Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.
Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləmişdir. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdur.
Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.
Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.