Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Moskvada təhsil aldığı müddətdə bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olur. Sonralar şairin özü qeyd edir ki, “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.
O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.
Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub.
Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.