət əsərləri yaratdığına, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında böyük xidmətlərinə görə “Xalq rəssamı” (1974) fəxri adları verilib. Görkəmli sənətkar keçmiş SSRİ-nin nüfuzlu ordenlərindən olan “Şərəf nişanı” ordeni ilə təltif edilib.
İlk azərbaycanlı qadın teatr rəssamımız Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib. O, sənətinə bağlı, sənəti ilə xoşbəxt ola bilən bir sənətkar idi. Buna görə də bütün həyatı boyu sənətlə bağlı arzuları bir-birini əvəz etdi və ömrünün sonunadək yaşayıb-yaratmaq eşqi bitib-tükənmədi. Milli geyimlərimizə həsr olunmuş albomu xəstə halında çalışıb hazırladı, amma onu maddi sıxıntılar ucbatından çap etdirə bilmədi.
Mənbə: https://portal.azertag.az/az