Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənub-Cənub Şəbəkəsi Ofisi tərəfindən nəşr olunan “Dayanıqlı İnkişaf üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr” jurnalda “Azərbaycanda dövlət xidmətlərində mükəmməllik – "ASAN xidmət" təcrübəsi” adı altında geniş məlumat dərc olunub.
Aydınlar.az bildirir ki, Nəşrdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə edilməsi istiqamətində prosesi sürətləndirmək üçün qurumların bu sahədə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilir. Bununla əlaqədar nəşrdə yer alan layihələrin və uğurlu təcrübələrin digər ölkələr tərəfindən öyrənilməsi tövsiyə olunur.
Sözügedən nəşrin DİM 16 (sülh, ədalət və güclü institutlar) bölməsində Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətinə dair məlumatlara ətraflı yer verilib. "Heç kimi arxada qoymamaq" prinsipinə əsaslanaraq şəffaf və effektiv dövlət xidmətlərinin göstərilməsinin Azərbaycan Hökumətinin əldə etdiyi əhəmiyyətli uğurlardan biri olduğu oxuyucuların diqqətinə çatdırılıb.
Bundan əlavə "ASAN xidmət"in dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən qabaqcıl layihələrdən biri olduğu vurğulanıb və beynəlxalq sahədə əldə olunan uğurlara xüsusi yer ayrılıb. Məlumatda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatını, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatını əldə etməsinə toxunulur.
Həmçinin “ASAN xidmət” təcrübəsinin İndoneziya, Monteneqro, Uqanda, Mərakeş, Özbəkistan kimi ölkələrdə tətbiqinin önəmindən bəhs olunur.