
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Samir Əliyevin anası Sevda xanım və nənəsi Cəmilə xanımla müsahibə
Şəhid Samir Əliyev 1999-cu ildə Bakı şəhərinin Xətai rayonunda dünyaya göz açıb. Uşaqlıqdan seçilən zəkası, mədəni davranışı, mehribanlığı və qayğıkeşliyi ilə ailəsinin, müəllimlərinin və ətrafındakı hər kəsin sevimlisinə çevrilib. 55 nömrəli orta məktəbi əla qiymətlərlə bitirən Samir təkcə dərslərində deyil, duruşu, əxlaqı və Vətənə bağlılığı ilə də nümunəvi bir şagird olub.
Anası Sevda xanım deyir ki, Samirin hərbiyə sevgisi təsadüfi deyildi – bu sevgi onun ruhuna uşaqlıqdan hopmuşdu:
Evdə onun uşaqlıq oyuncaqları bu gün də qorunur. Samir hara gedirdisə, mütləq əsgər, tank və ya hərbi təyyarə oyuncaqları alardı. Məktəbə başlamazdan əvvəl belə Azərbaycan himnini əzbər bilirdi. Məzun günündə isə sinif yoldaşları onun köynəyinin üzərinə “hərbçi Samir” yazaraq təbrik etmişdilər. Bu, onun kimliyinin, yolunun və seçimlərinin səssiz etirafı idi.
Samirin Vətənə, torpağa sevgisi ölçüyəgəlməz idi. Orta məktəbdə ona dərs demiş müəllimlər bu gün də onun mehribanlığından, səmimiyyətindən, savadından və yüksək vətənpərvərlik hissindən danışırlar. O, sakit təbiətli, tərbiyəli, imanlı bir övlad idi. Uşaqlıq illərindən namaz qılan Samir hərbi akademiyada oxuduğu müddətdə də ibadətini əsla gecikdirməzdi. Tez-tez deyərdi: “Ana, evdə Qurani-Kərim bağlı qalmasın. Onu oxumaq lazımdır, bu bir məsuliyyətdir.” Samir nə uşaqlıqda, nə də böyüyəndə bizi heç vaxt incitməyib. Ana-bala münasibətləri saf sevgi və dərin bağlılıq üzərində qurulub. “Mən harada olurdumsa olum, fikrimdə həmişə balam idi”.
Samir hərb yolunu şüurlu şəkildə seçmişdi və anasına açıq şəkildə bildirmişdi ki, bu yolda ona mane olmasınlar:
Bir söhbət zamanı isə demişdi: “Ana, inşallah hərbiyə gedəcəm, amma Qarabağ zonasına. İşğal altında olan torpaqlarımızı geri alacağıq.” Bu, bir övladın arzusu deyil, Vətən qarşısında verdiyi səssiz and idi. Hərbiyə başladıqdan sonra Samir tağım komandiri kimi xidmət edib. Hərbi məktəbdə oxuduğu zaman ona orada qalmaq təklif olunsa da, o bu təklifi qəbul etməyib. Onun cavabı qəti və dəyişməz olub: “Mən Qarabağa getmək istəyirəm”. Samir üçün yol da, məqsəd də, son ünvan da bəlli idi — Vətən.
Şəhidlikdən öncə deyilən son sözlər...
