“Economics and Environment” jurnalında Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin diplomatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Yusif Hüseynovun elmi məqaləsi dərc olunub.
Aydınlar.az xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası və dayanıqlı inkişafı” adlı məqalədə ölkəmizin regionlarının sosial və iqtisadi inkişafını sürətləndirən dövlət proqramlarının nəticələri təhlil edilib, onların əsas vəzifələrindən olan ekoloji təhlükəsizlik, iqlim dəyişikliyi, təbii ehtiyatlardan məsuliyyətli istifadə, davamlı və balanslı inkişaf, həmçinin sosial rifah sahələrində əldə edilən uğurlar araşdırılıb.
Yazıda 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramının icrası BMT-nin həm “Davamlı İnkişaf Məqsədləri: Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi”, həm də “Fəlakət Riskinin Azaldılması üzrə Senday çərçivə sənədi” kontekstində tədqiq edilib. Bu mənada, Y.Hüseynov risklərin azaldılması strategiyası ilə regionların dayanıqlı inkişafının paralel şəkildə təhlilini aparıb, bu çərçivədə Azərbaycanda regionların inkişafının dayanıqlılıq strategiyasından ətraflı bəhs edib.
Qeyd edək ki, “Economics and Environment” jurnalı dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics”də (əvvəlki adı ilə "Thomson Reuters") “Emerging Source Citation Index” (ESCI) siyahısına daxildir.