Fətəli xan İsgəndər xan oğlu Xoyski 25 noyabr, 1875-ci il tarixdə Şəkidə anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan Şəki xanı Cəfərqulu xanın nəslindən olan general-leytenant İsgəndər xan Xoyskinin oğludur. Fətəli xan Xoyski Gəncə (Yelizavetpol) klassik gimnaziyasını, Moskva Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir (1897). Həmin ildən Gəncə dairə məhkəməsində işə başlayan Xoyski sonradan Kutaisi dairə və qəza məhkəmələrində, Zuqdidi barışıq məhkəməsində çalışmış, titulyar müşavir rütbəsinə layiq görülmüşdür. 1904-cü ildə kollej asessoru rütbəsi alan Xoyski Yekaterinodar (Krasnodar) dairə məhkəməsi prokurorunun müavini təyin edilmiş, 1907-ci ilədək həmin vəzifədə çalışmışdır. Fətəli xan Xoyski 1907-ci ildə Gəncə quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Dumanın iclaslarında müsəlman deputatları fraksiyası adından çar hökumətinin ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar etmişdir. Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət dumasına təqdim edilmiş qanun layihəsini imzalayan 173 deputatdan biri də Xoyski olmuşdur. II Dövlət duması buraxıldıqdan sonra Xoyski Gəncəyə qayıtmış, əvvəlcə dairə məhkəməsinin, sonra isə Tiflis məhkəmə palatasının andlı iclasçısı seçilmişdir.
Fətəli xan Xoyski 1913-cü ildə Bakıya köçərək, şəhər dairə məhkəməsində andlı iclasçı olmuş, Bakının ictimai-mədəni həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak etmişdir. Rusiyada Fevral inqilabından (1917) sonra Bakıda yaradılmış Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilən Fətəli xan Xoyski həmin ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayının təşkilatçılarından və fəal iştirakçılarından olmuşdur.
1917-ci ilin oktyabrında Bakı şəhər dumasına seçkilərdə müsəlman bloku 10 mindən çox səs almış və bu bloku təmsil edən Fətəli xan Xoyski dumanın sədri seçilmişdi. Onun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı şəhər duması dövrdə bolşevik Bakı Sovetinin yeganə rəqibi idi. 1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya seymi işə başladı. Seymə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Müsəlman fraksiyasına mənsub 44 deputatın arasında Fətəli xan Xoyski də vardı. 1918-ci ilin aprelində elan olunan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində Xoyski xalq maarifı naziri vəzifəsini tutdu. Məhz bu vəzifədə olarkən Fətəli xan Xoyski Tiflisdə yaradılması qərarlaşdırılmış Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürdü və sonralar bu işin həyata keçirilməsində mühüm rol oynadı.
Cənubi Qafqazın müstəqilliyinin elanı və yeni hökumətin yaradılması regiona nə daxili və nə də xarici siyasət sahəsində heç bir yenilik gətirmədi. Zaqafqaziya komissarlığında, sonra isə nazirliklərində fəaliyyət göstərən hər üç Cənubi Qafqaz millətinin nümayəndələri mənafə müxtəlifliyi səbəbindən vahid mövqedə birləşə bilmədilər. Belə bir şəraitdə gürcü nümayəndələri Zaqafqaziya federasiyasından çıxıb öz istiqlaliyyətlərini elan etmək qərarına gəldilər. (1918-ci il, 26 may).
Mayın 27-də Seymin azərbaycanlı deputatları fövqəladə iclas keçirərək, özlərini Azərbaycan Milli Şurası elan etdilər. Azərbaycanın idarəsini öz üzərinə götürən Milli Şura mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən birinci iclasında, ətraflı müzakirələrdən sonra, Cənubi Qafqazın cənub-şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və İstiqlal bəyannaməsinin qəbul olunması haqqında qərar qəbul etdi. Azərbaycan Milli Şurasının üzvü Fətəli xan Xoyski yekdilliklə Azərbaycan Hökumətinin sədri seçildi və ona Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hökumətini təşkil etmək tapşırıldı. Xoyski elə həmin andaca öz hökumətinin tərkibini elan etdi. Bu Hökumətdə Fətəli xan baş nazir (rəisi-vüzəra) vəzifəsi ilə yanaşı, daxili işlər naziri vəzifəsini də tuturdu.
Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar təşkilati tədbirləri həyata keçirdikdən və onu bütün dünyaya bəyan etdikdən (1918-ci il, 30 may) sonra, Azərbaycan Milli Şurası və Azerbaycan Hökuməti fəaliyyətini bilavasitə öz ölkəsi ərazisində həyata keçirmək məqsədilə 1918-ci il, iyunun 16-da Gəncəyə köçdü. Milli Şura və Azərbaycan Hökuməti burada mürəkkəb daxili və xarici çətinliklərlə üzləşdi. Xoyski istefa verdi. Lakin Milli Şura Hökumətin təşkilini yenidən ona tapşırdı. Müxtəlif partiyaların nümayəndələrindən təşkil olunmuş yeni hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı, ədliyyə naziri vəzifəsini də tutdu. Yeni Hökumət proqramı ilə çıxış edən Xoyski bildirdi ki, Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə onun Hökumətinin başlıca vəzifəsi olacaqdır.
Azərbaycan Milli Şurası 1918-ci il, 17 iyun tarixli iclasında özünün buraxılması, bütün qanunvericilik və icra hakimiyyətinin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.
Fətəli xan Xoyskinin başçılıq etdiyi Hökumətin hüquq və vəzifələrindən bəhs edən ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökuməti Azərbaycanın istiqlaliyyətini və siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə Hökumətə səlahiyyət verilmir; qalan məsələlərdə Hökumətə bütün hüquqlardan istifadə etmək səlahiyyəti verilirdi. Fətəli Xan Xoyski Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. Beləliklə, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atmağa başladığı son dərəcə ağır daxili və beynəlxalq şəraitdə qanunverici və icra hakimiyyətinin əsas ağırlığı Xoyskinin üzərinə düşdü.
Fətəli xan Xoyskinin ikinci Hökuməti Gəncədə çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə Hökumət, ilk növbədə, dövlət aparatının təşkili işini davam etdirdi, əsas diqqəti Nazirlər Şurasının və ayrı-ayrı nazirliklərin idarə aparatlarının yaradılmasına yönəltdi.
Xoyski Hökumətinin Gəncədə ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Azərbaycanın dövlət müstəqilliyini müdafiə edəcək ordunun yaradılması işinə başlandı və avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Qanuna müvafıq olaraq, 19 yaşına çatmış vətəndaşlar ordu sıralarına çağırıldı. Xoyski Hökuməti iyunun 27-də Azərbaycan (türk) dilini dövlət dili elan etmiş, iyulun 15-də daşnakların Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratmış, avqustun 30-da Gəncənin və Cəbrayıl qəzasının tarixi adlarını özünə qaytarmışdı. Paytaxt Bakıya köçürülənədək Xoyski Hökuməti bir sıra digər mühüm tədbirlər də həyata keçirmişdir.
Sözun əsl mənasında, Azərbaycanın "olum, ya ölüm" məsələsinin həll cdildiyi olduqca ağır və mürəkkəb olan o dövrdə ölkəyə rəhbərlik etmək son dərəcə çətin bir iş idi. Fətəli xan Xoyski Hökumətinin o dövrdəki fəaliyyəti haqqında Üzeyir bəy Hacıbəyli yazırdı: "Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır ...Bu zəif gəmini bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kəmali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq və məharət göstərdi".
