Görkəmli alim, tanınmış pedaqoq, maarifçi, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadə 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. O, lap uşaqlıq illərindən təhsilə, elmə xüsusi diqqət və maraq göstərib. Cəbrayılda pedaqoji kurs keçib, 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və bir müddət Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbdə müəllimlik edib. O, eyni zamanda, elmi fəaliyyətlə məşğul olub.
M.Mehdizadə 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış M.Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək səmərəli fəaliyyət göstərib. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (1967) olub.
Təhsilimizə böyük töhfələr vermiş akademik M.Mehdizadə pedaqogika və təhsilə dair dəyərli monoqrafiya və məqalənin müəllifidir. Alimin yaxından iştirakı və həmmüəllifliyi ilə iki hissədən ibarət “Pedaqogika” dərs vəsaiti hazırlanaraq nəşr edilib.
Akademik M.Mehdizadənin elmi yaradıcılığı əsasən təlimin təşkili, dərsin qurulması və aparılması məsələlərinə, məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına həsr olunub. Onun elmi əsərlərinin bir qismi respublikamızda 1920-ci ilədək olan məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı pedaqoqların pedaqoji fəaliyyətinin araşdırılmasına və öyrənilməsinə həsr edilib. M.Mehdizadə ilk dəfə Azərbaycanda, eləcə də bütün Qafqazda fəaliyyət göstərən, təlim rus dilində olan məktəblərin açılmasını çar Rusiyasının siyasi məqsədləri, istilaçılıq niyyəti ilə əlaqələndirib, həm də rus məktəblərinin mütərəqqi rolunu da göstərib.
M.Mehdizadənin mühüm xidmətlərindən biri də ölkəmizdə məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 20-30-cu illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən vahid əmək, politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi, kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qollarını təşkil edir.
Görkəmli alim və pedaqoq təhsil idarəçiliyi sahəsində əsl məktəb yaratmışdı. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib. M.Mehdizadə insanpərvər bir şəxsiyyət, geniş dünyagörüşə malik bir ziyalı idi. O, ölkənin, cəmiyyətin inkişafını elmdə, təhsildə görürdü. Ona görə də o, təhsilimizin təkmilləşdirilməsinə daim xüsusi önəm verirdi.
Göstərdiyi xidmətlərinə görə akademik M.Mehdizadə yüksək mükafatlara layiq görülüb. O, təhsilimizin heç zaman unudulmayan, daim böyük sevgi ilə xatırlanacaq parlaq simalarından biridir.