Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Bəstəkarın yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun böyükhəcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahangir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, bəstəkarın mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir.
Bəstəkar çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirib. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir. Bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında yayılıb. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana kür" və "Bayatılar" mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Cahangirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Bəstəkar klassiklərin yaradıcılığına da müraciət edib, ürəyəyatımlı mahnı və romanslar yazıb. Hələ 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini yazıb. Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı-romans yazıb. “Ənəlhəq” adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülüb.
Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox uyğundur. Məhz bunun nəticəsidir ki, bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini qeyd etməliyik. Xüsusilə, "Eşitməzdim" qəzəl-romansı cəlbedicidir.
1992-ci ildə dünyasını dəyişən bəstəkar yaratdığı əsrlərlə hər zaman mənsub olduğu xalqın qəlbində yaşayır.