“Əsrin aydınları” jurnalının dəyərli qonağı Millət vəkili, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti Jalə Əhmədovadır.
- Salam, xoş gördük, Jalə xanım. Sizi “Əsrin aydınları” jurnalının qonağı qismində görməkdən çox şadıq. Jurnalımızın ənənəvi sualına keçmək istərdim. Jalə xanım özünü oxucularımıza necə təqdim edərdi?
- İlk olaraq dəvətiniz və dəyəriniz üçün sizə və kollektivinizə minnətdaram. Mənim üçün təqdimat zamanı ən qürurverici status təbii ki, millət vəkili olmağımdır. Məhz buna görə də hər zaman özümü millətin vəkili Jalə Əhmədova kimi təqdim edirəm.
- Həyat rəngarəng anlarla doludur. Bizim ömür fraqmentlərimizdə yaddaqalan uşaqlıq, gənclik illərimiz olur. Sizin üçün ən yaddaqalan xatirələr hansılardır?
- Çox maraqlı bir sualdır, Günel xanım. Təbiidir ki, hər birimizin həyatında maraqlı, yaddaqalan hadisələr olur. Bunu sizə konkret olaraq deyə bilməsəm də, ümumiyyətlə, həyatımdan razıyam. Mənim üçün yaşadığım bütün illər əzizdir. Düşünürəm ki, bu günə qədər ən yaddaqalan hadisə məhz millət vəkili seçildiyim gündür. Bilirsiniz ki, 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər çox maraqlı oldu. Pandemiya, post-pandemiya dövrü, müharibə, müharibədən sonrakı dövrü çətinliklərə rəğmən müəyyən qədər uğurla keçdik. Bu zaman ərzində bizi həm üzən, həm sevindirən hadisələr oldu. Özümü Azərbaycan tarixinin ən xoşbəxt millət vəkillərindən biri hesab edirəm. Şanlı qələbəmizin qazanılması məhz bizim dövrümüzdə baş verdi və millətin vəkili olaraq bu tarixi hadisəyə şahidlik etdik. Həqiqətən, bu sözlə ifadə edilə bilinməyən bir qürur hissidir. Biz bu tarixi proseslərin içində olmuşuq. Düşünürəm ki, həm vətəndaş, həm millət vəkili kimi bu anlar həyatımın ən unudulmaz anlarıdır. Çünki Azərbaycanın 200 illik tarixinin yenidən yazılması, şanlı zəfərimizin qazanılması məhz mənim millət vəkili olduğum zamana təsadüf etdiyi üçün çox xoşbəxtəm.
- Jalə xanım, təhsil və karyera fəaliyyətinizdə uğurlarınızın açarı nədədir?
- Təhsil sahəsində əldə etdiyim uğurları öz ailəmə borcluyam. Təhsilin önəmini tam dərk etmədiyim zamanlarda təhsilə düzgün istiqamətdə yönəlməmdə valideynlərimin rolu böyük olub. Karyeram və uğurlu fəaliyyətim də məhz ailədən aldığım düzgün tərbiyə sayəsində olub. Mən hərbçi ailəsində böyümüşəm. Hərbçi ilə ailə həyatı qurmuşam və bir müddət hərbi qurumda çalışmışam. Hərbinin verdiyi nizam-intizamın mənim həyatımda çox böyük rolu olub. Mən hər zaman elə tərbiyə almışam ki, insan öz sözünün sahibi olmalıdır, iradəli olmalıdır, çətinliklərə sinə gərməlidir, mübariz olmalıdır. Allah hər zaman zəhmətkeş insanlara qapı açır. Gənckən istədiyi şeylərə nail ola bilməsi üçün insan daha çox asan yollar axtarır. Lakin həyat sübut edir ki, bu çox nadir hallarda şansa bağlı olan bir şeylərdir. Qalan bütün hallarda bu insanın zəhmətinə, iradəsinə və qarşıya qoyduğu məqsədinə bağlı olan məqamlardır. Əgər siz boş zamanlarınızı hansısa bir əyləncə məkanlarında xərcləməyib inkişafınıza sərf edirsinizsə, bu, mütləq şəkildə öz nəticəsini verir. Sözsüz ki, insan şəxsi həyatına da zaman ayırmalıdır. Çünki şəxsi həyatında xoşbəxt olmayan biri heç zaman karyerada uğurlu ola bilməz. Mütləq şəkildə insan öz şəxsi həyatını qurmalıdır və ailəsi tərəfdən də iş həyatında dəstək almalıdır. Mən hər zaman valideynlərim, həyat yoldaşım, övladlarım tərəfdən dəstək almışam. Uğurlarımın böyük hissəsini mən onlara borcluyam. Oxucularıma önəmli bir məqamı bildirmək istəyirəm ki, bir işi görmədən öncə özlərinə sual versinlər: “Mənim bu işi iddia etməyə haqqım varmı?” Təbii ki, bu yaş ötdükcə təcrübə ilə gələn bir anlayışdır. Gənckən çox vaxt biz bunu dərk etmirik. Çalışdığımız sahədə vicdanla fəaliyyət göstərməliyik. Çünki bir gün bunun hesabatını verəcəyik. Düşünürəm ki, bu məqamlar olduqca önəmlidir. İstədiyimiz məqsədlərə çatmaq üçün mütləq inadkar olmaq lazımdır.
- Biz bilirik ki, siz Dünya Alpaqut Federasiyasının prezidenti və Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti və digər təşkilatların üzvüsünüz. Bu sahədəki fəaliyyətiniz nədən ibarətdir? Yaxın zamanlarda hansı yeniliklər gözlənilir?
- Onu qeyd edim ki, bir millət vəkili kimi mənim fəaliyyətim göz önündədir. Əslində, bu barədə danışmağım çox da düzgün alınmaz, bunu mənim seçicilərim daha yaxşı dəyərləndirə bilər. Düşünürəm ki, növbəti seçkilər zamanı biz bu sualın tam cavabını almış olacağıq. Əgər seçicilərim yenidən mənə etimad göstərərsə, deməli, mən fəaliyyətim ərzində nələrəsə nail olmuşam. Şəxsi yanaşmama gələndə isə özümü bacardığım qədər millətimin vəkili olaraq görürəm. Daim bu istiqamətdə işlər görür, vətəndaşlarla ünsiyyətdə olub onların problemlərini dinləyirik. Əlimizdən gələn qədər onlara dəstək olmağa çalışırıq. Bunlardan əlavə, beynəlxalq platformalarda da dövlətimizə dəstək naminə fəaliyyət istiqamətlərimiz var. Dövlət başçımızın siyasətini uğurla həyata keçirməyə çalışırıq. Mən millət vəkili seçilməmişdən öncə də idmanla məşğul olmuşam. Təssüf ki, hal-hazırda buna o qədər də zamanım olmur. Alpaqut Federasiyasına dəvəti qəbul etməyimin ən böyük səbəblərindən biri də odur ki, alpaqut həm də turan mədəniyyətini, irsini, adət-ənənələrini əks etdirən bir döyüş növüdür. Biz hər zaman türkçülüyə önəm verən bir xalq olmuşuq. Əgər bu döyüş növünə mənim