İsa Hüseynov (Muğanna) Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil ki, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.
İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurası üzvü, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedirdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 20-ci illərdən sonra ədəbiyyatı qapsamış sosialist düşüncənin direktivləri əsasında hasilə gələn mətnlər bədii-estetik səviyyə baxımından uğur vəd etmirdilər. Amma məsələ bununla qapanmırdı ki... Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir, digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı. Sonucda XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 20-ci illərə qədər proses o şəkildə aparılırdı ki, ədəbiyyat dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etməyə qadir görünürdü. Sonra onları nələr əvəz etdi? Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyatın stixiyasını pozdu, birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. - hətta mövzular belə şüur hadisəsinə yönəlmiş antiədəbiyyat anlayışına xidmət edirdi. İsa Hüseynovun 60-cı illərin əvvəllərində çap olunan "Doğma və yad adamlar", "Yanar ürək" romanları, "Teleqram", "Tütək səsi", "Kollu koxa" kimi pyes və hekayələrində vəziyyətin başqa qütbə yuvarlandığını nişan verən əlamətlər əksini tapırdı və "yaddaşsızlığa atılan daşlar"dan hörülən yeni nəsrin ilk örnəkləri kimi əlahiddə idilər.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Ümumiyyətlə, İsa Hüseynovun nəsrində qəhrəman və mühit problemi çox kəskin ifadəsini tapıb. Yazıçı dərk edirdi ki, mühitdəki əyintiləri təsvir etmədən onu sarsıtmaq mümkünsüz olacaq. Ona görə sovet mühitində yaşayan qəhrəman obrazı ilə rejimin insanların mənəvi aləmində açdığı dərin yaraları, ictimai quruluşun antihumanist mahiyyətini göstərməyə çalışırdı.
Kənd problemi və bu müstəvidə şəxsiyyət və zaman rakursu İsa Hüseynovun əsərlərində də özünəxas bir şəkildə qoyulur. İsa Hüseynovun "Məhşər", "İdeal" əsərləri kəskin sosial ziddiyyətlərin toqquşması şəraitində psixoloji sarsıntı keçirən intellektual insanların mənəvi aləmlərinin, yaşantılarının ədəbiyyata gətirilməsi demək idi. İsa Hüseynov yalnız kənd təsvirlərindən, kənddə yaşayan insanların həyat tərzindən, faciəsindən, problemlərindən yazmırdı, onun təsvir etdiyi kənd mühitindən dünyaya çıxış aparıcı idi, dünyanın gedişatı, həyatın əbədi sualları, olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünürdü, fəlsəfi qənaətlərlə mühakimələr yürüdürdü, daxili monoloqlarla dərin problemlər üzərində baş yorurdu. Bu dərinlik ona qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, psixologizmi gücləndirməyə kömək edirdi.
İ.Hüseynov mühitin çirklənməsinin səbəbini, sadəcə, urbanizasiyada görmürdü. Eləcə də onun qəhrəmanlarının təsəvvüründə kəndin təbiiliyi, saflığı heç də geniş mənada mühitin saflığı demək deyildi. Mənəviyyatsızlıq insan xislətinin təzahürü olaraq mənalanırdı bu mətnlərdə. Zənnimcə, onları hər zaman üçün diri saxlayan da elə bu məziyyəti olacaq: İnsan xislətinin bütün qatlarını ədəbiyyata ötürmək, onu bədii təcəssümün predmetinə çevirmək məqsədyönlülüyü...
Böyük yazıçının sənədləri özü tərəfindən ilk dəfə arxivə 1966-cı ildə verilib. Hal–hazırda isə demək olar ki, bütünlüklə şəxsi arxivi dövlət mühafizəsinə qəbul edilmişdir. Sənədlərin əsasını əlyazmalar, tərcümeyi-hal sənədləri, məktublar, təsviri sənədlər və s. təşkil edir.
İsa Hüseynov 2014-cü ildə Bakı şəhərində vəfat edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük ədibin 90 illik yubileyi Azərbaycan Dövlət Filarmoniyasında təntənəli şəkildə qeyd edilib, eyni zamanda ədibin doğma yurdu olan Ağstafa rayonunda da rayon rəhbərliyinin təşkilatçılığı ilə çox yüksək səviyyədə yubiley tədbiri keçirilib.