“Garant Media Holding”in daha bir uğuru.
Azərbaycanın azyaşlı oxucuları dünyaca məşhur “National Geographic Kids” jurnalını artıq öz doğma dilimizdə oxuyacaqlar.
Aydınlar.az xəbər verir ki, bir neçə uğurlu media layihələri idarə edən “Garant Media Holding”in nümayəndələri “National Geographic”in ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən baş ofisində “National Geographic Kids” uşaq jurnalının Azərbaycanda, doğma dilimizdə dərc olunması ilə bağlı müqaviləyə imza atıb.
İmzalanma mərasimi noyabrın 12-də baş tutub.
İmzalanma mərasimində “Garant Media Holding”in İdarə Heyətinin sədri Elnur Baimov və “National Geographic” Cəmiyyətinın vitse-prezidenti Terri Adamson (Terry Adamson) iştirak ediblər.
“National Geographic Kids” uşaq jurnalı ABŞ-da 1975-ci ildən bəri nəşr olunmağa başlayıb.
Hazırda 16 ölkədə nəşr olunan dərgi “National Geographic” jurnalının özü qədər maraqlı və məlumatvericidir.
Jurnal 6-14 yaş arasında uşaqlar üçün nəzərdə tutulub. “National Geographic Kids”də heyvanat aləmi, elmi yeniliklər, dünya ölkələri, uşaq ədəbiyyatı, uşaq filmləri və s. haqqında məlumatlar dərc olunur.
“National Geographic Kids” jurnalı da bu qəbildən olan digər jurnallar kimi, “National Geographic” Cəmiyyətinə məxsusdur. “National Geographic” Cəmiyyəti dünyada ən iri elmi və maarifləndirici qeyri-kommersiya təşkilatıdır.
Cəmiyyətin işinin məqsədi insanları planetin qayğısına qalmağa, ətraf mühiti qorumağa, dünyanın gözəlliyini qiymətləndirməyə sövq etməkdir. “National Geographic” öz oxucularını jurnalların, televiziya proqramlarının, kitabların, xəritələrin, sərgilərin və müxtəlif tədbirlərin köməyi ilə dünya ilə tanış edir. Təsis edildiyi 1888-ci ildən Cəmiyyət 10.000-dən artıq təbiəti mühafizə və geoloji-tədqiqat, elmi-tədqiqat layihələrini maliyyələşdirib, coğrafi biliklərin yayılmasına yardım edərək təhsil sahəsində proqramları dəstəkləyib.
Xatırladaq ki, martın 3-də Vaşinqton şəhərində dünyanın ən tanınan jurnallarından biri sayılan “National Geographic” jurnalının Azərbaycan dilində nəşr olunması barədə müqavilə imzalanmışdı. Hazırda “National Geographic Azərbaycan” jurnalının üç sayı nəşr olunub.
Qeyd edək ki, “National Geographic” brendinin Azərbaycana gətirilməsi, dünyaca məşhur jurnalın doğma dilimizdə dərc olunması işində Anar Məmmədov tərəfindən təsis olunmuş və ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansı mühüm rol oynayıb.
“National Geographic” jurnalının Azərbaycanda dərc edilməsi üzrə işlər məhz uzun müddətdir ki, ABŞ-da Amerika və Azərbaycan arasında mədəni əlaqələrin yaxşılaşdırılması, xalqlarımız arasındakı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi sahəsində böyük işlər görən Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə başlayıb və artıq bu gün doğma dilimizdə dərc olunan jurnalın artıq 3-cü sayı işıq üzü görüb.