
– Salam, xoş gördük, Valeh bəy. Sizi “Əsrin Aydınları” jurnalının qonağı qismində görməkdən şadıq. Oxucularımızın bir qismi sizin haqqınızda müəyyən məlumatlara malik olsa da, sizi öz dilinizdən daha yaxından tanıtmaq istərdik.
İlk olaraq dəvətiniz üçün təşəkkür edirəm, Vasif bəy. Mən, Valeh Seyidov 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan, daha dəqiq desəm, 10 yaşımdan futbolla məşğul olmağa başlamışam. Futbola marağımın yaranmasında atamın bu sahədəki fəaliyyəti də mühüm rol oynayıb. Daha sonra o, futboldan uzaqlaşsa da, xəyallarını mənim reallaşdırmağımı arzuladı. Yəni mənim futbol sevgim ailəmdən başlayıb.
– Vurğuladınız ki, atanız öz arzularını həyata keçirmək üçün sizi model kimi seçmişdi. Bəs deyə bilərikmi ki, Valehin futbol karyerasındakı ilk addımlarında atasının rolu böyük olub?
Bəli, deyə bilərik. Çünki futbolu necə oynamaq, haradan başlamaq və fundamentin necə qurulması barədə atam böyük bilik və təcrübəyə malikdir. Peşəkar karyeramda da atamın biliklərinin rolu böyük olub. Təbii ki, zamanla fərqli təcrübələr əldə etdikcə başa düşdüm ki, peşəkar oyunçu olmaq üçün bacardığından da artıq çalışmalısan. Mən təcrübələrimdən çıxardığım nəticələri öz övladıma ötürəcəyəm. Mən belə düşünürəm ki, atamdan daha yaxşı futbolçu olmuşam və ümid edirəm ki, oğlum da məndən daha yaxşı futbolçu olacaq. Bu, müəyyən mənada dövrün tələblərinə uyğunlaşmaq deməkdir.
– Atanız, Yaşar Seyidovun fəaliyyəti haqqında az da olsa məlumat verə bilərsinizmi?
Onun peşəkar futbol karyerası çox qısa çəkib, cəmi 2 il davam edib. Daha sonra aldığı zədə səbəbindən futboldan uzaqlaşıb və bir müddət sonra “Dinamo” futbol klubunu təsis edib. 1997-ci ildə klubun prezidenti olaraq fəaliyyətə başlayıb. 2004-cü ildə həmin klubun adı “Bakı” klubu olaraq dəyişdirildi və atam orada icraçı direktor vəzifəsində çalışdı. Maliyyə çətinlikləri səbəbindən ‘Bakı’ klubu fəaliyyətini dayandırmalı oldu. Təxminən 9 ildən sonra isə “Dinamo” futbol klubunun fəaliyyəti yenidən bərpa edildi və hal-hazırda da klub fəaliyyətini davam etdirir.
– Valeh bəy, bilirik ki, futbol sahəsindəki fəaliyyətinizi müəyyən müddət ərzində dondurmusunuz. Bunun səbəbini açıqlaya bilərsinizmi?
Peşəkar futbol karyerama başlayanda artıq Azərbaycanda seçilən hücumçulardan biri idim. 13–16 yaşlı hücumçular arasında ən çox qol vuran oyunçu kimi fərqlənirdim və müxtəlif milli komandaların məşqlərində iştirak etmişəm. 17 yaşımda yaşıdlarımdan fərqləndiyim üçün ‘Bakı’ futbol klubunun nəzdində Fransanın bir futbol klubuna transfer olunmuşam. Həmin vaxt mənimlə birgə Mahir Əmrəli də transfer olunmuşdu. Oradan qayıdandan sonra ‘Qarabağ’ futbol klubundan təklif gəldi, lakin yaşım az olduğundan bütün transfer məsələlərini atam həll edirdi. Müəyyən səbəblərdən bu transfer baş tutmadı və bundan sonra fəaliyyətimi Portuqaliyada davam etdirdim. O dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi idim və təhsil səbəbindən ölkəyə qayıtmalı oldum. İmtahanları bitirib yenidən futbola qayıtmaq niyyətim var idi, amma həmin dövrdə Azərbaycan futbolunda görünməyən çətinliklər karyerama təsir etdi. Düzü, bunlar müzakirə olunub qabardılmalı məsələlər deyil. Bu hallardan dolayı futboldan uzaqlaşmaq qərarı verdim, hansı ki, o vaxt mən ölkənin ən yaxşı hücumçularından biri idim. Uzaqlaşdıqdan sonra iş həyatına başladım və sonralar futbola geri dönmə istəyim olmadı. Bununla belə, karyeramı yarı peşəkar səviyyədə davam etdirirəm.
