Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.
Təhsilini başa vurduqdan sonra Bakıda “Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsuAzərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.
Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.