Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 13-də Şamaxı şəhərində doğulub. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. Ömrünün iki ilini Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aspiranturasına qəbul olub. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs deyib.
Ömrünün 30 ilindən çoxunu respublikamızın müxtəlif ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub. 1933-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəllim, dekan müavini, dekan, 1941-1945-ci illərdə və 1949-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı, universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. Məmmədağa Şirəliyev ali məktəblərdə yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik elminin inkişafı və zənginləşməsi işinə həsr olunub. Məmmədağa Şirəliyev 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilir, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülüb. Məmmədağa Şirəliyev 1944-cü ildə “Qafqazın müdafiəsinə görə” və “Əmək igidliyinə görə” medalları ilə, 1946-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1954-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub.
Akademikin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin yaranması, inkişafı və çiçəklənməsində böyük xidmətlər göstərib. Görkəmli elm xadiminin adı dialektologiya, ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və başqa sahələrdən hər birinin mötəbər tədqiqatçıları sırasında iftixarla, şərəflə çəkilir. Onu elmi yaradıcılığı, elmi irsi, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. Məmmədağa Şirəliyev 200-dən çox elmi əsərin, 8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri və redaktoru olub.
Dilçiliyimizin əksər sahələrinin yaranıb zənginləşməsində Məmmədağa müəllimin özünəməxsus, seçilən xidmətləri olsa da, o, dilçilik arenasında daha çox görkəmli dialektoloq kimi tanınıb, bu sahə ona dünya şöhrəti qazandırıb. Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. O, haqlı olaraq Azərbaycan dialektologiyası məktəbinin qurucusu sayılır. Bu gün onun bu sahədəki “Bakı dialekti” (1949, 1957), “Azərbaycan dialektologiyasının əsasları” (1962, 1968, 2006), “Dialektı i qovorı Azerbaydjanskoqo yazıka" (1983) və başqa əsərləri Azərbaycan dilçiliyinin nadir nüsxələrə çevrilmiş inciləri sırasındadır. M.Şirəliyev həmçinin, türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının müəllifidir. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlayıb və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olublar.
Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərib. Onun professor Muxtar Hüseynzadə ilə birgə yazdıqları “Azərbaycan dilinin qrammatikası” (II hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris işinə alternativsiz xidmət edib. Həmin dərslik bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.
Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də M.Şirəliyev dəyərli xidmətlər göstərib. O, 1964-cü ildə çapdan çıxmış bircildlik “Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olub. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci illərdə ikicildlik kimi nəşr olunub. Görkəmli elm xadiminin Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmaları və kitabları var. Onun əlifba, terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik və dilçilik məsələlərinə aid apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirib.
Akademik yüksəkixtisaslı dilçi kadrların, xüsusən dialektoloqların hazırlanmasında da xidmətləri böyükdür. O, onlarla doktorların elmi məsləhətçisi və 40-dan yuxarı elmlər namizədinin elmi rəhbəri olub. Həmçinin onun rəhbərliyi ilə türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və elmlər doktorları yetişib.
Görkəmli elm adamı Məmmədağa Şirəliyev 1991-ci il aprelin 19-da uzun sürən xəstəlikdən sonra vəfat edib.