Nərimanov Nəriman Nəcəf oğlu 1870-ci il, 14 aprel tarixində Tiflisdə anadan olub. İlk təhsilini Tiflis müsəlman ruhani məktəbində almışdır. Qori seminariyasını bitirdikdən (1890) sonra, Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur. 1891-ci ildə Bakıya gələrək, geniş fəaliyyətə başlamış, Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil etmiş (1894), bir sıra Şərq ölkələrindən, Rusiyadan qiraətxana üçün ədəbiyyat almışdır. 1894-cü ildə Nərimanovun "Nadanlıq" pyesi Azərbaycan dilində çap olunmuş, 1895-ci il yanvarın 15-də isə ilk dəfə Bakıda tamaşaya qoyulmuş, əldə olunan gəlir qiraətxanaya verilmişdir. Bu dövrdə Nərimanov "Dilin bəlası", yaxud "Şamdan bəy" (1895), "Bahadır və Sona" (1896-1908), "Nadir şah" (1899) əsərlərini, bir çox publisistik məqalələr, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdı. Azərbaycan dramaturgiyasında ilk tarixi dram olan "Nadir şah" pyesi çap olunsa da, tamaşaya qoyulmasına yalnız 8 ildən sonra icazə verilmişdi. Nərimanovun ədəbi-publisistik fəaliyyəti cəmiyyəti ətalətdən qurtarmağa, türk-müsəlman əhalinin milli oyanışına xidmət etmişdir. 1896-cı ilin mayında Bakı realnı məktəbində ştatlı müəllim vəzifəsinə təyin olunmuş Nərimanov 1902-ci ildə ekstern qaydası ilə imtahanı verərək, Bakı kişi gimnaziyasını bitirmək haqqında kamal attestatı almış və həmin ildə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Odessada oxuyarkən bir qrup tələbə ilə Baxçasaraya (Knra) gedərək, orada teatr tamaşaları vermiş, İsmayıl bəy Qaspralı ilə görüşmüşdür. Nərimanov bu görüş barədə yazırdı ki, "bir-birimizin dərdindən və məqsədindən xəbərdar olduq''.
Nərimanov siyasi fəaliyyətə Odessada tələbə hərəkatında başlamış, çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya qayıtmış, sosial-demokrat "Hümmət” təşkilatına daxil olmuş, həmin təşkilatın fəaliyyətində yaxından iştirak etmişdir. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran sosial-demokrat "İctimaiyyun-amiyyun" ("Mücahid") partiyasının əsasını qoyanlardan biri olmuşdur. 1906-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) proqramını Azərbaycan dilinə tərcümə etmişdir. 1906-cı ildən başlayaraq Nərimanovun mətbuatdakı çıxışları mədəni, maarif problemləri ilə yanaşı, açıq siyasi məzmuıı daşımışdır. "İrşad" və "Həyat" qəzetlərində silsilə məqalələr dərc etdirmişdir. 1906-cı ildə o, Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən birinci qurultayının təsis komissiyasına sədrlik etmişdir. 1906-cı ilin dekabrında təhsilini başa vurmaq üçün Odessaya qayıtmışdır. 1907-08-ci illərdə "Nadir şah" faciəsi Volqaboyu, Türküstan, Cənubi Qafqaz şəhərlərində və Tehranda tamaşaya qoyulmuşdur. 1908-ci ildə Nərimanov universiteti bitirib Bakıya gəlmiş (bu münasibətlə tərəqqipərvər ziyalılar təntənəli qəbul təşkil etmişdilər), şəhər xəstəxanasında işləmişdir. 1909-cu ilin əvvəlində Tiflisə köçüb həkim-terapevt işləyən Nərimanov "Mücahid" təşkilatının üzvü olması və İran inqilabçılarına yardım göstərməsi ilə bağlı martın 1-də həbs edilib, Metex qalasına salınmışdır.
1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada olduğu müddətdə Qafqazla əlaqələrini kəsməmiş, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, yerli mətbuatla fəal əməkdaşlıq etmiş, mədəni-kütləvi təşkilatların işində çalışmış, həkimliklə məşğul olmuşdur. Həştərxan Xalq Universitetinin sədri olan Nərimanov quberniya həkimlərinin 2-ci qurultayında "Şurayi-İslam" cəmiyyəti adından çıxış etmiş (1911, aprel), Həştərxan şəhər Dumasının üzvü seçilmişdir (1913). Həştərxanda yaşayan türk əsirlərinin birinci qurultayını keçirmişdi. Onun Həştərxandakı fəaliyyətinin əks-sədası Avropaya da çatmışdı. "Paris" qəzetində verilən məlumatda deyilirdi ki, "Həştərxan, Kazan və Ufa şəhərlərində mətbuat vasitəsilə müsəlman millətçiliyi qızğın təbliğ edilir. Bu işdə Xalq Universitetləri Cəmiyyətinin sədri N.Nərimanov görkəmli rol oynayır. Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi arasında onun təbliğatı böyük uğur qazanmışdır".
1913-cü ilin iyulunda Həştərxandan Bakıya qayıdan Nərimanov həkimliklə yanaşı, "Nicat" cəmiyyətinin maarif bölməsinin sədri seçilmiş, "Tənqid gecələri" ədəbi dərnəyinin yaradılmasına rəhbərlik etmişdir. Fevral inqilabından (1917) sonra "Xalq yurdu", "Ədəb yurdu", "Xalq evi", "El yurdu", "Qonaot" adlı təşkilat və cəmiyyətlərin fəal təşkilatçılarından, siyasi mühazirəçilərindən biri kimi Rusiyadakı inqilabi proseslər haqqında müntəzəm məlumatlar vermişdir.
Nərimanov 1917-ci ilin martında "Hümmət" (bolşevik) təşkilatı Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir. Bakı Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Əbdüləli bəy Əmircanovla birlikdə Nərimanov da daxil idi. O, Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş qurultayında iştirak etmiş, qurultayın rəyasət heyətinə seçilmişdir (1917, aprel). Həmin dövrdə qızğın ictimai-siyasi fəaliyyət göstərən Nərimanov 1917-ci ilin iyununda RSDF(b)P Bakı Komitəsindən partiyalararası Məlumat Bürosu müşavirəsinə nümayəndə seçilmiş, Müsəlman İctimai Təşkilatları Komitəsinin xüsusi müşavirəsində məruzə etmişdir. İyulun 3-də Nərimanovun redaktorluğu ilə "Hümmət" qəzeti nəşrə başlamışdır. 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının üzvü seçilmiş, noyabrında isə Müəssisələr Məclisinə namizəd göstərilmişdir. O, 1917-ci ilin dekabrında hərbi əsirlərə yardım göstərilməsi üzrə xüsusi komitənin sədri təyin edilmiş, Bakıda türk əsirlərinə böyük qayğı göstərmişdir. Nargin adasında saxlanılan türk əsirlərinin dözülməz vəziyyəti haqqında dəfələrlə mətbuatda, şəhər dumasında çıxış etmiş, onlara yardım göstərməyə çağırmış və vəziyyətlərinin yaxşılaşmasına nail olmuşdur.
1917-ci ilin payızında bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdiyi dövrdən Nərimanov türk-müsəlman milli qüvvələrinə qarşı S.Şaumyanın rəhbərliyi ilə həyata keçirilən milli düşmənçilik siyasətinin qarşısını almağa çalışmışdır. 1918-ci ilin əvvəlində müsəlman diviziyasının başçısı general Talışinski Nərimanovun təkidi ilə həbsdən azad olunmuş, martda Nərimanovun təşəbbüsü ilə bolşeviklərlə müsavatçılar arasında danışıqlar aparılmış, qarşıdurmanın aradan qaldırılması yönündə müəyyən razılıq əldə edilsə də, "Hümmət"ə o qədər də etibarı olmayan bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi. Onlar həm də Nərimanovun çoxluğu öz ətrafında birləşdirib "sağa meyl etməsindən" narazı idilər. S.Şaumyanın başçılığı və göstərişi ilə "sinfi mübarizə" adı altında bolşevik-daşnak hərbi qüvvələri türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımı həyata keçirmişdilər. Nərimanov müsəlmanlara qarşı qırğınları dayandırmaq üçün S.Şaumyana və P.Çaparidzeyə məktubla müraciət etmiş, nəticədə, müsəlman sosialistləri ilə Şaumyan və Çaparidzenin birgə müzakirəsi keçirilmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü olan Nərimanov silahlı erməni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstərişini imzalamışdır.
1918-ci il aprelin 25-də Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin (BXKS) tərkibinə daxil edildi. Şəhərin sanitar şəraiti, şəhər müəssisələrinin, xəstəxanaların, təhsil müəssisələrinin vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun təklifı və imzası ilə BXKS-nin kağız pul nişanları buraxılmışdır. O, 1918-ci ilin mayında Bakı qəza kəndli deputatları sovetlərinin 1-ci qurultayının təşkilatçılarından biri idi. İyunda ağır xəstələnərək, RSDF(b)P Bakı Komitəsinin qərarı ilə müalicə üçün Həştərxana göndərilmişdir. Nərimanov BXKS-nin fəaliyyətindən narazı qalmış, 1918-ci ilin martında müsəlmanlara qarşı vəhşilikləri, sonradan isə bu cinayətlərin qəzalarda eyni dərəcədə davam etdirilməsini qətiyyətlə pisləmişdir. Bu cinayətlər üçün "1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir" tələbində olsa da, sosializm ideyalarına inanan Nərimanov Qafqazda sovet hakimiyyətinin qurulmasına çalışmışdır. Lakin bu prosesin "sinfi qırğınlar", vətəndaş müharibəsi, silahlı mübarizə yolu ilə deyil, yerli əhalinin milli-tarixi təfəkkürünü, sosial-məişət ənənəsini, mənəvi tələbatını, psixologiyasını nəzərə almaqla, siyasi mübarizə vasitəsi ilə həyata keçirilməsini qəbul edirdi. O, RK(b)P Həştərxan təşkilatı müsəlman bölməsinin komitə üzvü, "Hümmət" Qafqaz Müsəlman Kommunist Partiyası Mərkəzi Bürosunun sədri, həmçinin Həştərxan İcraiyyə komitəsi maarif şöbəsinin müdiri olmuşdur. 1919-cu ilin yanvarında Nərimanov Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığın sədri seçilmişdir.
Nərimanovun "Qafqazın fəthinə baxış" məruzəsi və "Biz Qafqaza hansı şüarla gedirik?" məqaləsi Qafqazda bolşevik siyasətinin proqram məzmunlu sənədləri idi. 1919-cu ilin iyulunda Nərimanov Azərbaycan Xalq Cümhuriyyəti 4-cü hökumət kabinəsinin başçısı N.Yusifbəyliyə məktubla müraciət etdi. Məktubda hökumətin İngiltərəyə münasibətdə mövqeyi tənqid edilir, Denikin təhlükəsinə qarşı mübarizənin mahiyyəti açıqlanır, sovet Rusiyası ilə əlaqələrin əhəmiyyətindən bəhs olunurdu. Ümumdünya inqilabına güclü inam olduğu dövrdə Azərbaycanda da sovet hakimiyyətinin qurulmasını labüd sayan Nərimanov hökuməti könüllü tərzdə hakimiyyətdən əl çəkməyə çağırırdı. Məktubunu tarixi sənəd kimi dəyərləndirən Nərimanov sonrakı nəticələr üçün məsuliyyəti hökumətin üzərinə qoyurdu. Oxşar məzmunda məktubla Nərimanov az sonra Hacı Nəcməddin Qotsinskiyə də müraciət etmiş, onun "panislamizm" ideyasına sədaqətini şübhə altına almış, güclü xarici müdaxiləçilərin istəyinə uyğun hərəkət etdiyinə görə onu məzəmmətləmişdi
Nərimanov 1919-cu il avqustun 10-da milli azlıqların Moskvada çağırılan müşavirəsinə nümayəndə seçilmişdir. 1919-cu ilin iyulunda RK(b)P MK-nın çağırışı ilə Həştərxandan Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığı (XXIK)Yaxın Şərq şöbəsinin müdiri təyin edilmiş, bir müddət həm də RSFSR Xalq Milli İşlər Komissarının müavini işləmişdir. Həmin dövrdə Nərimanov İ.V.Leninlə tez-tez görüşmüş, Rusiyanın xarici siyasətində Şərqin xüsusiyyətlərini nəzərə almağı ona tövsiyə etmişdir. 1919-cu il noyabrın 27-də Şərq xalqları kommunis təşkilatının 2-ci Ümumrusiya qurultayında çıxış etmişdir. 1920-ci ilin fevralında Bakıda gizli şəkildə keçirilən AK(b)P I-ci qurultayının fəxri sədri seçilmişdir. Şərqlə bağl məsələlərdə Nərimanovun məsləhətlərinə böyük önəm verən V.Lenin 1920-ci il martın axırlarında Azərbaycanın vəziyyəti, Sovet Rusiyasının Cənubi Qafqaz milli hökumətlərinə münasibəti barədə Nərimanovla söhbət etmişdi. Nərimanov RK(b)P MK-nın qərarı ilə Şimali Qafqazda sovet hakimiyyətini bərpa etmək üçün aprelin 8-də yaradılmış Büronun üzvü idi. V.Leninin göstərişi ilə Qafqaza yola düşən Nərimanova Cənubi Qafqaz müsəlmanlarının işləri üzrə komissar vəzifəsi tapşırılmışdı. Aprelin 27-də Nərimanov qiyabi olaraq Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin, sonra isə Azərbaycan İctimai Şura Cümhuriyyəti hökumətinin (Azərbaycanın SSR Xalq Komissarları Soveti) sədri seçildi.
