Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib. Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xəttli "Molla Nəsrəddin" jurnalı görən, Naxçıvanın, Tbilisinin ədəbi mühitlərində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar. Qəmər Salamzadə təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino"da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə Q.Salamzadə "Qızıl kol" bədii filmində (1930) rejissor köməkçisi, "Əlsiz adamlar"da (1932) rejissor assistenti, "Rəqs edən bağalar" da (1935) ikinci rejissor, "Dəcəl dəstə"də (1937) quruluşçu rejissor (A.Popovla birgə), "Səbuhi"də (1941) və "Bir ailə"də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan" sənədli filmində (1938) II rejissor, "DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində"ndə (1940) və "Şəfa nəğməsi"ndə (1944) rejissor və digər filmlərdə işləmişdir. Vaxtilə Bakıda çıxan "Raboçiy zritel" jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır: "Azərkino"da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova". Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi. Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın — Qəmər Salamzadə öz töhfəsini verə bilib. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaratmışdır. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu.Qəmər xanım həyat yoldaşı, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmışdır.
Mənbə: https://az.m.wikipedia.org/wiki/Q%C9%99m%C9%99r_Salamzad%C9%99