Nəcəfqulu bəy Şeyda (Nəcəfqulu bəy Vəli) 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Məmmədhəsən bəy quberniya idarəsində kiçik məmur işləyib.
Nəcəfqulu ibtidai təhsilini Şuşada, molla məktəbində aldıqdan sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyub. Quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyib. Balaxanı kəndində neft quyuları aldıqdan sonra sərvət sahibi olub, xalqın mədəni inkişafına təmənnasız yardım göstərib.
Nəcəfqulu bəy həm də teatr həvəskarı olub, aktyor kimi bir sıra tamaşalarda çıxış edib.
1923-cü ildə Bakıda nəşr olunan "Azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında yazılıb: "1887-ci ildən sonra türk teatrı Bakıda getdikcə tərəqqi etdi. O vaxtın cavanlarından Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov və Nəcəfqulu bəy Vəliyev başlarına teatr həvəskarlarını cəm edib tamaşa göstərməyə başladılar. Bu şəxslərin teatr yolunda çəkdikləri əzab, üzləşdikləri çətinliklər heç biri vəsfə gələsi deyildir". Nəcəfqulu bəy həm də şair olub, "Şeyda" təxəllüsü ilə şeirlər yazıb. Lakin Nəcəfqulu bəyin həyatı və yaradıcılığı barədə mənbələrdə elə də səhih məlumat yoxdur. Mir Möhsün Nəvvab özünün «Təzkireyi-Nəvvab» kitabında Qarabağ şairləri sırasında onun haqqında qısa məlumat verib.