Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir.
Ədilə Hüseynzadə həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini vermişdir. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir. Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günədən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və s. romansların müəllifidir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.
Ədilə Hüseynzadənin yaradıcılığında iri həcmli əsərlərin yazılması iki mərhələdən ibarətdir: birinci mərhələ 1946-1953-cü illəri, ikinci mərhələ isə 1972-1975-ci illəri əhatə edir. Birinci mərhələdə xor üçün "Oktyabr", xor və simfonik orkestr üçün "Vətən" kantatası, simfonik poema, "Vətən" vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün "Sülhün səsi" kantatası yazılmışdır. [2]Habelə bəstəkar 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poemanı qələmə almışdır. Xor və kollektivlər üçün əsərlər bəstələnmiş ikinci mərhələdə tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", a kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı ballada yazılmışdır.
Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edirdi.
Azərbaycan Respublikasının "məkdar incəsənət xadimi, Üzeyir Hacıbəyovun tələbələrindən biri Ədilə xanıın Hüseynzadə 20 iyul 2005-ci ildə vəfat etmişdir.
Mənbə: https://az.m.wikipedia.org/wiki/%C6%8Fdil%C9%99_H%C3%BCseynzad%C9%99