Samir müharibəyə gedəndən sonra da bizə daim yaxşı olduğunu deyirdi. Hər zəngində səsi arxayın, sözləri ümid dolu idi. Həmişə deyirdi: “Ana, özünüzdən muğayat olun. Ana, sənə qurban olum.” Mən də cavabında deyirdim: “Bala, niyə elə deyirsən? Bala anaya qurban olar? Mən sənə qurban olum, Samir…”
Sentyabrın 26-da zəng edib dedi: “Ana, mənə halallıq ver.” O an əllərim əsdi, dilim tutuldu, telefon əlimdən yerə düşdü. Ürəyimə sanki ağır bir daş endi. Sonra anamla — Samiri mənimlə birgə böyüdən, onun hər dərdinə, hər sevincinə şərik olan nənəsi ilə danışdı. Ona dedi: “Nənə, sən mənim əziyyətimi çox çəkmisən, haqqını halal et”. Daha sonra sentyabrın 28-də yenidən nənəsi ilə danışdı. Həmin gün yuxuda bacımı gördüm. Görürəm ki, həyətimizin bir başından o biri başına qədər Azərbaycan bayraqları ilə bəzədilib. Öz-özümə deyirəm: “Görəsən nə olub?” Elə bu vaxt bacım yuxuda mənə deyir ki, Samir dünyasını dəyişib… Həmin gecə evimizə zəng gəldi. Atam telefonu götürdü. Xəbəri eşidən kimi infarkt keçirdi. O gün dünyada yaşadığım ən ağır, ən qara gün idi. Samir Suqovuşan–Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Çox istəyirəm balamın şəhid olduğu yerə gedim, torpağını görüm, nəfəsini hiss edim. Ən böyük arzularımdan biri də şəhid oğlumun adının oxuduğu 55 nömrəli məktəbə verilməsidir. Bəlkə o zaman ürəyim bir az təsəlli tapar…Mənim bundan başqa arzum yoxdur. Samir həmin məktəbi ən yüksək nəticə ilə bitirmişdi. O məktəbdə onun izi, nəfəsi, xatirəsi var…
Sevda xanım oğlunun arzularından danışarkən səsi titrəyir, gözləri uzaqlara dalırdı:
Samir ona tez-tez deyərdi: “Ana, narahat olma, hər şeyimiz olacaq. Heç nə üçün əziyyət çəkməyəcəksən” Sanki ömrünü anasının rahatlığına həsr etmişdi. Şəhid olmamışdan bir il əvvəl Sevda xanım böyük bir süfrə açmışdı. Samir də həmin gün ailəsinin yanında idi. Sakitcə yaxınlaşıb anasını qucaqladı və pıçıldadı: “Ana, inşallah gələn ili öz evimizdə keçirəcəyik”. Bəli, o ev indi var… Amma içində Samir yoxdur. Samirin arzuları sadə, amma dərin idi — öz evi, öz yuvası, bir maşını olsun istəyirdi. Lakin bu arzuların hamısından əvvəl qəlbində bir amal vardı: Qarabağın azadlığı. Həmişə deyirdi ki, “Qarabağ azad olunacaq və mən o döyüşdə iştirak edəcəyəm”. Elə bil dili ilə deyil, qəlbi ilə Allaha yalvarırdı ki, o günü görsün. O gün gəldi… Qarabağ azad oldu. Samir də sözünün üstündə durdu. Məhləmizdə onun şəhid olduğu xəbəri yayılanda, təkcə bir ana deyil, bütün bir məhəllə ağladı. Çünki Samir təkcə bir ailənin oğlu deyildi — o, hamının balası idi.
Samir şəhid olandan sonra yuxularıma da gəlib:
İlk dəfə yuxumda mənə dedi: “Ana, mən şəhidlik üçün dünyaya gəlmişdim.” Sanki bu taleyi əvvəlcədən bilirdi…Samir nişanlı idi. Arzumuz vardı ki, müharibə bitəndən sonra toyunu edək, sevincini görək. Amma o, son telefon zəngində nişanlısına demişdi: “Mən bayrağa bükülü gələcəyəm. Məni şan-şöhrətlə qarşılayarsınız”. Elə bil hər şeyi hiss edirdi, hər şeyi bilirdi. Həmişə fikirli, özünə qapanan, sakit bir oğul idi Samir. Bilirəm ki, şəhidlik ən uca məqamdır. Samir cənnət üçün doğulmuşdu. O, cəmi 21 yaşında ən ali zirvəyə – şəhidlik zirvəsinə ucaldı. İndi də bəzən çox narahat olanda yuxularıma gəlir. Hər gəlişində susur, yalnız baxır… O baxışlarda həm təsəlli var, həm də sonsuz bir məhəbbət. Şəhid olandan 40 gün sonra yenə yuxuma gəldi. Başımı sığalladı və dedi: “Ana, sən çox darıxırsan. Özünü darıxdırma…”. Mən necə darıxmayım? Bir ana balasına necə darıxmaz? Bir saniyə belə ağlımdan çıxmır. Samir mənim nəfəsimdə, dualarımda, yuxularımda yaşayır…
Sevda xanım oğlunun döyüş yoldaşlarının fikirlərini bizimlə bölüşüb:
Samirin döyüş yoldaşları onun haqqında daim ürək dolusu, böyük fəxrlə danışırlar. Deyirlər ki, döyüş zamanı Samir hamını ruhlandıraraq: “Hər şey yaxşı olacaq, biz irəli getməliyik” söyləyərdi. Onun heç nədən qorxusu yox idi.
