Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur.
Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" qəzəti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzətin (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran "İşıq" qəzətində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar "İşıq"ın ətrafında böyük bir ümidlə birləşmişdilər. X.Əlibəyova "İşıq"qəzeti "Hüquqlarımız" sərlövhəli silsilə məqalələr yazmışdır. Qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. onun publusistik məqalələrinin əsas mövzusu idi. 1912-ci ildə "İşıq" qəzəti fəaliyyətini dayandırdıqdan sonra Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə Əlibəyova Şəkiyə köçərək həkim-ginekoloq işləmişdir. 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkim-ginekoloq kimi fəaliyyət göstərən xanım Xədicə Əlibəyova burada, həmçinin, savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak etmiş, ömrünün sonuna yaxın Bakıya qayıtmışdır. 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.