1918-ci il sentyabrın 15-də Bakı türk və Azərbaycan hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfındən azad olundu, sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. Bakının daşnaklardan, eser-menşevik qüvvələrindən ibarət olan və ingilislərə arxalanan mürtəce "Sentrokaspi diktarurası"nın ağalığından qurtulması ilə əlaqədar olaraq alovlu nitq söyləyən Fətəli xan Xoyski baş vermiş hadisələri qiymətləndirərək deyirdi: "Bizim də yaşamaq, azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidroplan, kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların əlliminlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır". Bakıya köçdükdən sonra Xoyski Hökuməti həm ictimai-siyasi, həm də təsərrüfat və mədəni quruculuq sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Hökumət Məclisi-Məbusanın (parlamentin) çağırılması işinin təşkili üçün komissiya yaratdı, daha sonra bu iş fəaliyyətini yenidən bərpa etmiş Azərbaycan Milli Şurasına həvalə edildi. 1918-ci il noyabrın 9-da Xoyskinin məruzəsi əsasında Hökumət Azərbaycanın üçrəngli bayrağını təsdiqlədi. Noyabrın 19-da Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında Hökumətin qanun layihəsini bəyəndi. Azərbaycan Parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də açıldı. Xoyski çox mürəkkəb tarixi şəraitdə Hökumətin fəaliyyəti barədə Parlamentə hesabat verdi: "...Bu altı ay müddətində ki hökumət idarə eyləmişdir, siz görürsünüz ki, çox şeylər təzə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi allaha şükür olsun ki, Azərbaycanın hər yerində, lazımi qədər olmasa da, xalqın malını, camnı müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət, vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumat və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əskər və xəzinəsi olan hökumətmi? Yoxsa, iki gündə təşkil olunmuş pulsuz və əskərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi. Dəmiryolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi, Ona binaən hökumət buna vaxt verdi. Doğrudur, indi də mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, allaha şükür, yaz, qış dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi qüvvəmiz çatan qədər işləyib təmamilə olmasa da, çox yerdə poçt, teleqraf açılmışdır. İstənilən yerlərə teleqram, məktub göndərmək olar. Vacib məsalələrdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu halda, on min manat tapılmayıb Tiflisdən borc axtarılırdı... Əlbəttə ki, bu işlər az idi və öhdəmizə düşən vəzifənin bir zərrəsidir. Yalnız böyiik zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Zira hürriyyət, ədalət və əxvət bayrağı daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər. Baş bilənlər Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün, böylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək olurmu idi?... Hər nəzarətdən ayrı-ayrı bəhs edə bilməyəcəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi. Çünki, ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu ikisi birdir ki, əvvəl baş milliləşməli idi. Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əldən gələn qədər çalışaraq, yox olan ədliyyə idarələrini təmdid etdi. İndi allaha şükürlər, hər yerdə olamaz isə də, bir çox ədliyyə idarələrina türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: MİLLƏTİN HUQUQU, İSTİQLALl, HÜRRİYƏTİ!". Çıxışının sonunda o, istefasını qəbul etməyi Parlamentdən xahiş etdi. Parlament Hökumətin istefasını qəbul edərək, onun təşkilini yenidən Xoyskiyə tapşırdı. Fətəli xan dekabrın 26-da Hökumətin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. Geniş müzakirələrdən sonra Parlament Xoyski Hökumətinin proqramını bəyəndi və onun yeni üzvlərinə etimad göstərdi. Bu Hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutdu. Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları, xüsusilə Azərbaycanın istiqlalına qarşı çıxan qüvvələr, elə ilk aylardan Xoyski Hökumətinə qarşı kəskin müxalif mövqe tutdular. Bu fraksiyalar, xüsusilə "İttihad", "Əhrar" və sosialistlər Hökuməti fəaliyyətsizlikdə təqsirləndirir, ölkənin bütün problemlərini onun üstünə yıxmağa çalışırdılar. Onların əksinə, Məhəmməd Əmin Rəsulzadə Xoyski Hökumətini müdafiə edərək bildirmişdi ki, Hökumət "bu az müddətdə, nə mümkündürsə, etmişdir". Parlamentin 1919-ci il fevralın 5-də keçirilən iclasında cəmi beş həftə fəaliyyət göstərən Hökumət xüsusilə kəskin və qərəzli tənqidə məruz qalmışdı. Həmin əsassız tənqidlərə cavab nitqində Xoyski bildirirdi: "Mən birinci