Azərbaycan xalqı bir çox dövlətlərin musiqi mədəniyyətinin inkişafında xidmətləri olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biri, respublikamızın Əməkdar artisti, adı İngiltərənin “Qrova”, Hollandiyanın “Avropa musiqisinin 400 illiyi” ensiklopediyalarına daxil olmuş bəstəkar, skripkaçı, pedaqoq Fərhəng Hüseynov məhz belə sənətkarlardandır.
Fərhəng Hüseynov 16 iyul 1949-cu ildə Bakıda, ziyalı ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini Konservatoriyanın nəzdindəki orta ixtisas musiqi məktəbində alan Fərhəng skripka alətini seçir və E.S.Barştakın sinfində oxuyur. Məktəbdə oxuyarkən musiqi bəstələmək qabiliyyətinə görə o, həm də O.Nikolskayanın sinfində kompozisiya üzrə fakultativ dərsləri alır. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına skripka ifaçısı kimi daxil olan Fərhəng Hüseynov musiqi məktəbinin son sinfində bəstələdiyi fortepiano üçün sonatasını qəbul komissiyasına təqdim edir və bəstəkarlıq dərslərini dahi sənətkar Q.Qarayevdən alır.
Fərhəng Hüseynov dahi bəstəkarımız Qara Qarayevin diqqətini hələ Bülbül adına orta ixtisas musiqi məktəbinin yuxarı siniflərində təhsil alarkən cəlb etmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına skripka ifaçısı kimi daxil olan F.Hüseynov musiqi məktəbinin son sinfində bəstələdiyi fortepiano üçün sonatasını qəbul komissiyasına təqdim edir. Qara Qarayevin onun sonatasından çox xoşu gəlir. Ona bəstəkarlıq dərsi verməyə başlayır.
Az sonra F.Hüseynov Qara Qarayevin məsləhəti ilə təhsilini Moskvada, məşhur skripkaçı Leonid Koqanın sinfində davam etdirir. Moskvadakı təhsil illərində o, müxtəlif ansamblların, eləcə də Moskva Konservatoriyasının orkestrinin tərkibində çıxış edir və 1972-ci ildə Qərbi Berlində keçirilən Herbert fon Karayan adına müsabiqədə bu orkestrin heytəində qızıl medala layiq görülür.
Müəllim, ifaçı, bəstəkar F.Hüseynov özünü skripkasız təsəvvür etmir və təsadüfi deyil ki, onun ilk əsərlərindən çoxu bu ecazkar alət üçün yazılmışdır: skripka ilə orkestr üçün konsert, simli alətlər üçün serenada, skripka ilə fortepiano üçün 5 hissəli əsər və s. 1975-ci ildə artıq yetkin bir musiqiçi kimi püxtələşən F.Hüseynov Bakı Konservatoriyasında skripka fənnindən dərs deməklə yanaşı, bəstəkarlıq sinfində də təhsilini davam etdirir.
Bakıda F.Hüseynov aktiv ifaçılıq fəaliyyəti ilə məşğul olur. O, tez-tez solo və ansambllarda, duet, kvartetlərin tərkibində konsert proqramları ilə çıxış edir. 70-80-ci illərdə Fərhəng Hüseynov çox sayda instrumental əsərlər bəstələyir. Fortepiano üçün sonata, prelüd və tokkata, skripka üçün sonata (1980-ci ildə Moskvada nəşr olunmuşdur), uşaqlar üçün fortepiano silsiləsi (Praqada «Suprafon» nəşriyyatı), violonçel üçün sonata (Moskvada «Melodiya» firması) fortepiano üçün fuqa, qoboy və simli alətlər üçün «Aşığın xatirəsinə», 10 alət və kamera orkestri üçün Konsert və başqaları həmin illərin bəhrəsidir.
Musiqi bəstələməklə yanaşı, F.Hüseynov ifaçılıq fəaliyyətini də davam etdirir. Avropada tanınmış pianoçu Lesko Toradze ilə P.Hindemitin sonatasının ifası skripkaçı F.Hüseynovun uğurlarındandır. 90-cı illərin əvvəllərində F.Hüseynovun Bakı Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında səslənən 3 hissəli simfoniyası maraqla qarşılanır. Melodik və harmonik dilin təravəti, intonasiya bitkinliyi, orkestr rəngarəngliyi, impressionizm səslənməsinin yeniliyi ilə seçilən bu əsər dinləyicilərin diqqətini cəlb edir. Həmin ildə bəstəkar Ekzüperinin əsəri əsasında «Kiçik şahzadə» operasını yazır.
