Xalq artisti Sədayə Mustafayeva 1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb.
Sonradan Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qalereyası yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib.
1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi dəvət alıb. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar yaradıb. "Vaqif"də Xuraman, Gülnar, "Aydın"da Gültəkin, "Pəri Cadu"da Pəri, "Solğun çiçəklər"də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanım, "Xurşidbanu Natəvan"da Natəvan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.
Xalq artisti S.Mustafayeva, həmçinin Azərbaycan filmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinematoqrafçılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filmlərini misal göstərmək olar. 1958-ci ildə "Əməkdar artist", 1981-ci ildə isə "Xalq artisti" fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.
Sədayə Mustafayeva 2004-cü il avqustun 13-də Gəncə şəhərində vəfat edib.