XIX əsr qadın aşıqlarından olan Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib.
Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və “Fəna” təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb. Savadına görə ona “Mirzə Fatma xanım” deyərdilər.
XIX əsr təzkirəçiləri və XX əsr ədəbiyyat tədqiqatçıları tərəfindən adı xüsusi hörmət və ehtiramla çəkilən Fatma xanım Kəminə Qarabağın üçüncü qadın şairi olub. Həyat və yaradıcılıqları qismən öyrənilmiş bu üç şairə klassik irsimizin ən görkəmli nümayəndələridir: Aşıq Pəri, Xurşidbanu Natəvan və Fatma xanım Kəminə. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.
1971-ci ildə məhz Əzizə xanım Cəfərzadənin təşəbbüsü ilə “Fatma xanım Kəminə” adlı kiçik bir kitabça işıq üzü görmüş, orada da şairənin qəzəl, qitə, qoşma və ona həsr olunmuş şeirlərdən nümunələr daxil edilmişdir. Fatma xanım Kəminənin qəzəllərinin əsas mövzusu məhəbbət, onun saflığı, təmizliyi və gözəlliyi idi. Əsasən aşiqanə qəzəllər yazan, hicrandan, vüsaldan bəhs edən Fatma xanım Kəminənin şeirlərində həmişə bir ümid, inam qanadlanırdı. Firudin bəy Köçərli Fatma xanım Kəminəni “nadireyi zəmanə” saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir. Fatma xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrində az da olsa məlumat vardır.
Məsələn, Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində Kəminə xanım haqqında məlumat verərkən bildirmişdir ki, o, dörd yüzə yaxın şeir yazmışdır. Fatma xanım Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi “Məclisifəramuşan”da yaxından iştirak etmişdir. O, şairə Natəvanın başçılıq etdiyi “Məclisi-üns”ədəbi məclisin üzvləri ilə yaxın olmuş, onlarla şeirləşmişdir. Həyat yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə indiki Füzuli rayonunun Saracıq kəndindən idi. Onların Əşrəf bəy və Rəşid bəy adlı iki oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub. Fatma xanım Kəminə iflic xəstəliyindən 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir