Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayəsi və tərbiyəsi altında böyüyüb.
Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir.
Xaqani gənc yaşlarından başlayaraq gözəl şeirlər yazmışdır. "Uşaqlıqdan adətim bu olmuşdur ki, inciyim, inciməyim". O, həmişə inamın, həqiqətin, gözəlliyin carcısı olmuş, hər cür şəri rədd etmişdir.
25 yaşında ikən Şirvanşahların "məlik üş-şüara"sı Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şeirlər yazmışdır. Sarayda xidmət etdiyi ərəfədə poeziyasındakı ciddi, sərt fikirlər, eyni zamanda hərəkəti, davranışı çoxlarını təşvişə salmışdır. Özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" hiss edən şair Məkkə səfərinə çıxmalı olmuşdur. Məkkəni, Mədinəni, Bağdadı, digər şəhərləri gəzmiş, əsərlərində bu yad diyarda ona olan diqqətdən, hörmətdən, ehtiramdan həvəslə, ətraflı söhbət açmışdır. Səyahətinin nəticəsi olaraq "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsini yazmışdır. Bu əsərində şair Sasani şahlarının xaraba qalmış sa raylarının timsalında müasirlərini ibrət dərsi almağa çağırmışdır.
Xaqani Şirvanı klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin nəzərini cəlb etmişdir. O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunəsi sayılan "Töhvət ül-İraqeyn" adlı məsnəvisini yazmışdır.
1157-ci ildə yazılmış bu əsərdə şair səfər macəraları ilə yanaşı, xalqların həyatından aldığı təəssüratı təsvir etmişdir. "Düşmənləri tənqid", "Günəşə xitab", "Qızıla məzəmmət" başlıqlı hissələr oxucunu heyran edir. Şair saflığın, işığın, hərarətin, ucalığın rəmzi olan günəşi özünün dostu sayır, ondan yardım diləyir. "Töhvət-ül-İraqeyn" əsəri Azərbaycan ədəbiyyatı ta rixində ilk poemadır. Əsərin əsas qəhrəmanı şairin özüdür. Poemada düşünən də, sevinən də, fəxr edən də, qəzəblənən də şairin özüdür.
Xaqani Şirvani bədxah saray şairlərinin hücumu nəticəsində 1170-ci ildə həbs olunaraq Şabran qalasına salınmış, 7 ay həbsdə qalandan sonra azad edilmişdir. Bütün bu əzab-əziyyətlərə dözməyən şair 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı tərk etmiş, Təbrizə köçərək ömrünün axırına qədər orada yaşamışdır.
Şairin həyatının son illəri çox ağır keçib. Onun çox sevdiyi ailə üzvləri – 20 yaşlı cavan oğlu, qızı və həyat yoldaşı bir-birinin ardınca vəfat edib. Qoca şair tamamilə tək qalıb. O, 1199-cu ildə vəfat edib və Təbriz şəhəri yaxınlığında Surxab qəbristanında dəfn edilib. Şairin məzarı “Şairlər məqbərəsi” adlanan yerdədir.
Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapan xüsusiyyətlərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatıb.
Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair olub. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeir yazıb. Xaqani qüdrətli bir şair olduğundan, öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu özünə ustad hesab edib və onun ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.
Xaqani ənənələrini davam etdirən şairlər arasında Azərbaycan şeirində inqilabçı satiranın böyük siması Mirzə Ələkbər Sabir də var. Sabir öz şeir yaradıcılığında Nizami ənənələri ilə birlikdə Xaqaninin mübariz üsyankar ruhunu yaşatmağa çalışıb, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirib.
Biz Azərbaycan xalqının olduqca zəngin mədəniyyət tarixini, Azərbaycan ədəbiyyatı dahilərinin əsərlərini əziz tutmalı, onların qədrini bilməli və dərindən öyrənməli, tarixi bir millət olaraq öz keçmişimizi, mütərəqqi yazarlarımızı böyük iftixar hissi ilə öyrənib təbliğ etməliyik.
Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.
Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki elmlərə yaxşı bələd olduğu ortaya çıxır. Azərbaycan alimlərindən Məhəmmədəli Tərbiyyət Xaqaninin elmləri necə dərindən bildiyi haqda belə yazır: “Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, müsiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar var; o, tarixi də yaxşı bilirdi. Xaqani Şirvani qəsidəsinin birində bu haqda yazır: “O hansı elmdir ki, mən onu bilmirəm? – məni sınamaq istəyirsən, əsərlərimə diqqət et”. Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edərək yazır: “Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram”.
Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-sədası olan iki qüdrətli poetik mənbədir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə, nadanlığa eyni mövqedən “atəş açır”, eyni ideallarla çıxış edir.
Xaqani ilə Nizamini təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şair dövrünün hünərsiz, nadan hakimlərindən şikayətlərdə həmrəy və həmfikirdir. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır. İnsana zidd baxış, görüş və ehkamların inkarıdır. İntibah dünyagörüşünün orta əsr şəri, eybəcərliyi qarşısındakı dəhşətidir. Xaqaninin “Töhfətül-İraqeyn,” “Mədain xərabələr” və başqa əsərlərində, Nizaminin “Xəmsə”sində və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq nümunələri ilə qarşılaşırıq.
Şair xalqın ehtiyaclarına, qüssəsinə və kədərinə bələd idi, onun dərdinə ürəkdən yanırdı və şairin bir çox misralarını doğuran da məhz bu yanğı idi. Xaqani Azərbaycan tarixinə görkəmli dövlət xadimi kimi də daxil olub.
O, vətənini dərin məhəbbətlə sevən bir şair idi. Daim vətəni tərənnüm edən şeirləri, əsərləri bügünə qədər sevilir və hər bir gələcək nəslə bir nümunədir. Şairin yazdığı “Savalan dağının tərifi” vətənpərvərlik movzusunda yazılan, öz qiymətli fikri - bədii keyfiyyətləri etibarı ilə xüsusi yer tutan əsərində belə deyir:
Şamaxı! Ey mənim sevimli yurdum…
Ümidim, pənahım Təbrizdir, Təbriz…
Bəli, gözəl, səmimi kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Fəqət sona doğru əsərdə ikinci bir motiv – Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya peyvənd edir, nəticədə həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv, böyük Azərbaycan mövzusuna qovuşur və bundan qeyri-adi hisslər keçirir, qürur duyur.