Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məktəbini bitirmiş, 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.
“Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. “Kür sahillərində (1953), “Bizim Astrada” (1956), "Telefonçu qız" (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), "İllər keçir” (1973, İ.Qasımovla birgə), "Tərsanə” (1975), "Çiçək” (1978) romanları, "Dəniz cəsurları sevir" (1954 , "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.
Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazmışdır. Həsən Seyidbəyli Azerbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində geniş şöhrət qazandırmışdır. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.
Ömrünün son vaxtlarında H.Seyidbəyli ssenarisini özünün yazdığı “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Bu mövzu rejissorun cəmiyyətə, dünyaya vermək istədiyi əsl mesajı idi.
1980-ci ilin 25 iyunu da gərgin iş günlərindən biri idi. Bu dəfə ürəyi dözmədi və o, elə həmin axşam oğlu Ziyanın qollarında son nəfəsini verdi. Sən demə, həmin günlərdə Həsən Seyidbəyli ikinci dəfə Ali Sovetə deputat seçilibmiş. Onun deputat biletini simvolik olaraq, vəfatından sonra ailəsinə verdilər. O, əbədi həyat biletini isə sağlığında ekranlara həkk elədiyi imzası ilə qazanmışdı...