1991-ci ildə Yaponiyada YUNESKO-nun təşəbbüsü ilə «İpək yolu» beynəlxalq simfonik musiqi müsabiqəsi keçirilir. Tədbir bir çox ölkələrin musiqiçiləri tərəfindən maraqla qarşılanır və müsabiqəyə 278 əsər göndərilir. Fərhəng Hüseynovun bu müsabiqəyə təqdim etdiyi 5 hissədən — «Böyük düzənlik», «Hərb və sülh», «Böyük elçilik», «Oyunlar», «Kəhkəşan» — ibarət olan «Zaman üzrə səyahət» əsəri II mükafata layiq görülür. Bütün dünya xalqlarını sülhə, əminamanlığa səsləyən bu orkestr kompozisiyasında bəstəkar əsərin əsas qayəsini ustalıqla təcəssüm etdirmişdir. «Yaponiya ilk dəfə Azərbaycanı sizin simanızda tanıdı!» — bu sözləri müsabiqə təşkilatçıları F.Hüseynova diplomu təqdim elərkən söyləmişlər.
1992-ci ildən F.Hüseynov Türkiyənin Adana şəhərinin Çukurova Universitetində simli alətlər kafedrasının müdiridir. Tələbələrinə skripka alətinin sirlərini öyrədən, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərdə müvəffəqiyyətlə çıxış edən F.Hüseynov təkcə Universitetin deyil, həm də türk ictimaiyyətinin dərin məhəbbətini qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, uzun illər F.Hüseynovun və onun tələbələrinin konsert çıxışlarını bəstəkarın həyat yoldaşı, istedadlı pianoçu Leyla Hüseynova müşayiət edir.
F.Hüseynovun İsrail dövlətinin dəvəti ilə Hayfa şəhərində dünyanın bir çox ölkələrindən bura toplaşan tələbələrlə birlikdə konsertdə çıxışları musiqisevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Professor Roberto Kanettinin həmyerlimiz haqqında dediklərini misal gətirmək yerinə düşərdi: «Mən skripkaçı, bəstəkar, pedaqoq, professor F.Hüseynovu çoxdan tanıyıram. O, bizim musiqi festivalımıza dəvət almış və bu böyük sənətçinin tələbələri həmin tədbirdə uğurlu çıxışları ilə müəllimlərinin yüksək professionallığını nümayiş etdirdilər».
F.Hüseynov mütəmadi olaraq ayrı-ayrı ölkələrin tanınmış musiqiçilərindən müxtəlif tədbirlərdə iştirak etmək üçün dəvətlər alır. Belə ki, o, 2003-cü ildə Lissabonda (İspaniya), 2004-cü ildə Kremonada (İtaliya) keçirilən skripka müsabiqələrində münsiflər heyətinin üzvü olmaqla yanaşı, gənc musiqiçilərlə master klass nümayiş etdirmişdir. 2005-ci ildə isə Macarıstanda dünyanın bir çox ölkələrindən toplanmış professional musiqiçilər heyətində skripka üzrə kurslar keçirmişdir.
F.Hüseynovun irihəcmli əsərlərindən biri Mersin Opera və Balet Teatrının sifarişi ilə yazdığı «Kraliça Aba» baletidir. Baletin musiqi dili Azərbaycan və türk folklorunun ritm-intonasiyalarının üzvi vəhdəti ilə diqqəti cəlb edir. Klassik balet janrının, xüsusilə də rus baletinin təsiri burada özünü büruzə verir. «Kraliça Aba» baleti Türkiyədə böyük uğur qazanaraq, antik mövzuda ilk balet kimi qəbul olundu. «Mərmərə Balet Yarışması» müsabiqəsində həmyerlimiz Fərhəng Hüseynovun baleti birinci mükafata layiq görülüb.
16 fevral 2010-cu ildə ürək tutmasından vəfat edib.