Ayna Sultanova 1895-ci ildə indiki Şabran rayonunun Pirəbədil kəndində doğulub. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918 Mart soyqırımı zamanı erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib.
O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirib və Həştərxana gedərək şərqdə ilk Demokratik Respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərib. Bu dövrdə Ayna Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olub.
1919-cu ilin avqustunda Moskvaya Yuri Sverdlov adına kommunist universitetində oxumağa göndərilib, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləyib. Ayna Sultanova XI Qızıl ordu Azərbaycanı işğal etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışıb, "Şərq qadını" jurnalının redaktoru olub.
Ayna Sultanova 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın təşkilində xüsusi xidmətləri olub. Yəqin ki, məhz bu fəallıq Ayna Sultanovanın repressiyaya məruz qalmasında əsaslı rol oynayıb. Bolşeviklərə inanan Ayna Sultanova milli kimliyini itirmək istəmədiyi üçün Stalinin repressiya maşınının qurbanı oldu.
O, 1930-1937-ci illərdə Azərbaycan SSRİ xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.
Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya gedən Ayna xanım elə vağzaldaca həbs olunub. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilib və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilib. Ayna Sultanova istintaq zamanı çox alçaldılıb.