də verə biləcəyim dəstək və ya töhfə varsa, bunun üçün əlimdən gələni etməliyəm. Bu Federasiyaya gəlməyimi çox doğru seçim hesab edirəm. Çünki peşəkar komanda ilə işləyirik. Bu komandanın rəhbərliyində həmkarım Könül Nurullayeva da var. Bu sahədə çox gözəl işlər görürük. Demək olar ki, dünyanın əksər idman təşkilatları da bu döyüş növünü qəbul ediblər. Ən önəmli nailiyyətimiz ondan ibarətdir ki, dünyanın ən nüfuzlu idman təşkilatlarından olan TAFİSA-ya birinci və yeganə üzv olan məhz Alpaqut Federasiyasıdır. Biz bu təşkilatda “001” nömrəsi ilə qeydiyyata götürülmüşük. Düşünürəm ki, bu Federasiyamızın ən böyük uğurlarındandır. Bu bizim komanda işimizin bir nəticəsidir. Alpaqut olaraq biz bütün idmançılarımıza yaxşı vətəndaş olmağı aşılayırıq. Çünki idmançı olmaq məşğul olduğun sahəni bir insan olaraq dünyada yaxşı təbliğ etməyi bacarmaq deməkdir. Bu istiqamətdə də gənclərlə hər zaman işləyirik. Azərbaycan Autizm Assosiasiyası da özünə bəlli bir yol seçib. Biz xüsusi kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını idmanda görürük. Burada sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə çox gözəl nailiyyətlər əldə edirik. Təəssüf ki, bu halla rastlaşan anaların böyük bir qismi tənha analar olur. Bu da həmin valideynlərdə psixoloji gərginlik yaradır. Hər zaman bu insanlar üçün dövlətimizdən çox böyük dəstək alırıq. Bu sahədə Heydər Əliyev Fondunun dəstəyi danılmazdır. Belə bir işdə dövlət dəstəyinin olması da çox vacibdir. Çünki dövlət dəstəyi olmasa, istədiyimiz nəticəni əldə edə bilmərik. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə uşaqlarımızı yarışlara göndəririk. Assosiasiyamızın artıq 500 nəfər üzvü var. Müəyyən məqamlar ki, bunların qanunvericilikdə də öz əksini tapmasını istəyirik. Bu yaxınlarda həmin məsələni parlamentdə də hörmətli millət vəkilləri ilə müzakirə etmişik. İşlərimiz aktiv şəkildə davam edir.
- Sağlamlığı məhdud olan uşaqların həm sosial müdafiəsi, həm də onların təhsilə cəlb olunması və təhsildən sonra müvafiq iş yerləri ilə təmin olunması məsələləri ölkəmizdə daima diqqətdə saxlanılır. İnklüziv təhsillə bağlı bir çox proqram və layihələr hazırlanıb və tətbiq olunmaqdadır. Onların təhsilə cəlb edilməsi, cəmiyyətimizin onları qəbul etməsi üçün mütəmadi maarifləndirmə işləri aparılır. Bu cəmiyyətimizdə zamanla onlara isti münasibətin yaranmasına səbəb olmaqdadır. Lakin hələ də bəzi məsələlərdə bu proses özünü tam doğrulda bilmir. Buna səbəb nədir? Sağlamlığı məhdud uşaqların digər uşaqlarla birgə təhsil almasının qanun çərçivəsində öz əksini tapması istiqamətində daha hansı yeni layihələr və təkliflər planı hazırlanır?
