Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin aparıcı elmi işçisi, f.-r.ü.f.d. Namiq Quliyevin müəllifi olduğu məqalə Oksford Universiteti tərəfindən dərc olunan “The Quarterly Journal of Mathematics” jurnalında çap olunub.
“Bessel tipli sinqulyarlıqlar və spektral parametrdən asılı olan sərhəd şərtləri bir medalın iki üzüdür” adlı məqalədə göstərilib ki, Bessel tipli sinqulyarlıqlara spektral parametrin “mənfi sayda polyusu olan” rasional Nevanlinna funksiyasından asılı sərhəd şərtləri kimi yanaşmaq olar. Daha dəqiq desək, hər bir uc nöqtəsində ya Bessel tipli sinqulyarlığı, ya da spektral parametrin rasional Nevanlinna funksiyasından asılı olan sərhəd şərti olan birölçülü Şrödinger operatorlarına vahid şəkildə baxılıb və bu cür məsələlər arasında Darbu tipli çevirmələr təyin olunub. Xüsusi halda, bu çevirmələr sərhəd şərtlərində spektral parametr olan məsələlərə aid hər hansı spektral nəticəni Bessel tipli sinqulyarlığı olan məsələlər üçün almağa (və ya əksinə) imkan verir.
Aydınlar.az