Şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev 1906-cı il sentyabr ayının 26-da Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olub.
Şəhərin əsilli, hörmətli ailələrindən birinə mənsub olduğundan, onun mükəmməl elmə, biliyə yiyələnməsinə xüsusi diqqət yetirilirdi. Dövrünün məşhur xanəndələrinə olan rəğbəti hələ uşaq vaxtlarından onda musiqiyə maraq oyadır və o, el şənliklərində ara- sıra ifaçı kimi görünməyə başlayır. Məlahətli səsi ilə hamını özünə valeh edən gəncin öz yolunu seçməsində aktyor Əhməd Ağdamskinin də böyük rolu olur. Məhz onun təşəbbüsü ilə Xanlar Üzeyir Hacıbəylinin yanına yollanır. Onun səsi və istedadı dahi bəstəkarımız tərəfindən bəyənilir. Beləliklə, o, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsinə daxil olur. Oxumaq həvəsi, çalışqanlığı və qabiliyyəti sayəsində ilk günlərdən buradakı müəllimlərin diqqətini cəlb edir. Qısa müddət ərzində milli, habelə dünya klassik musiqi sənətinin sirlərini dərindən mənimsəyə bilir. Bununla kifayətlənməyərək Xalq artisti Seyid Şuşinskidən Azərbaycan muğamlarının və Qarabağ xanəndəlik məktəbinin incəliklərini də öyrənir. Onun istedadı sənət adamlarının nəzərindən yayınmır. Belə ki, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor bölməsinə qəbul edilir. Lakin gözəl səs diapazonu ilə yanaşı, həm də səlis nitqə malik olan gənc Xanlar yalnız xorda oxumaqla kifayətlənmir, həm də epizodik rollarda səhnəyə də çıxır. O, Ü. Hacıbəylinin “Leyli və Məcnun”unda Zeyd, Əbül-Qeys, “Əsli və Kərəm”ində Sofi, Z. Hacıbəylinin “Aşıq Qərib”ində Aşıq Səlim kimi obrazların öhdəsindən məharətlə gəlir. Xanəndə eyni bir tamaşada gah “Mənsuriyyə” zərbli muğamı, gah da “Şur” dəstgahı üstə füsunkar bir avazla oxuyaraq hamını səsinə heyran edə bilir. 1931-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrına geri qayıdan aktyor-xanəndə artıq bütün muğam operalarında baş rollarda çıxış etməyə başlayır. Hüseynqulu Sarabski, Şövkət Məmmədova, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşları, İsmayıl Eloğlu, Münəvvər Kələntərli, Həqiqət Rzayeva və s. kimi dövrünün peşəkar sənətkarlarla eyni səhnəni bölüşmək, qastrol səfərlərinə çıxmaq X. Haqverdiyevin yaradıcılığına müsbət təsir göstərir. Sənət dostlarının zəngin təcrübəsi onun səhnə səriştəsinin artmasında müstəsna rol oynayır. Xanəndə təkcə opera tamaşalarında iştirak etməklə kifayətlənmir, həm də muğamat və xalq mahnılarının mahir ifaçısı kimi də Azərbaycan Dövlət Şərq Orkestrinin müşayiətilə tez-tez konsertlər də verirdi.
O, milli teatr və musiqi mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğində, sevilməsində əhəmiyyətli rol oynayır. Lakin qazandığı uğurlara baxmayaraq qəlbində vətən nisgili çəkən xanəndə 1942 – ci ildən yenidən Bakıya qayıdır. Həmin ildən 1963-cü ilədək indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində müxtəlif illərdə Ü. Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, M. Maqomayevin “Nərgiz”, F. Əmirovun “Sevil”, Q. Qarayev və C. Hacıyevin “Vətən”, Ə. Bədəlbəylinin “Nizami”, P. Çaykovskinin “Yevgeni Onegin”, R. Qliyerin “Şahsənəm”, R. Mustafayevin “Vaqif”, C.Verdinin “Siciliya axşamları” və başqa opera və operettalarda Alı kişi, Ehsan paşa, carçı, Məcnun, İbn Səlam, Cəfər, Əlyar, Babakişi, Aşıq Səlim, Kəmaləddin, Trike, Aşıq Həsən, gürcü əsiri, Tibo kimi irili-xırdalı rollara öz imzasını atır. O, təqaüdə çıxdıqdan sonra belə teatrdan ayrılmayır, gənc aktyorların, yeni xanəndələrin yetişməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir.
X.Haqverdiyev musiqili səhnə sənətinin inkişafında göstərdiyi mədəni xidmətlərə görə 1939-cu ildə Türkmənistan respublikasının və 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına layiq görülüb. Bundan əlavə fəxri fərmanlarla və "Əməkdə fərqlənməyə görə" medalı ilə də təltif olunub. 1959-cu ilin may ayında Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edib. Onu da qeyd edək ki, o, yazıçı-dramaturq Marat Haqverdiyevin atasıdır.
Xanlar Haqverdiyev 74 yaşında 1980-ci il dekabr ayının 5-də Bakıda vəfat edib.