Döyüş yoldaşlarından biri xatırlayır ki, Samir ayağından yaralı olmasına baxmayaraq, bir silahdaşını hospitala aparıb. Həkimlər ona qayıtmamağı tövsiyə etsələr də, Samir belə cavab verib: “Məni əsgərlərim gözləyir. Onların gözü yolda qalıb. Mən onları necə tək qoya bilərəm? Axı onlar məni gözləyir”. Döyüş yoldaşlarının sözlərinə görə, Samir çox güclü iradəyə, möhkəm xarakterə sahib idi. Elə təsir bağışlayırdı ki, sanki illərin hərbçisi idi. O, mənə tez-tez deyirdi: “Ana, şəhidlik dünyanın ən ali rütbəsidir.” Hətta qeyd dəftərində belə yazmışdı: “Məktəbdə beş qiyməti almışam, arzu edirəm ki, Allahın yanında da beş qiyməti alım”. Bu arzularla yaşayırdı. Hər insan bu fikri dilinə gətirə bilməz. Bilirəm ki, balam ən gözəl yerdədir. Allah seçilmiş bəndələrini öz dərgahına aparır. Samir namazlarını əsla gecikdirməzdi. Ətrafındakı insanlar arasında böyük hörmət qazanmışdı. Bir qarışqanı belə incitməzdi. Samirimi bütün qəlbimlə yaşadıram və hər zaman da yaşadacağam. Balamla həmişə fəxr etmişəm. Son nəfəsimdə də Samirin adını çəkərək canımı Allaha tapşıracağam. İnanıram ki, bir gün balamla cənnətdə qovuşacağam.
Sevda xanım deyir ki, Samirin şəhid olacağını əvvəlcədən hiss edib:
Müharibə başlayandan içimdə qəribə bir narahatlıq vardı. Bu hisslər tez-tez məni bürüyürdü. Sanki duyurdum ki, Samir bir daha bu həyatda olmayacaq. Amma çalışırdım bu fikirləri özümə yaxın buraxmayım. Bizə zəng edəndə deyirdi: “Ana, burada hər şey yaxşıdır. Siz özünüzdən muğayat olun”. Lakin həmin günlərdə gecələr gözümə yuxu getmirdi. Anamla ikimiz yerimizdə vurnuxur, sanki hər an qapı açılacaq və bizə acı bir xəbər veriləcəkmiş kimi yaşayırdıq. Ürəyimin get-gedə daha sürətlə döyünməsi, baş ağrılarım, gecə yuxusuzluqlarım… Sonradan anladım ki, bunların hamısı bir işarə imiş. O günlərin ağrısını sözlə ifadə etmək çox çətindir. Sentyabrın 29-u səhər saatlarında balamın şəhidlik xəbərini aldıq…”
Şəhidimizin nənəsi Cəmilə xanım nəvəsi Samir haqqında fikirlərini bizimlə bölüşüb:
İlahi, Samir nəvəmin məhəbbətini ürəyimə elə salmışdı ki, onu bir an belə yaddan çıxarmaq olmur. Samir müharibəyə getməzdən əvvəl üç günlük icazə ilə evə gəldi. O üç gün bizimlə oldu, amma sanki bizdən qaçırdı, gözlərimizə baxmırdı. Gedərkən bərk-bərk qucaqlaşdıq, addım atmışdı ki, yenidən dönüb qucaqlaşdıq. Dedi: “Nənə, anamı sənə əmanət verirəm. Nənə, mənə necə baxmısansa, anama da o cür bax”. Mən ona dedim: Samir, nənəqurban, bu nə sözüdür? Allah qoysa, yenə gələcəksən evimizə. Samir isə qətiyyətlə cavab verdi: “Bəli nənə, bəli” və alnımdan öpüb getdi. Sentyabrın 28-də zəng etdi. Səsini eşidən kimi dedim: Samir, sənə qurban olum. Həm də ağlayırdım. O isə sakit bir səslə söylədi: “Nənə, zəng etməyimə məni peşman etmə, axı sən Samirin nənəsisən. Nənə, ağlama. Hər şey qaydasındadır”. Mən telefeonda ağlaya-ağlaya dedim: Bala, nə vaxt