- Günel xanım, çox doğru məqamları vurğuladınız. Bu bizim həssas yanaşmalı olduğumuz bir məqamdır. Bu işlə yaxından məşğul olduğum üçün mövcud problemləri görə bilirəm. Bu kateqoriyadan olan uşaqlarla işləmək üçün bütün sahələr üzrə peşəkar insanların yetişməsinə çox böyük ehtiyac var. Təəssüf ki, müəyyən kurslar keçməklə bu kateqoriyadan olan uşaqlarla məşğul olurlar. Düzgün müalicə prosesi keçilmədiyi üçün müəyyən fəsadlara səbəb olur. Bu müalicə metodunun çox incə məqamları var. Dünya bu kimi məsələlərdə çox öndədir. Biz bu sahədə hələ yavaş-yavaş addımlayırıq. Düşünürəm ki, bu proses dövlət tərəfindən mərkəzləşmiş formada həyata keçirilməlidir. Çünki bu işi yalnız loqoped və ya psixoloq həyata keçirə bilməz. Bu kompleks şəkildə edilməlidir. Xüsusi kateqoriyadan olan uşaqlarla məşğul olmaq üçün həmin insanlara sertifikatlar məhz dövlət tərəfindən verilməlidir. Qeyd etdiyiniz layihənin hazırlanması çox təəssüf ki, bizim Assosiasiyamızın səlahiyyətləri çərçivəsində deyil. Bu xüsusi dövlət proqramları ilə Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin ümumi bir layhəsi şəklində həyata keçirilə bilər. Çox təəssüf ki, cəmiyyətimiz tərəfdən də bu mədəniyyət tam formalaşmayıb. Bununla bağlı valideynlərimizin şikayətləri ilə də qarşılaşırıq. Onlar xüsusi kateqoriyadan olan uşaqlara qarşı nəqliyyatda, təhsil ocaqlarında, sosial mühitlərdə aqresiya ilə rastlaşırlar. İnsanlarımız dərk etməlidirlər ki, bu yolu heç kəs könüllü olaraq seçmir. Ona görə də biz daha anlayışlı mövqedən çıxış etməliyik. Burada təbliğatın çox böyük önəmi var. Düşünürəm ki, marrifləndirmə işlərinin aparılması istiqamətində ali və orta təhsil ocaqlarımızda bu xüsusi bir fənn kimi tədris olunmalıdır. Gənc nəsildə onlara dəstək fikrini formalaşdırmaq lazımdır. Günümüzdə çox az insan bu xüsusi halla bağlı məlumatlıdırlar. Hətta bəzən küçədə bu uşaqlarla rastlaşanda onların niyə aqresiv olduğunu, qışqırdığını anlamırlar. Çox zaman da uşağına düzgün tərbiyə vermədiyi üçün valideyni günahlandırırlar. Lakin bunun tərbiyə ilə bağlı bir məsələ olmadığını bilmirlər. Bu sahədə problemlərimiz çoxdur, zamanla onların öz həllini tapacağına ümid edirəm.
- Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidəki Zəfər paradı ilə bağlı çıxışlarını izlədik. Bir millət vəkili olaraq qalib ölkənin qalib vətəndaşı olmaq necə bir hissdir?
- Çox gözəl və möhtəşəm bir hissdir. Əminəm ki, elə bir azərbaycanlı yoxdur ki, həmin möhtəşəm hissləri, xoşbəxtliyi o günlərdə yaşamasın. Mən düşünürəm ki, bizim üçün cənab Prezidentin Xankəndidə bayrağımızı ucaltmağından böyük təntənə ola bilməzdi. Bəli, qəlbimizin dərinliyində ümidlərimiz var idi. Biz şükürlər olsun ki, bu anları yaşadıq. Bu məsələyə bir ana olaraq yanaşmaq istəyirəm. Cənab Prezidentimiz torpaqlarımızın geri qaytarılacağını əminliklə bildirmişdir. Təbii ki, bu zaman ilk olaraq ağlımıza müharibə gəlirdi. Lakin Ali Baş Komandanımızın düzgün hərbi siyasəti nəticəsində minimum sayda itkilərlə bütün torpaqlarımız geri qaytarıldı. Bu tarixdə görünməmiş bir şeydir. Zaman keçdikcə bunun dərinliyini daha çox hiss edəcəyik. Dünyada baş verən prosesləri izləyirik. Verilən qurbanları, ölən insanların statistikasını da görürük. Bir siyasətçi kimi əminliklə deyirəm ki, dünyada siyasəti düzgün aparmayan liderlərin sayı çoxdur. Ən böyük dövlətlərin belə başçılarına nəzər yetirsək, liderliklə bağlı problemləri görəcəyik. Xarici səfərlərimiz zamanı diplomatlar bizə hər zaman bir məqamı vurğulayırlar ki, cənab İlham Əliyevin sözləri ilə siyasətinin nəticəsi üst-üstə düşür. 20 il ərzində xalqa vəd etdiyi bütün işləri mərhələli şəkildə həyata keçirdi. Bəzən buna qibtə hissi ilə də yanaşırlar. Düşünürəm ki, Xankəndidə olan parad dünyaya bu regionda mövcud olan yeni geosiyasəti göstərdi. Azərbaycan xalqının böyüklüyünü dünya bir daha görmüş oldu. Bugünkü gündə məni sevindirən məsələlər çoxdur, bunlardan ən önəmlisi odur ki, xalqın öz liderinə tam inamı və ölkə başçısının da xalqına tam etibarı var. Bu vəhdət çox önəmlidir. Tarixə nəzər salsaq, bu kimi hallara çox nadir rast gəlmək olar. Məhz bu vəhdət bizi qələbəyə, zəfərə gətirdi.