bəyənatımda demişdim ki, belə ağır bir zamanda heç kəs cəsarət edib Hökuməti ələ ala bilməz. Sizin sidqi-dil ilə hökumətin arxasında durub kömək edəcəyinizə ümid oluruq... Əgər görsəm ki, hökumətə sədaqət yoxdur, bir dəqiqə də hökumət başında durmaram. ...Bir var sorğu ilə hökumətə kömək edilsin, onun nəzərindən qaçanlar yada salınsın, heç vaxt hökumət belə sorğudan inciməz. Amma bir də var zəhərli, hədxahlıq sorğusu... Bu, hökumətə badalaq vurmaq deməkdir... Bu müqəssirlər skamyasıdırmı ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın? Hətta ixtiyarımız da yoxdur ki, onlardan bir qədər ehtiramlı davranmağı tələb edək". Daha sonra Fətəli xan Hökumətin fəaliyyətində bəd niyyətlə "qüsur" axtaranları tənqid edərək bildirirdi ki, "siz bunu bilməlisiz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliriz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə mühüm zamanda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olmaz". Müxalifətçi partiyalar və fraksiyaların Hökumətə qarşı yaratdığı dözülməz vəziyyətlə əlaqədar 1919 il fevralın 25-də Xoyski Hökuməti yenidən istefa verdi. Parlament istefanı qəbul etdi və yeni Hökumətin təşkilinə qədər Xoyski Hökumətindən fəaliyyətini davam etdirməsi xahiş olundu. Hökumət öz fəaliyyətini martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumətinə qədər davam etdirdi. Təcrübəli və səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin o zamankı son dərəcə mürəkkəb şəraitdə istefa verməyə məcbur olması Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratına mənfı təsir göstərdi. İstefaya çıxdıqdan sonra Xoyski Parlament üzvü kimi bir sıra siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində yenə də fəal iştirak etmiş, Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini ara.dırmaq üçün yaradılan Azərbaycan nümayəndə heyətinin sədri təyin olunmuşdu. 1919-cu ilin dekabrında Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumətin tərkibində Xoyski xarici işlər naziri vəzifəsini tutdu. Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən tanınmasına çalışan Xoyski bununla əlaqədar Rusiya Sovet Federativ Sosialist Respublikası xalq xarici işlər komissarı G.V.Çiçerinə dəfələrlə notalar göndərmiş, Azərbaycanın istəyinə məhəl qoymayan Rusiya xarici işlər komissarının Azərbaycan Xalq Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək barədə məkrli planını cəsarətlə rədd etmişdi. Çiçerinə cavabında Xoyski birdirirdi ki, Azərbaycan Hökuməti sovet Rusiyasının Denikinlə mübarizəsinə rus xalqının daxili işi kimi baxır və ona qarışmağı yolverilməz hesab edir (bax, həmçinin Çiçerin notaları). Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyətinin ilk Hökumət başçısı kimi Azərbaycan istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan radioteleqramı imzalamış, 5-ci Hökumət kabinəsinin xarici işlər naziri olarkən isə istiqlalın Paris Sülh Konfransı tərəfındən tanınması haqqında Parlamentdə məlumat vermişdi. Parlamentin bu məsələyə həsr olunmuş təntənəli iclasındakı (1920-ci il, 14 yanvar) çıxış ında Fətəli xan Xoyski demişdi: "...Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az miiddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bugünki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman [da] hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm ". 1920-ci il aprelin ortalarında 11-ci Qırmızı ordu Şimali Qafqazda Denikin qüvvələrini məğlub edərək; Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də Xoyski Hökumət adından sovet Rusiyası hökumətinə nota göndərsə də, nota cavabsız qaldı və aprelin 27-də XI Qırmızı ordu beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan sərhədlərini keçdi və Bakıya doğru hücum əməliyyatına başladı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu. Aprel işğalından (1920) sonra Tiflisə mühacirət etməyə məcbur olan Fətəli xan Xoyski iyunun 19-da orada "Daşnaksutyun"un muzdlu erməni terrorçusu tərəfındən qətlə yetirildi və həmvətəni M.F.Axundzadənin dəfn olunduğu Azərbaycan qəbiristanlığında torpağa tapşırıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyi tarixindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyevin 1995-ci il 18 dekabr tarixli sərəncamı ilə Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyinin təntənəli surətdə qeyd olunması üçün geniş heyətdə təşkilat komitəsi yaradılmışdı. Onun diqqət və qayğısı sayəsində Tiflisdə Fətəli xan Xoyskinin məzarı üzərində xatirə abidəsi ucaldılmışdır.
Mənbə: https://portal.azertag.az/az