gələcəksən? Samir cavab verdi: “Nənə, bu yol elə bir yoldur ki, bu yolda qazilik də, şəhidlik də var. Mən bu yolu seçmişəm, ona görə hər şeyə hazır olmalıyam. Samirə torpaq lazımdır, torpağa da Samir kimilər lazımdır”. Bu sözlər güclü iradə və hünər tələb edir. Samirdə olan hünəri, gücü, Vətən və torpaq sevgisini sözlə ifadə etmək mümkün deyil. Qızım Sevda dedi ki, ana, saat 3-4 arası yuxu görmüşəm: həyətimizdə çoxlu insanlar və əllərində bayraqlar dalğalanır, həyət başdan-başa bayraq ilə örtülmüşdü. Dedim ki, Sevda, sevinəcəksən. Az sonra Samir zəng elədi və dedi ki, yaxşıyam. Sentyabrın 28-i axşamı anası ilə danışdı. Qızım haldan-hala düşmüşdü. Tez telefonu aldım, baxdım Samir nə deyir. O mənə dedi: “Nənə, sən mənim əziyyətimi çox çəkmisən, zəhmətini mənə halal elə”. Mən isə dedim: Sənə qurban olum, Samir, niyə belə deyirsən? Sonra telefon kəsildi və cavab gəlmədi. Sentyabrın 29-u isə Samir özü və əsgəri yaralanmış halda hospitala aparsa da, özü geri dönmüşdü. Xilas etdiyi əsgər Nicat 8 Noyabr Zəfər günü bizə gəldi və dedi: “Nənə, mən Samirin xilas etdiyi həmin əsgərəm. Onun qəhrəmanlığından nə qədər danışsaq da az olar”.
Sentyabrın 29-u axşamdan başlayaraq biz həyəcan içində idik. Samirimə Suqovuşan ərazisindəki postu qorumaq tapşırığı verilmişdi. Döyüş yoldaşı deyir: “Samir həmin postu elə qorudu ki, elə bil illərin təcrübəli zabitidir. Düşmənin tank və qoşunlarını geri çəkilməyə məcbur etdi. Əgər Samir o postu qoruya bilməsəydi, Talış kəndi düşmən əlinə keçəcəkdi. Lakin Samir, dörd əsgər və öz canı bahasına oranı qorudu”. Samir öncədən əsgərləri ilə birgə qumbaraları hazırlamışdı. Həmin əsgərlər şəhid olduqdan sonra qumbaraları götürüb neytral zonaya keçib. Qumbaralarla tankı və 7-8 düşmən qüvvəsini geri çəkilməyə məcbur edib. Samirin hünəri, vətənpərvərliyi və qətiyyəti sözlə ifadə olunmaz. O, torpaq və Vətən üçün doğulmuş bir qəhrəmandır”.
Şəhidimizin nənəsi Cəmilə xanım nəvəsi ilə bağlı unudulmaz xatirəsini bizlə bölüşüb:
Samir 10-cu sinifdə oxuyurdu. Onu hər gün bağrıma basırdım. Biz eyni otaqda yatırdıq. Bir gecə gördüm ki, Samir narahatdır, gah bu yana, gah o yana çevrilir, yata bilmir. İşığı yandırıb soruşdum: “Nə olub, nənə qurban?” Dedim ki, dərdini mənə danışmasan, ürəyin rahat olmaz. Danış, bir çarə tapaq. O, uzandığı yerdən qalxıb dedi: “Nənə, sevdiyim qızdan küsmüşəm” Mən dedim: Nənə qurban, biz də babanla cavanlıqda o qədər küsüb-barışmışıq, onu niyə ürəyinə salırsan? Samir isə əminliklə dedi: “Nənə, indi biz barışacağıq.” Mən də cavab verdim: Əlbəttə, barışacaqsınız. Həyatında belə hallar tez-tez olacaq. Universitetə qəbul olarkən Samir anasına demişdi ki, “Nənəmə deyərsən, istədiyim qıza elçi getsin.” Biz də onun arzusunu yerinə yetirdik, istədiyi qızın qapısına getdik və üzük taxdıq. Lakin Samir şəhid olduqdan sonra bütün bu arzuları ürəyində qaldı.
