Nigar Şıxlinskaya (Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya) 1878-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.
Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası” deyirlərmiş. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.
1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır. Bakıya qayıtdıqdan sonra Nigar xanım "Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. "Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”,- deyə yazılmış məqalələri çapdan çıxır.
1931-ci il avqustun 12-də generala ağır itki üz verir - Nigar xanım vəfat edir. Nigar xanımın anası Səadət xanım qızından bir il öncə dünyasını dəyişmişdi. Həm anasının ölümü, həm də bircə oğlunun Türkiyədə itkin düşməsi Nigar xanımı sarsıtmaya bilməzdi.
Mənbə: https://www.wikimedia.az-az.nina.az/Nigar_%C5%9E%C4%B1xlinskaya.html