Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olmuşdur. O, ilk təhsilini kənd camesində almış və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, “Fateh” məktəbində təhsilini davam etdirmişdir.
Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan “Darüş Şəfəq” məktəbinə daxil olmuşdur. Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulmuşdur.
Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə qayıtmışdır. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəltmişdir. Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutmuşdur. O. Burada M.F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesini səhnə üçün hazırlamış, Müsyö Jordan rolunda özü çıxış etmişdir. 1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, orada İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə yaxından tanış olmuşdur. Məhəmməd Əfəndi oradakı gənc müəllimlər və yazıçılara təsir etmişdir.
Ömər Faiq 1896-1998-ci illərdə xəstəliyinə görə Abastumanda və Azğurda qalmışdır. Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb – ondan: “Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz” cavabını almışdır. Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib “Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu” söyləmişdir. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə “hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır” demişdir. Xəstəlikdən sağalıb o, 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləmişdir. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və dil fənlərini tədris etdirmişdir. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlmişdir. Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq “Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim” demişdir. Ömər Faiq 1900-cu ildə Şamaxıya gəlmişdir. O, burada milli məktəbin təşkil edilməsinə yaxından yardım etmiş və tarix, coğrafiya, hesab və türk dilindən dərs demişdir. 1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə getmişdir. Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış “Şərqi-Rus” qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur.
Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə “Molla Nəsrəddin” jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur. “Molla Nəsrəddində” yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində o deyirdi: “Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır”. O başqa bir məqaləsində isə belə yazırdı: “”Sən ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin… Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.Bəsdir, bəsdir, ey türk! Bir az ayıl… Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış!”
1911-ci ildə C. Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdır: “Əzizim Məmmədəli!… Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli”. Ömər Faiq təkcə “Molla Nəsrəddin” jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda (“Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Adıgün kolxozçusu”, “Kommunist”, “Qızıl bayraq”, “Bağban” və s.) çıxış etmişdir. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir. Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görmüşdür. Onun bir sıra məqalələrindən aydın olur ki, Gürcüstanda səs salmış “Gürcü işi” adlı əməliyyatın başlanması ilə əlaqədar o, dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırmış, həmin vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlamış, qəzet və jurnallarda tez-tez məqalələrlə çıxış etmiş.
Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska (Axalsix) bölgəsindəki fəaliyyəti olmuşdur. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilmişdir. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmiş və bu respublika ləğv olunmuşdur. “Cənubi-qərbi Qafqaz hökuməti” yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı. Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, bir az sonra “Yeni fikir” radeksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O. 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir.
Ömər Faiq Nemanzadə 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnmişdir.