Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib.
Cövdət Hacıyev 1917-ci ildə Şəkidə anadan olub. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Bəstəkar ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. O, bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunub.
Prezident İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən Cövdət Hacıyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.
Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.