– Futbol həyatınızda hansı yaddaqalan oyun, hadisə və ya an xüsusi yer tutur? Həmin xatirələrinizi oxucularımızla bölüşə bilərsinizmi?
Mənim üçün ən yadda qalan oyun “Atletiko Madrid”ə qarşı Tofiq Bəhramov stadionunda keçirilən qarşılaşma olub. O dövrdə belə bir komanda ilə oynamaq böyük bir uğur sayılırdı. Üstəlik, həmin oyunda azərbaycanlı futbolçulardan ibarət komandanın ulduz oyunçuları da iştirak edirdi. Bu səbəbdən həmin matç mənim üçün ən unudulmaz oyun olaraq yadda qalıb.
– Futbol meydanına çıxanda ilk olaraq ağlınızdan nə keçir?
İlk ağlıma gələn hiss həyəcan olur. Hər oyundan əvvəl ilk 10 dəqiqə mənim üçün xüsusilə həyəcanlı keçir. Daha sonra bu hissin öhdəsindən gəlmək mümkün olur və artıq rəqibin güclü və ya zəif olmasının heç bir fərqi qalmır.
– Peşəkar futbolçu kimi bu gün gənclərə hansı tövsiyələri vermək istərdiniz?
Peşəkar futbolda çoxlu nüanslar var və bunları xırdalıqlarına qədər izah etmək çətindir. Karyerama əsaslanaraq deyə bilərəm ki, futbolçunun qidalanmasından məşq prosesinə qədər hər bir detal böyük rol oynayır. Gənclərə tövsiyəm odur ki, araşdırmadan yararsız məşqlərə qoşulmasınlar, həm ölkədə, həm də xaricdə təşkil olunan təlim və seminarlarda iştirak etsinlər. Məşqçi və klub seçərkən isə xüsusilə diqqətli olub, doğru seçimi etsinlər.
– “Dinamo” klubunun gələcək fəaliyyətini necə görürsünüz və bu istiqamətdə hansı planlarınız var?
Hazırda “Qarabağ” futbol klubunun timsalında görürük ki, futbol ölkəmizdə gəlir gətirən bir sahəyə çevrilir. Onların Çempionlar Liqasında iştirakı nəticəsində əldə olunan gəlir də bunu sübut edir və bu, Azərbaycanda futbola olan marağın getdikcə artmasına şərait yaradır. Bəzi xarici klubların isə əsas məqsədi futbolçu yetişdirib onları yüksək məbləğə satmaqdır. Məsələn, bir klub 30–40 nəfərlik komandaya il ərzində 1 milyon vəsait ayırırsa, 8–9 ildən sonra həmin komandanın cəmi bir futbolçusunu 40–50 milyon avroya sata bilir. Azərbaycanda da bu cür düşünən investorların olması vacibdir. Belə investorlar müəyyən müddət klublara sərmayə yatırsa və daha sonra yetişdirilən futbolçuların xarici klublara transferi prosesində iştirak etsə, ölkə futbolu davamlı şəkildə inkişaf edə bilər.
– Ümumiyyətlə, xarici təcrübəniz və orada öyrəndiyiniz taktikalardan əsasən nələri qeyd edə bilərsiniz?
Xaricdə Azərbaycan futbolundan fərqli olaraq ən böyük nüanslardan biri məşq proseslərinin daha ağır və intensiv keçməsidir. Bizim ağır hesab etdiyimiz məşqləri orada həftədə 3–4 dəfə tətbiq edirdilər və mən ilk vaxtlar buna bir qədər təəccüblənirdim. Oradakı sistemdə məşqlər adətən gündə iki dəfə keçirilir. Bundan əlavə, futbolçular üçün xüsusi baza mövcuddur — onlar həmin məkanda həm məşq edir, həm qidalanır, həm də hər hansı zədə olduqda dərhal müalicə alırlar.
