1939-cu ilin əvvəlində Həzi Aslanov Kiyev Hərbi Dairəsində yeni yaradılan 4-cü mexanikləşdirilmiş korpusa daxil edilən 10-cu tank diviziyası 10-cu atıcı alayının avtonəqliyyat batalyonuna komandir əvəzi, bir az sonra isə komandir təyin edildi və kapitan rütbəsi aldı.
İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1939-cu ilin sonunda o, Finlandiya ilə başlayan hərbi münaqişə ilə əlaqədar Kareliyaya göndərildi. Tankçılar onun komandirliyi ilə Mannerheym səddini aşmaqda və digər döyüş əməliyyatlarında iştirak etdilər. Sovet qoşunlarının qələbəsi nəticəsində 12 mart 1940-cı ildə SSRİ Finlandiya arasında sülh müqaviləsi imzalandı. Aslanov əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarıldı. 1940-cı ilin noyabrında Aslanova mayor rütbəsi verildi.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci il avqustun əvvəlində tank batalyonu komandirlərindən biri sıradan çıxanda Həzi Əhəd oğlu 10-cu tank diviziyası komandirinin əmri ilə onun yerinə keçirildi. Bu əslində, batalyon deyil 12-15 müxtəlif BT-5, BT-7, T-26 tipli, bir neçə T-34 tankından ibarət kiçik qrup idi. Bu atıcı bölmələrlə birlikdə döyüşür, onların irəliləməsinə şərait yaradırdı.
Avqustun ortalarında 10-cu tank diviziyası 6-cı ordunun tərkibində Kiyevin şimal-şərqinə keçirildi. Burada almanlar Ukrayna paytaxtına şimal-şərqdən daxil olmağa, cənub-qərb və cənub cəbhələrini əsas qüvvələrdən ayrı salmağa cəhd edirdilər. 20-ci tank alayı Həzi Aslanovun rəhbərliyi ilə 10-cu tank diviziyasının tərkibində Şostka, Baxmaç, Piryatin rayonlarında düşmənin tank hissələri ilə qanlı döyüşlər aparırdı. Bu döyüşlərdə Həzi Əhəd oğlu sağ ayağından güllə yarası almış, bir dəfə isə qəlpə ilə başından ağır yaralanmışdı. Batalyonun tankları tamam sıradan çıxandan sonra Həzini cəbhədən ehtiyat alaya çağırdılar. 1941-ci il sentyabrın əvvəllərində əvvəlki 10-cu atıcı alaya təyin olundu – bu dəfə komandirin texniki hissə üzrə müavini oldu. Bu vəzifədə o, Piryatin, Axtırka, Boquduxov, Xarkov rayonlarında döyüşdü. 1941-ci ilin sonu, 1942-ci ilin əvvəllərində Rostov-Don altında, Moskva ətrafında, Tixvin və Leninqrd istiqamətlərində düşmən birləşmələrinə sarsıdıcı zərbələr vurulmasında iştirak etdi. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Şücaətinə görə ilk döyüş təltifini – “Qırmızı ulduz” ordenini aldı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həzi Aslanovun da tərkibində yer aldığı koprus 3-cü Stalinqrad qvardiya korpusu adına layiq görüldü. Korpusun tərkibindəki bütün hissələr də qvardiya titulu ilə mükafatlandırıldı və onlara yeni nömrələr verildi. Həzi Aslanovun 55-ci tank alayı isə 41-ci əlahiddə tank alayı adlandırıldı.
O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o яirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun "Sərkərdənin taleyi" adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu…Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdəm. O dedi: “H.Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”. Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib”. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqramyan təşkil etmişdir. Çünki, H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olmuşdur. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılmışdır. 1969-cu ildə Həzi Alanovun doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılmış, 1983-cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində böyük heykəli qoyulmuşdur. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır. Bərdə şəhərindəki küçələrdən biri Həzi Aslanovun adını daşıyır.