Bakı şəhəri “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilmişdir. Daha sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat vermişdir ki, Konfransda Bakı şəhərində və Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarından və fərdi vəkillərdən 300-ə yaxın nümayəndə, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak edirlər.
Konfransa sədrlik edən Kollegiyanın sədri A.Bağırov tədbirin gündəliyini iştirakçılara təqdim etmiş, gündəlik üzrə bir sıra müzakirələr aparılmış, təkliflər və müvafiq qərar qəbul olunmuşdur.
Sonra Anar Bağırov Vəkillər Kollegiyasının son 5 ildəki fəaliyyəti barədə qısa məlumat vermişdir. Sonra Kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmi nümayiş olunmuşdur.
Daha sonra Konfransda Vəkillər Kollegiyası sədrinin müşaviri Anar Əsədov Kollegiyanın 5 illik maliyyə hesabatı barədə təqdimatla çıxış etmişdir. Eyni zamanda, Konfransın qərarı ilə Vəkillər Kollegiyasının növbəti 1 il üzrə büdcəsi təsdiq edilmiş və sonrakı 4 il üzrə büdcə proqnozu verilmişdir.
Hesabatlardan sonra Kollegiyanın 5 illik fəaliyyətinin qiymətləndirilməsi səsverməyə çıxarılmış və Konfrans iştirakçılarının yekdil qərarı ilə 5 illik dövr müsbət qiymətləndirilmişdir.
Mənbə:lawreform.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin