Azərbaycan elminin görkəmli nümayəndəsi fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimov 1948-ci il oktyabrın 18-də İrəvan şəhərində dünyaya göz açıb. Ailəsi ilə birlikdə Bakıya köçərək, burada orta məktəbi bitirdikdən sonra 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində ali təhsil alıb. O, 1975–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxuyub.
Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Mahmud Kərimov 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis vəzifəsində çalışıb, 1974–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və laboratoriya rəhbəri vəzifələrində işləyib, 1984–2001-ci illərdə isə həmin sektorun direktoru vəzifəsini tutub.
Mahmud Kərimov nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də tədqiqatlar aparırdı. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub. O, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə mühüm layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. Azərbaycanın bir çox nüfuzlu təşkilatda təmsilçisi olaraq o, ətraf mühitin zərərli faktorlarının fizikası və kimyası ilə bağlı mühüm layihələrin gerçəkləşməsində də öz səylərini əsirgəmirdi.
M.Kərimov 2001-2013-cü illərdə AMEA-nın prezidenti olduğu müddətdə elm təşkilatçısı kimi ölkəmizdə elmin inkişafında dərin iz qoyub, akademiyanın elmi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturu müasir dövrün tələbləri baxımından modernləşdirilib, təkmilləşdirilib, maddi-texniki bazası və kadr potensialı gücləndirilıb. Mahmud Kərimov AMEA-ya rəhbərliyi dövründə dövlətin elm siyasətinin regionlarda da uğurla tətbiqinə çalışıb. Məhz onun bu quruma rəhbərlik etdiyi dövrdə AMEA-nın Naxçıvanda və Gəncədə bölmələri, Şəkidə və Lənkəranda isə regional bölmələri yaradılıb. Ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən alimin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri ilə rəsmiləşdirilib. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.
MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədilə istifadəsi üzrə komissiyalarının üzvü olan Mahmud Kərimov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin səmərəli əlaqələndirilməsi prosesinə də mühüm töhfə verib. Akademikin rəhbərliyi altında 8 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanıb.
Mahmud Kərimovun zəngin elmi və elmi-təşkilati fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib və o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. 2018-ci ildə Bakıda mərhum akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimov 2013-cü il fevralın 10-da ömrünün 65-ci ilində vəfat edib. Görkəmli alim Fəxri xiyabanda dəfn edilib.