Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb. Onun anası Qaşqa-Camal elmə, ədəbiyyata meyillı bir insan idi. O, qızı Mərziyəni 1908-ci ildə kəndlərində fəaliyyət göstərən dördillik “Darültəhsil” tatar məktəbində oxutdurub. Məktəbi bitirəndən sonra M.Davudova Həştərxanda “Qaliyə” məktəbində təhsilini davam etdirib. 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəbində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb.
XX əsrin əvvəlində N.Vəzirovun, N.Nərimanovun əsərləri tatar dilinə tərcümə olunur və Hüseyn Ərəblinski, Mirzağa Əliyev kimi böyük səhnə ustaları yerli həvəskarlarla qastrol tamaşalarında çıxışlar edirlər. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə anasını itirdikdən sonra Bakı gəlib. İlk dəfə Birləşmiş Dövlət Teatrı nəzdində Türk Dram Teatrı kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub. Əksər Azərbaycan, rus, Qərbi Avropa dramaturgiyasının baş qəhrəmanlarına səhnə həyatı verib. Həvəskar aktrisalıqdan SSRİ xalq artisti səviyyəsinə yüksələn Mərziyə Davudova 1962-ci ildə yanvarın 5-də altmış yaşında həyat ilə vidalaşıb, Birinci Fəxri xiyabanda dəfn olunub.
Mərziyə Davudova hələ gənc yaşlarında səhnəni, böyük məhəbbətlə sevib, bütün həyatını səhnə sənətinə həsr edib. Neçə on illər tamaşaçılar Mərziyə Davudovanın böyük sənətindən zövq alıb, böyük bir aktrisalar nəsli ona baxaraq səhnəyə gəlib. Mərziyə xanım aktrisalıq şöhrəti o qədər parlayıb ki, onu Azərbaycandan çox-çox uzaqlarda da tanıyırdılar. Onun yaradıcılığı müsbət və mənfi obrazlar ilə zəngindir. Aktrisa üçün obrazın böyük və kiçikliyi, mənfi və müsbətliyi olmayıb. Aktrisa ona tapşırılan obrazı öz sənət süzgəcindən keçirib, yüksək sənətkarlıqla tamaşaçılara təqdim edib.
Onun ifa etdiyi Sevil, Gültəkin, Firəngiz, Gülnisə, Yaxşı, Gülsabah, Solmaz, Nabat, Şəmsa (“Sevil”, “Aydın”, “Oktay Eloğlu”, “Solgun çiçəklər”, “Almaz”, “Dönüş”, “Od gəlini”, “1905-ci ildə”, “Trablis müharibəsi”), Xuraman, Qızyetər, Şirin, Səhər (“Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”), Südabə, Xumar, Jasmen, Anjela (“Səyavuş”, “Şeyx Sənan”, “Knyaz”, “Uçurum”), Səlimə, Sona (“Pəri cadu”, “Dağılan tifaq”), Həyat, Lina (“Həyat”, “Madrid”), Həcər (“Qacaq Nəbi”), Gülzar (“Şərqin səhəri”), Məshəti (“Nizami”), Ülkər (“Vəfa”), Nüşabə (“Nüşabə”), Gertruda, Dezdemona, Qonerilya, Ledi Maqbet (“Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”), Luiza (“Mərk və məhəbbət”), Joziana (“Gülən adam”), Kriçinina, Kabanixa (“Günahsız müqəssirlər”, “Tufan”), Vassa Jeleznova (“Vassa Jelezniva”), Lambrini (“Gözəllik və sevgi adası”) və s. obrazlar Azərbaycan teatr tarixinin qızıl fonduna daxil olub.
Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı deyib ki; “Mərziyə yetkin sənətkardır, aktrisa, səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.
Mərziyə Davudova yaradıcılıqda nə qazanıbsa, hamısını gərgin əmək sayəsində əldə edib. Onun həyatı, obraz üzərində böyük təmkinlə işləyən, xarakterin bütün təfərrüatını dərindən mənimsəyən zəhmətkeş bir insanın həyatıdır. O, zəngin xarakterlər, qüvvətli ehtiraslar ustası idi. O, qırx illik yaradıcılıq dövründə yüzlərlə rəngarəng, unudulmaz səhnə qəhrəmanları yaratmışdır. O, görkəmli səhnə xadimi kimi, birdən-birə meydana gəlməmişdir. Sənətkarlığın yüksək pilləsinə zəhmətlə, əziyyətlə yüksəlmişdir.
Mərziyə Davudovanın ifasındakı zəngin boyalar onun ifaçılıq sənətinin fərqləndirən əsas əlamətlərdəndir. Aktrisanın ifa üslubu son dərəcə çətin və mürəkkəb idi. Görkəmli teatr rejissoru, pedaqoq Mehdi Məmmədov “Teatrlar, aktyorlar, tamaşalar” kitabında Mərziyyə Davudovun səhnə fəaliyyəti haqqında deyirdi: “O, müxtəlif cəhətlərin, başqa-başqa üsulların, bəzən təzadların uyuşmasından, vəhdətindən istifadə edir. Romantik ünsürlər onun oyununda məişət boyaları, faciə ünsürləri isə yumor boyaları ilə uzlaşır, o, qəhrəmaniliyi göstərmək üçün adilikdən, monumentallığı sezdirmək üçün təfərrüatdan istifadə edir. İlham dəqiqələrində biz səhnəmizin sönməz ulduzu Mərziyə xanımın oyununda böyüklüyün sadəliyini və sadəliyin böyüklüyünü az görməmişik”.
Mərziyə xanım səmimi aktrisa idi. O, obrazı özününkü etməmiş səhnəyə çıxmazdı. Bu da onun tamaşaçılara hörmətindən irəli gəlirdi. O, səhnədə çıxış etdiyi hər sözün arxasında axtarışlarla dolu olan, gərgin duyğular dayanmışdı. Bu cəhət Mərziyə Davudovanın tamaşaçılara sevdirməsinin əsas şərtlərindən biri idi. Onun ifa etdiyi obrazlar heç biri digərinə bənzəmir. O, obrazı tamaşadan tamaşaya təkmilləşdirir, onu canlı insan şəklinə salırdı. Mərziyə xanım obrazın inkişaf dinamikasını düzgün müəyyənləşdirə bilirdi, əsərdə baş verən hadisələrə onun münasibətini göstərirdi. Bu böyük aktrisanın səhnə fəaliyyəti illər boyu parlamış, Azərbaycan teatr tarixində nadir hadisəyə çevrilmişdir. Onun ifa etdiyi zəngin obrazlar indi də öz bədii dəyərini itirməmişdir.
Mərziyə Davudova dram artisti olmaqla yanaşı, öz istedadını Azərbaycan kinosunda da sınayıb. O, otuzuncu illərdən başlayaraq ömrünün sonuna qədər irili-xırdalı bir necə filmə (“Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bəxtiyar”, “Həqiqi dost”, “Bir məhəlləli iki oğlan”, “Koroğlu”) çəkilib. Xüsusən onun “Bir ailə”, “Bakının işıqları” və “Koroğlu” filmlərində yaratdığı müxtəlif xarakterli ana obrazları öz bədii dəyəri ilə seçilən sənət nümunələridir.