Alim, cərrah, tibb elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Azərbaycanın əməkdar elm xadimi Mirəsədulla Mirələsgər oğlu Mirqasimov 17 noyabr 1883-cü ildə Bakıda doğulmuşdur. 1913-cü ildə Novorosiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir. 1913-1916-cı illərdə M. Mirqasımov Odessada həkim olmuş, 1916-1919-cu illərdə Bakıda hərbi hospitalda həkim-cərrah işləmişdir. 1919-1929-cu illərdə ADU-nun tibb fakültəsinin dosenti, 1929-1958-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital-cərrahiyyə fakültəsinin professoru, kafedra müdiri olmuşdur. 1945-1947-ci illərdə M. Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilmişdir. O, tibb sahəsində böyük alim olmuş, ümumi cərrahiyyə, öd yollarının cərrahiyyəsi, urologiya, qarın boşluğu və torokal cərrahiyyə, sidik daşı xəstəliyinin etiologiyası sahəsində elmi tədqiqatlar aparmışdır. Operativ müalicənin bir sıra diaqnostik metodlarını təklif etmişdir.
M. Mirqasımov 1933-cü ildə ana dilində çap olunmuş ilk ümumi cərrahiyyənin qısa kursu kitabının müəllifidir. O, ümumdünya Cərrahlar Assosiasiyasının həqiqi üzvü olmuş, "Azərbaycanda böyrək daşı xəstəliyinin öyrənilməsi materialları", "Qarın boşluğu cərrahiyyəsi" (iki kitabda), "Ölkənin müdafiəsində cərrahiyyənin rolu" kimi çox dəyərli elmi monoqrafiyaların, elmi məqalələrin müəllifi olmuş və bu materialları Azərbaycan dilində çap etdirmişdir.
M. Mirqasımov dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. M. Mirqasımov 20 iyul 1958-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Bakıdakı Respublika Xəstəxanası və küçələrdən biri onun adını daşıyır. M. Mirqasımovun oğlu Rüfət Mirqasımov fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, Moskvanın Dubna Atom Mərkəzində aparıcı elmi işçilərdən biridir. 70-dən çox əsərin və monoqrafiyaların müəllifidir.