1920-ci il mayın 16-da Bakıda təntənə ilə qarşılanan Nərimanova məlumat verildi ki, "Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər". Onun gəlişi ərəfəsində Q.Orconikidze və S.Kirov V.Leninə teleqram göndərək, "bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət" istəmiş, həm də "Nərimanova belə səlahiyyət verməməyi" tövsiyə etmişdilər. Nərimanovun gəlişi ərəfəsində Naxçıvan qəzasından başqa, demək olar, bütün Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. Onun, baş verən haqsızlıqlara qarşı mübarizə ilə başlanan fəaliyyəti Azərbaycan xalqının düşmənləri tərəfindən "milli təmayülçülük", "millətçilik" siyasəti, sonralar isə "nərimanovçuluq" adlandırılmışdır.
Nərimanov Azərbaycan xalqının milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, bütün bunlara milli dövlət quruculuğunun tərkib hissəsi kimi baxmış, milli adət-ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərmişdir. Onun bu fəaliyyəti birmənalı qarşılanmamış, əleyhinə geniş kampaniya aparılmışdır. Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini itirmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. O, Naxçıvanın Azərbaycanından təcrid olunmaması üçün Mehridən yol almaqdan ötrü ardıcıl mübarizə aparmış, Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməmişdir. Azərbaycanı sovet Rusiyasının müttəfıqi, müstəqil bir respublika kimi görən Nərimanov qarşılıqlı etimad əsasında mərkəzlə Azərbaycan arasında siyasi və iqtisadi hüquqların bölgüsü, Bakının milli simasının itirməsinin qarşısının alınması, milli və dini ənənələrin qorunması uğrunda ardıcıl mübarizə aparmışdır. Mərkəzin Azərbaycana qərəzli münasibətini, ruslara, ermənilərə və b. qeyri millətlərə xüsusi imtiyazların verilməsini pisləyərək, "kommunist cildinə girmiş daşnakların" məkrli fəaliyyətini ifşa etmişdir. O, Azərbaycan nümayəndəsinin bilavasitə iştirakı olmadan mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini, mərkəzi strukturlarda Azərbaycanın tam səlahiyyətli nümayəndələrlə təmsil olunmasını, neft istehsalına və satışına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını tələb etmişdir. Milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır.
Nərimanov Şərq xalqlarının Qərbin müstəmləkə zülmündən xilasını öz mübarizəsinin başlıca amalı saymışdır. 1920-ci ilin sentyabrında Kommunist İnternasionalı İcraiyyə Komitəsi (KİİK) tərəfındən Bakıda çağırılan Şərq xalqlarının 1-ci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak etmiş, KİİK yanında təşkil olunmuş "Şərq Xalqlarının Təbliğat və Fəaliyyət Şurası”na daxil olmuşdu. Nərimanov Sovet hökumətini Şərq siyasətini düzgün anlamamaqda ittiham edirdi. "İranda kommunist inqilabını inkişaf etdirmək" tərəfdarlarının tezliklə iflasa uğrayacağını əvvəlcədən bildirirdi. O, Rusiyanın Türkiyə siyasətinə müsbət yön verilməsinə fəal təsir göstərmişdir. Türkiyədən Moskvaya göndərilən nümayəndə heyətlərinin hamısı Bakıda Nərimanovdan məsləhət aldıqdan sonra oraya gedirdilər. Bakıdakı Britaniya hərbi əsirlərini Malta sürgünləri olan türk-kamalçılara, həmçinin Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumət üzvlərinə dəyişmək məsələsində Nərimanovun həlledici rolu olmuşdur. Nərimanov Atatürkə və türk xalqının istiqlal savaşına dərin rəğbət bəsləmiş, əlindən gələn yardımı göstərmişdir. Türkiyə rəsmiləri və mətbuatı onun bu fəaliyyətini yüksək qiymətləndirmişlər. Türkiyə Böyük Millət Məclisi Nərimanova fəxri qılınc vermək məqsədilə Azərbaycana xüsusi heyət göndərmək haqqında qərar qəbul etmişdi. Kremldəki ermənipərəst qüvvələrin təcrid olunmasında, Qars müqaviləsinin (1921) bağlanması və ratifikasiya edilməsində Nərimanov xüsusi rol oynamışdır. Nərimanov sovet Rusiyasının Azərbaycanın səlahiyyətlərini tam məhdudlaşdırmaq siyasətinə qarşı çıxmış, Azərbaycanda baş verən "inqilabi proseslərə" digər bolşeviklərdən fərqli münasibət bəsləmişdir. Bu səbəbdən də AK(b)P-nin 2-ci qurultayında (1920, oktyabr) ifrat bolşeviklər - V.V.Lominadze, Sarkis, Orconikidze, Zemlyanski, Yeqorov və b. tərəfindən kəskin tənqid olunmuşdur. Nərimanov noyabrın 9-da yenidən Azərbaycan İnqilab Komitəsinin sədri təsdiq edilsə də, İnqilab Komitəsinə, həmçinin təbliğat və fəaliyyət şurasına ümumi siyasi rəhbərlik Q.Orconikidzeyə tapşırılmışdır. Nərimanov bu barədə yazmışdır: "Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edib... Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi".