– Hansı məşhur futbol klubunda oynamaq arzunuz var?
Artıq hər hansı məşhur klubda oynamaq mənim üçün mümkün deyil, çünki yaşım 29-dur. Düzdür, peşəkar futbolçular 35–36 yaşa qədər çıxış edə bilirlər, amma mən müəyyən bir dövrdə fasilə vermişəm və o zaman mənim ehtiyacım olan baza bacarıqlarım bir qədər zəifləyib. Hazırda gücüm yalnız Azərbaycan liqasında çıxış etməyə yetir. Uşaqlıqdan arzum isə İtaliyada “Roma” klubunda oynamaq olub, lakin bu xəyallar yarımçıq qalıb. İndi xəyallarımı oğlum üzərində qururam və ümid edirəm ki, o, xarici klublarda oynayacaq.

– Əgər 5–6 il əvvələ qayıda bilsəniz, hansı futbolçu ilə eyni komandada oynamaq istərdiniz?
Mənim ən çox sevdiyim futbolçu Francesco Totti olub. Artıq o da futbolu tərk edib. Onunla birlikdə oynamaq çox xoş olardı. “Roma” klubunu sevməyimin əsas səbəbi də məhz həmin futbolçu olub. Bundan əlavə, hal-hazırda dünyaca məşhur olan Cristiano Ronaldo ilə eyni stadionda çıxış etmək istərdim. Portuqaliya yığmasının Azərbaycan yığma komandası ilə oyununa hazırlıq məqsədilə Bakıda keçirilən məşqlər zamanı mən də orada idim və məşqləri izləmək fürsətim olmuşdu. Məşqdən sonra Ronaldo ilə qısa bir görüşümüz də olmuşdu. Belə ki, onun meneceri atamın otağında mənim şəkillərimi görmüş və buna maraq göstərərək, sabahkı məşqdən sonra mənim Ronaldo ilə görüşməyimə şərait yaratmışdı. Nəticədə görüşdük və şəkil çəkdirdik. Bu, mənim üçün olduqca maraqlı və yaddaqalan bir hadisə oldu.
– Bugünkü Azərbaycan futbolunu necə qiymətləndirirsiniz və onu Avropa futbolu ilə müqayisədə necə təhlil edərdiniz?
Avropanın futbol sahəsində bizdən üstünlüyü – meydançaların sayının çoxluğu və infrastrukturun inkişaf etmiş olmasıdır. Təbii ot örtüklü meydançalar oyunçuların zədələnmə riskini azaldır. Azərbaycanda da bu sahədə inkişaf olmalıdır — daha çox təbii ot örtüklü stadionlar yaradılmalı, gənc oyunçular burada dolğun şəkildə məşq edə bilməlidirlər. Digər əsas amil isə məşqçidir. Doğru məşqçi seçimi futbolçuların inkişafı üçün vacibdir. Həmçinin, Azərbaycan futbolçularının Avropa oyunçularından geri qalmasının səbəblərindən biri də gənclərin düzgün istiqamətləndirilməməsidir. Onlar düzgün qidalanmır, uyğun məşqçilərlə işləmirlər və bunun nəticəsində potensiallarını tam inkişaf etdirə bilmirlər.
– Təşəkkür edirəm, Valeh bəy. Sizinlə həmsöhbət olmaq həqiqətən çox maraqlı oldu və sayənizdə futbolun həm müsbət, həm də mənfi tərəflərini daha yaxından öyrənə bildik. Sonda ürək sözlərinizi eşitmək istərdik.
İlk növbədə dəvətiniz üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun ki, bu cür müsahibələr təşkil edərək idmançıları, yazıçıları, musiqiçiləri və peşəsindən asılı olmayaraq tanınmış simaları, cəmiyyətə faydalı olan şəxsləri geniş oxucu auditoriyasına təqdim edirsiniz. Əsrin aydınları sırasında məni də gördüyünüz üçün minnətdaram.
© Əsrin Aydınları jurnalı
LIVE







AZ
TR
RU
EN











