İyulun 27-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.
Aydınlar.az xəbər verir ki, ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu vurğulayıb.
Xalq artisti çıxışında builki festivalın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirib:
“Bu illər ərzində bu festivalda böyük ifaçılar çıxış edirdilər. Vaxtilə bu səhnəyə mənim böyük dostum, rəhmətlik Fəttah Heydərovla bir yerdə olmuşuq və həmişə bir yerdə çıxış etmişik. İllər keçəcək, biz hamımız gedəcəyik.
Qoy bu festival davam eləsin. Bizdən sonra qoy bu yerdə yeni nəsil gəlib çıxış etsin. Bu festivalın böyük ənənələri və əhəmiyyəti var. Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyidir. Bu il ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gözəl konsertlər və festivallar təşkil olunub. Vyanada, Londonda, Fransada, hər yerdə.
Bu festivalı biz Ulu Öndərə həsr edirik. Çünki Heydər Əliyev və musiqi, bu mövzuda saatlarla danışmaq olar. Festival iki proqramı - “Yeni adlar” və “Gənclərə dəstək” proqramını əhatə edir. Mədəniyyət böyük bir silahdır. Azərbaycanın ordusu var, böyük ordu, amma mədəniyyət də böyük bir silahdır. Gəlin bundan da istifadə edək”.
Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.
Azərbaycanın Xalq artistlərləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb.
Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva , Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.
Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.