Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib.
İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004).
2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
17 Fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru Paşa”, “Nizami”, “Sözü tara verin” çoxlu sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.
Xalq şairi 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. 100-dən artıq şeirinə musiqi bəstələnib.