Cəmilə xanım nəvəsinin şəhid olacağını öncədən hiss etdiyini deyib:
Samir müharibədə olarkən sanki evin divarları üstümə gəlirdi. Nə evə, nə də həyətə sığa bilmirdim. Ürəyimə Samirin şəhid olacağı ilə bağlı fikirlər gələndə dərhal qonşuya gedirdim ki, özümü toparlayım, fikrimi dağıdım. Söz sözü çəkir deyə bir məqamı da xatırlatmaq istəyirəm. Samirdən 3–4-cü siniflərdə oxuyarkən soruşmuşdular ki, kim olacaqsan? O da demişdi ki, bank işçisi. Biz də onu iqtisadiyyata hazırlaşsın deyə hazırlığa qoyduq. Lakin bir gün gəlib dedi: “Nənə, sənə bir söz deyəcəyəm, amma məni o arzumdan saxlama”. Soruşdum ki, nədir, nənəqurban? Dedi: “Nənə, sənədlərimi hazırlayıb hərbiyə vermək istəyirəm”.
Həmin vaxt ona dedim ki, onda Samir, sən ən ali rütbə olan general olacaqsan və general rütbəsi ilə mənim qəbrimi ziyarət edərsən. Bir az dayandı və dedi: “Nənə, kim dedi ki, ən ali rütbə generaldır? Rütbələrin ən alisi şəhidlikdir. Şəhid həm bu dünyanın, həm də o dünyanın generalıdır”.
Hətta müharibəyə gedəndə nişanlısına da demişdi: “Bayrağa bükülü qayıdacağam. Məni şan-şöhrətlə qarşılayın”. Sentyabrın 28-də mənimlə danışdı. 29-da isə qumbaralarla neytral zonaya keçərək düşməni tankı ilə birlikdə geri çəkilməyə məcbur ediblər. Samir dörd əsgəri ilə birlikdə Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə şəhid oldu. Oktyabrın 15-də Samirimin cənazəsini bizə gətirdilər. Biz ömürlük ona həsrət qaldıq. İndi onun xəyalları, xatirələri ilə yaşayırıq. Biz sanki canlı ruhlarıq — varıq, həm də yoxuq. Bunu heç vaxt unutmuram. Uşaq vaxtı anası onu geyindirib məktəbə yola salanda yanıma gələrdi ki, “nənə, məni qucaqla”. İndi həmin anlar yadıma düşür və ürəyim ağrıyır. Onun şəkillərini, paltarlarını indi qoxlayıb bağrıma basıram. Həmişə deyirdim ki, sənsiz mən nə edərəm? İki ay əvvəl Samir yuxuma gəlmişdi. Dedi ki, “nənə, bilirsən sənsiz nə qədər darıxıram”.
Elə biz də Samir kimi igid oğullarımızın əbədiyaşar ruhu ilə təsəlli tapırıq. Bilirik ki, ölkəmizin hər guşəsində Samir kimi qəhrəman, cəsur qardaşlarımızın ruhu dolaşır. Torpaqlarımızın hər qarışında onların izi, nəfəsi, varlığı duyulur. Müsahibəni bitirib şəhid qardaşımızın evinin qapısından çıxanda sanki zaman bir anlıq dayanmışdı. Ayaqlarım mərtəbədən addım-addım yerə toxunarkən, evin hər küncündəki xatirələr, səmimi sözlər və Samirin şəkillərdəki gülüş dolu siması mənimlə idi. Çölə çıxanda qışın soyuq küləyi üzümə dəydi, amma ürəyim hələ də evin içində, onun hər anı ilə dolu idi. Hər addımda Samirin nənəsinin kövrək, yumşaq səsi və anası Sevda xanımın dərindən hiss olunan kədəri mənimlə gedirdi. Bu an, həyatın və itkinin, sevginin və həsrətin iç-içə keçdiyi bir an idi — sanki zamanın, məkanın və xatirələrin özü nəfəs alırdı. Şəhidlərimizin ruhu hər zaman qəlbimizdə yaşayır. Onların qəhrəmanlığı və fədakarlığı gələcək nəsilərə işıq olur. Vətən üçün canını fəda edən igidlərimizi daim hörmət və sevgi ilə yad edirik. Unutmadıq və unutdurmarıq!
Fəridə Ağazadə
Jurnalist













LIVE







AZ
TR
RU
EN











