Milli teatrın formalaşmasında əvəzsiz rolu olan sənət fədaisi Əməkdar artist Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra təhsilini Realni məktəbdə davam etdirib. Sənətə, musiqiyə olan böyük marağı uşaq yaşlarından onu teatra gətirib çıxarır. Belə ki, o dövrdə məktəb müəllimləri və ziyalılar tərəfindən dram və xor dəstələri təşkil olunurdu.
Şuşanın mədəni həyatının inkişafına müsbət təsir göstərən bu ideyalar Nəcəf bəy Vəzirov, Haşımbəy Vəzirov, Yusif bəy Məlikhəqnəzərov, Mirzə Muxtar Məmmədov, Firidun bəy Köçərli, Yusif bəy Axundov, Həsənəli Sarıcalinski, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy , Zülfüqar bəy, Ceyhun bəy Hacıbəyli qardaşları və başqalarının təşəbbüsü ilə ərsəyə gəlirdi. Əsas məqsəd isə milli teatrın və operanın inkişafı, habelə parlaq istedadların üzə çıxarılması idi. Beləcə dövrün ziyalıları və fədailəri bir məslək ətrafında toplanaraq milli mədəniyyətimizin inkişafı üçün əllərindən gələni əsirgəmirdilər. Həmin dövrdə hələ tələbə olan M.Muradov da müəllimlərinin dəvəti ilə bu cür dram və xor dəstələrinin tərkibində şəhərdə təşkil olunan tamaşalarda, konsertlərdə və müsamirələrdə iştirak edirdi. Aktyorun öz xatirələrindən bəlli olur ki, o, nəinki tamaşalarda həvəskar aktyor kimi rol alır, hətta tamaşanın ərsəyə gəlməsi üçün ona tapşırılan əlavə işləri də təmənnasız həyata keçirirdi. M. Muradov səhnəyə ilk dəfə 1897-ci ildə Şuşada Xandəmirovun zalında oynanılan M.F.Axundzadənin “Hacı Qara” komediyasında Bədəl obrazı ilə çıxır. Tamaşa Şuşada böyük müvəffəqiyyət qazanır, bu da özlüyündə gənc Muradı ilhamlandırır, onun həyatda öz yolunu seçməyinə təkan verir. Beləliklə o, 1900-cü ildə Bakıya gəlir və 1919-cu ilədək “Müsəlman dram artistləri cəmiyyətin”ndə, “Artistlər şirkəti”ndə, H.Sarabskinin "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə, “Nicat” və “Səfa" cəmiyyətlərinin teatr truppalarında aktyorluq edir. Çox çəkmir ki, onun səhnədəki bacarığına hələ Şuşadan yaxşı bələd olan Əbdürrəhim bəy Haqverdiyev tərəfindən əsas rollara dəvət alır. Dramaturq onu özünün yenicə yaratdığı “Bakı müsəlman dram truppası”na götürür. M.Muradov bu dəstədə Cahangir Zeynalov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Salah bəy Sadıqbəyov, Mehdi bəy Hacınski kimi dövrünün ən görkəmli teatr fədailəri və ziyalıları ilə çiyin-çiyinə çalışır.
O, 1901-ci ildə Ə.Haqverdiyevin quruluş verdiyi Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Fəxrəddin rolunu ifa edir. Hər yeni məsuliyyətli rol ilə günü-gündən bir peşəkar kimi püxtələşən aktyor 1919-cu ildən indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunur. Həmçinin 1920-30-cu illərdə bir müddət müəyyən fasilələrlə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, müxtəlif təbliğat və təşviqat briqadalarında da işləyir. 1931-ci ildən yenidən indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına geri qayıdan sənətkar bu sənət ocağının səhnəsində Rza Təhmasib, Mustafa Mərdanov, İsmayıl Hidayətzadə, Rza Əfqanlı, İsmayıl Osmanlı, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Möhsün Sənani və başqa qüdrətli səhnə ustaları ilə tərəf-müqabili olur. Aktyor teatr fəaliyyəti boyunca həm milli, həm də rus və qərb dramaturgiyasının ən seçmə nümunələrində istər əsas, istərsə də ikinci dərəcəli müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb. N. Vəzirovun “Hacı Qəmbər”, N.Nərimanovun “Nadir şah”, M.F.Axundzadənin “Lənkəran xanın vəziri”, “Hacı Qara”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, C.Cabbarlının “Dönüş”, “Yaşar”, H.Cavidin “İblis”, C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Vaqif”, Ş.Saminin “Dəmirçi Gavə”, N.Qoqolun “Müfəttiş”, “Evlənmə”, F.Şillerin “Qaçaqlar”, U.Şeksprin “Otello”, A.Puşkinin “Dubrovski”, N.Hikmətin “Türkiyədə”, P.Bomarşenin “Fiqaronun toyu” və s. tamaşalarda oynadığı Cəbi, Rzaqulu xan, Hacı Məsud, Xəlil yüzbaşı, Həmzə bəy, Çingiz, Xudayar, Mürsəlqulu, ərəb zabiti, Heydər ağa, Əhməd kişi, Pərviz, Bobçinski, Koçkaryov, Karabkin, Şpigelberq, Kassio, keşiş Anton, həkim, Don Qusman Bridduazon kimi obrazlar onun zəngin repertuarının bir hissəsini təşkil edir.
Azərbaycan milli teatrının yaranması və inkişafında bir çox korifeylərlə yanaşı, M. Muradovun da böyük əməyi olub. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyor kimi teatr tarixinə adını qızıl hərflərlə yazdırmağa müvəffəq olub. 1933-cü ildə o dövr üçün SSRİ-nin ən ali mükafatlarından sayılan Əmək Qəhrəmanı adına layiq görülüb. Bundan əlavə, o, Azərbaycan peşəkar teatrının 75 illik yubileyi münasibətilə 21 iyul 1949-cu ildə əməkdar artist fəxri adı ilə təltif olunub. Onu da qeyd edək ki, Murad Muradov Əməkdar artist Qaflan Muradovun doğma qardaşıdır. Azərbaycan xalqının tanınmış soylarından biri Muradovlar nəslinin məşhur nümayəndələridirlər.
Ömrünün sonunadək səhnədən ayrılmayan, milli peşəkar teatrımızın formalaşmasında əvəzsiz xidmətləri olan Murad Muradov 1964-cü il noyabr ayının 2-də Bakı şəhərində vəfat edib.