Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Parlamentlərarası Assambleyanın (AİPA) üzv ölkələri Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları barədə məlumatlandırılıb.
Əsrin Aydınları jurnalı xəbər verir ki, Milli Məclisin üzvü Kamran Bayramovun İndoneziyanın Cakarta şəhərində keçirilən ASEAN Parlamentlərarası Assambleyasının 44-cü yığıncağına qatılıb və çıxışı zamanı tədbir iştirakçılarına Cənubi Qafqazda cərəyan edən hadisələr, o cümlədən Ermənistanla münasibətlərin normallaşdırılması, ölkəmizin Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası, bu prosesdə Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları barədə məlumat verib.
O həmçinin çıxışında Milli Məclisin ötən ilin oktyabrından AİPA-da müşahidəçi qismində təmsil olunduğu müddət ərzində qurumun üzvü olan parlamentlərlə əməkdaşlığın gücləndirilməsi sahəsində gördüyü işlərdən danışıb, Eyni zamanda “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçirilən Azərbaycan-AİPA dialoqu panelində iştirak edib, rəsmi Bakının BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirakından, verdiyi töhfələrdən və əldə etdiyi uğurlardan bəhs edib, panel iştirakçıları ilə AİPA-nın üzvü olan parlamentlərlə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib, onların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, K.Bayramov tədbir çərçivəsində İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədri Puan Maharani ilə də görüşüb. Həmçinin “CNN Indonesia” televkanalına Azərbaycan və İndoneziya arasında əlaqələr, Milli Məclisin AİPA-nın üzv parlamentləri ilə əməkdaşlığı, Cənubi Qafqaz regionunda hazırkı vəziyyət ilə bağlı müsahibə verib. Eyni zamanda Vyetnam parlamentinin xarici əlaqələr komitəsinin sədri Vu Hay Ha ilə görüşüb, iki ölkə arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub. Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətindən və dəstəyindən məmnunluq ifadə olunub, gələcək perspektivlər və planlar geniş fikir mübadiləsi aparılıb.