\
Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və musiqi mədəniyyətimiz tarixində öz dəst-xət ilə seçilən sənətkarlardan olub.
1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olan R.Mustafayev bir il sonra ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1940-cı ildə natamam orta təhsilini başa vuraraq, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq şöbəsində, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal, 1953-1957-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1942-ci ildə Gənc Tamaşaçılar Teatrında başlayan Ramiz Mustafayev 1943-1948-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub, 1948-ci ildən ömrünün sonunadək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivində xormeyster, baş redaktor və bədii rəhbər vəzifələrində çalışıb. O, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.
Bəstəkarın ümumən xalq sənətinin tükənməz xəzinəsindən qidalanan yaradıcılığına məzmun dolğunluğu və forma rəngarəngliyi xasdır. Vətən sevgisinin tərənnümü onun altmış ildən artıq bir dövr ərzində aktual mövzularla zəngin və çoxşaxəli fəaliyyətinin başlıca qayəsini təşkil edib. Sənətkarın tarixi keçmişimizə dərin maraq oyadan “Vaqif” operası Azərbaycan Dövlət Opera və Balet Teatrında uğurlu səhnə həyatı yaşayıb.
Ramiz Mustafayevin əsərləri – opera və musiqili komediyaları, oratoriya və kantataları, vokal-simfonik poemaları, simfonik və kamera musiqiləri, marş, mahnı və romansları müasir musiqi mədəniyyətimizin nailiyyətləri sırasındadır. Fitri istedadın məhsulu olan bu sənət nümunələri həmişə rəğbət və məhəbbətlə qarşılanıb və ölkəmizin hüdudlarından uzaqlarda da müvəffəqiyyətlə ifa edilərək, müəllifinə şöhrət gətirib. Bəstəkarın vokal əsərləri unudulmaz ifaçılarımızın repertuarında səslənərək populyarlıq qazanıb.
Ramiz Mustafayev uzun illər Azərbaycan Televiziyası və Radiosu xorunun rəhbəri olaraq, ölkəmizdə bu musiqi janrının inkişafı yolunda böyük əmək sərf edib. O, xor üçün neçə-neçə yaddaqalan əsər bəstələyib və 250-yə yaxın xalq mahnısını və təsnifi işləyib. Professional musiqi sənətimizin görkəmli nümayəndələrindən olan bəstəkar həm də tanınmış dirijor idi.
Ramiz Mustafayevin respublikamızda musiqi kadrlarının yetişdirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyəti də təqdirəlayiqdir. O, ayrı-ayrı illərdə Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində özünün bilik və təcrübəsini əsirgəməyib.
Ramiz Mustafayev milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Ramiz Mustafayev 2008-ci il aprelin 10-da vəfat edib.