1921-ci ilin mayında 1-ci Ümumazərbaycan Sovetlər qurultayını, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk iclasını açmış və sessiya, Nərimanov başda olmaqla, Azərbaycan SSR hökumətini təşkil etmişdir. 1921-ci ildə Azərbaycan rəhbərliyində (S.M.Kirov, M.D.Hüseynov, L.İ.Mirzoyan, Ə.A.Qarayev, R.Ə.Axundov və b.) ona qarşı ixtilaf güclənmişdir. Yaranmış şəraitdə mövqeyini qorumaq, siyasi fəaliyyət xəttinə dəstək almaq üçün mərkəzi orqanlara, partiya rəhbərliyinə müraciət etmiş, əks halda, istefa verəcəyini bildirmişdir. İdarəetmədə səlahiyyətləri məhdud olsa da, xalq arasında böyük nüfuzu onun Azərbaycandakı fəaliyyətini rəqibləri üçün təhlükəli - dözülməz edirdi. Nərimanovun yüksək statusla rəhbər vəzifələrə təyinatı ilə müxalif qüvvələr onu Azərbaycandan uzaqlaşdırmağa nail oldular. 1922-ci ilin martında Nərimanov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri oldu. O, Zaqafqaziya partiya təşkilatlarının 1-ci qurultayında (1922, fevral) RK(b)P Qafqaz Ölkə Komitəsinin, iyunda isə Zaqafqaziya Ölkə Komitəsi Rəyasət Heyətinin üzvü, RK(b)P 12-13-cü qurultaylarında MK üzvlüyünə namizəd seçilmiş, Sovet nümayəndə heyətinin üzvü kimi Genuya konfransında (1922) iştirak etmişdir. SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmiş, SSRİ-nin ilk konstitusiyasının (1924) hazırlanmasında yaxından iştirak etmişdir. SSRİ MİK Rəyasət Heyətinin N.Nərimanovun sədrliyi ilə keçirilən iclasında (1925, 13 fevral) Böyük Sovet Ensiklopediyasının nəşri qərara alınmışdır. Şərqşünaslıq Elmi Cəmiyyəti və onun "Novıy Vostok" jurnalı ilə əməkdaşlıq etmişdir. Moskva Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun adını daşımışdır. 1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunmuşdur. Mart ayının 19-da müəmmalı şəkildə qəflətən vəfat edən Nərimanovun zəhərləndirilərək öldürülməsi fıkri geniş yayılmışdır. Onun dəfn günü - martın 23-ü matəm günü elan edilmişdir. Nərimanov Moskvada, Qızıl Meydanda Kreml divarı yanında dəfn olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nərimanov siyasi müxalifətdə olsa da, pyesləri Azərbaycan teatrının səhnəsində oynanılmışdır. Üzeyir bəy Hacıbəyli hələ 1917-ci ildə Nərimanovu "ustad dramaturq" adlandırırdı. Türk (Azərbaycan) dilinə dair bir sıra kəsərli yazılarla çıxış edən Nərimanov Azərbaycan dilində həftəlik "Təzə xəbərlər" qəzetinin, həmçinin aylıq elmi-pedaqoji "Məktəb" jurnalının nəşri barədə rəsmi müraciətlər etmişdir. Nərimanov Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinə xalqın həqiqi mənafeyinin ifadəsi prinsipindən çıxış edərək münasibət göstərmişdir. Dövlət idarəçilərinin, hökumət tərkibinin, sosial mənşəyi mənafeyindən fəaliyyət göstərdiyi qənaətində olan Nərimanovun Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə şəxsi münasibəti qərəzli olmamış, onların çoxunun sovet hakimiyyəti tərəfindən məhv edilməsinin qarşısını almış, təhlükəsizlikləri baxımından xaricə getməsinə imkan yaratmış, ölkədə qalanları isə, imkanı daxilində, himayə edib qorumuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almağa göndərilmiş azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında