Dövrünün tanınmış siyasi vә ictimai xadimi Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildә İrəvan şəhərində anadan olmuşdur. Orta tәhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra, 1912-ci ildә Peterburq Yol Mühәndisliyi İnstitutuna daxil olmuş, 1917-ci ildә Rusiyada fevral inqilabından sonra ali təhsilli mütəxəssis kimi vәtәnә qayıtmışdır.
1918-ci ilin fevralında Ә.Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, hәmin il fevralın 28-dә Seym tәrәfindәn tәsdiq olunmuş Müsәlman fraksiyasının tәrkibindәki Hümmәt partiyasına daxil olmuşdur. Ә.Şeyxulislamov Zaqafqaziya Seymi tәrәfindәn Türkiyә hökumәti ilә sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-dә yaradılmış nümayәndә heyәtinin tәrkibinә daxil olmuşdur. O, hәmçinin Zaqafqaziya hökumәtindә daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir.
Ә.Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur. O, Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini tutmuşdur. Ә.Şeyxülislamov 1918-ci il dekabrın 7-dә Bakıda açılmış Azәrbaycan parlamentinә üzv seçilmişdir. O, parlamentdә sosialist fraksiyasının tərkibinə daxil edilmişdir. Ә. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləmişdir.
O, görkəmli siyasi vә ictimai xadim Әlimәrdan bәy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Respublikası nümayәndә heyətinin tәrkibindә 1919-cu ildә açılaçaq Versal sülh konfransında iştirak etmәk üçün Parisә yola düşmüş və 1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada qalmışdır.
Әkbәr ağa Şeyxülislamov 20-ci illәrdә Azәrbaycandan II İnternasionalın üzvü olmuşdur. Onun İkinci Dünya müharibәsinә qәdәr Parisdә rusca nәşr olunan “Azәrbaycan” jurnalının 2-ci sayında dərc edilmiş “Azәrbaycan necә quruldu” adlı mәqalәsi bu gün də öz aktuallığını saxlayır.
Әkbәr ağa Şeyxülislamov 1961-ci il martın 2-dә vәfat etmiş vә Parisin yaxınlığındakı müsәlman qәbiristanlığında dәfn olunmuşdur.