N.Nərimanov xüsusi qərar imzalamışdır. Onun şəxsi göstərişi ilə xaricdə oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması tapşırılmışdı. Nərimanov ZSFSR və SSRİ rəhbərliyində çalışdığı vaxtlarda da Azərbaycanda gedən prosesləri diqqət mərkəzində saxlamışdır. Azərbaycan neftinin 15%-nin respublikaya çatması, maarif və səhiyyəyə sərf edilməsi uğrunda gərgin mübarizə aparmışdır. Bu barədə müvafiq razılıq əldə edilməsinə baxmayaraq, "Azərneft”in sədri "Serebrovski mövcud qərarı lazımi surətdə yerinə yetirməmişdir". Nərimanov Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə məktubunda yazmışdı: "...Sovet respublikasında başda "kral" Serebrovski olmaqla, "monarxiya" yaratmaq nəyə lazım idi, o, indiyə qədər elə bilir ki, azərbaycanlıları aypara və ulduzla aldadır".
Nərimanov Azərbaycan xalqının mənafeyinə zidd siyasəti cəsarətlə ifşa etmiş, mərkəz qarşısında müvafıq məsələlər qaldırmış, "Şərq məsələsi" və "Azərbaycanda vəziyyət" bölmələrindən ibarət "Ucqarlarda inqilabımızın tarixinə dair" adlandırdığı iri həcmli məktub-məruzəni Mərkəzi Komitəyə, İ.Stalinə, L.Trotskiyə, K.Radekə göndərmişdir. Nərimanovun məruzədə qeyd etdiyi "Bu sənədin işıq üzü görməyə imkanı yoxdur, lakin vaxt olacaq ki, tarix bizim qəzanın müqəssirlərini axtaracaqdır" mülahizəsi düzgün çıxdı. Mövcud hakimiyyət, dövlət idarəçiliyi məzmununda kommunist partiyasının iflasa məhkumluğunu irəlicədən bildirən Nərimanov məruzədə yazırdı ki, "hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya yoxdur... partiya günbəgün deyil, saatbasaat parçalanır... Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir... Serqo (Q.Orconikidze - red.) və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır". Məruzə ilə əlaqədar Bakıya komissiya göndərilmiş, respublika partiya rəhbərliyinin Nərimanova qarşı mənfi münasibətinin təsiri altında keçirilən yığıncaqlarda onun ünvanına qərəzli fikirlər, böhtanlar səslənmişdir. Komissiyanın işinin yekunları RK(b)P MK Siyasi Bürosunun iclasında dinlənilmiş, Nərimanova siyasi etimad göstərilmişdir. Ona heç bir partiya cəzası verilməsə də, mənfı münasibət davam etməkdə idi. Dövlətin yeritdiyi siyasətdən narazı qüvvələrin ümid yeri olan Nərimanov SSRİ miqyasmda gələn şikayətlərə baxılmasına və müvafıq tədbir görülməsinə nəzarət edirdi. Nərimanovun vəfatı ilə Azərbaycanda "milli təmayülçülük" hərəkatı zəifləmiş, "nərimanovçuluq" cərəyanına qarşı təqiblər başlamışdı. Uzun müddət Azərbaycanda onun adınm belə çəkilməsi yasaq edilmişdi. 1950-ci illərin ortalarından Nərimanova "ictimai və siyasi bəraət" istiqamətli tədqiqat işləri dərc edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti layiqli qiymətini almış, anadan olmasının 100 illiyi təntənə ilə qeyd olunmuş, Bakıda əzəmətli abidəsi ucaldılmış, Xatirə muzeyi yaradılmışdır. Azərbaycandan başqa yerlərdə, o cümlədən Ulyanovskda (1977), Marneuli şəhərində (1983) Nərimanova abidə qoyulmuşdur. 1982-ci ildə Moskvada Nərimanovun 1925-ci ildə yaşadığı binada onun qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi açılmışdır.
Mənbə: https://portal.azertag.az/az