- Jalə xanım, Zəfərə gedən yolda gənclərimiz prezidentimizin ətrafında bir yumruq şəklində toplaşdılar. Könüllü olaraq hər kəs səngərlərə üz tutdu. Bu çox qürurverici bir hal idi. Hər kəsin əsas amalı, məqsədi işğal olunmuş ərazilərimizi qaytarıb, 30 illik həsrətə son qoymaq idi. Məhz bu gənclərimizə tövsiyələriniz nələr olardı? Onlardan razısınızmı?
- Bügünkü gəncliyimizlə bağlı yalnız onu deyə bilərəm ki, gənclərimiz çox möhtəşəmdir. 44 günlük Vətən müharibəsindən sonra mən gənclərimizi yenidən kəşf etdim. Bir növ biz də öz gəncliyimizi düzgün dəyərləndirməyi bacarmamışıq. Hər zaman yaşlı nəsil gənc nəsildən gileyli olub. Lakin bizim gənclərimiz sübut etdilər ki, illər ərzində onlara verilən dəyəri artıqlaması ilə dövlətə qaytardılar. Çünki hər zaman gənclərimiz dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunublar. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti ilə bağlı çox uğurlu sərəncamları, Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları olub ki, onların icrasına da hər zaman ciddi nəzarət həyata keçirilib. Gənclərimiz illərdir onlarda yaradılan potensialı toplayıb, təşəkkürünü 44 günlük Vətən müharibəsində dövlətimizə qaytardılar. Mən döyüş meydanlarında, təhsil sahəsində, sosial layihələrdə, media platformasında, beynəlxalq təşkilatlarda iştirak edən istedadlı, bacarıqlı, savadlı gənclərimizi izləyən zaman qürur hissi yaşayırdım. Hər sahədə gənclərimiz bir olub, ayağa qalxıb mübarizə apardılar. Çox istəyirəm ki, gənclərimizin səsi dünyanın ən yüksək yerlərindən gəlsin. Çünki gənclərimiz buna hərtərəfli layiqdirlər. Bildiyiniz kimi, mən eyni zamanda Milli Məclisin Gənclər və idman komitəsində də çalışıram. Gənclərimizlə çox işlədiyim üçün onları daha yaxından tanıyıb kəşf etmək imkanım olur. Bütün gənclərimizə gənc qəlblərindəki arzulara doğru inamlı addımlar ataraq uğur qazanmaqlarını arzu edirəm.
- Cəmiyyətimizdə qadınların rolundan danışmanızı istərdim, Jalə xanım. Bilirik ki, qadın öncə qız övladı sonra anadır. Qadın təhsil alaraq, öz üzərində işləyərək iş həyatına addım atır və siyasi pozisiyalara qədər yüksələ bilir. Ölkəmizdə qadınların inkişafı ilə bağlı hansı təşviqedici layihələr var? Sizə görə bu layihələrin icrası hansı dərəcədədir?
- Azərbaycanda qadının rolu çox müqəddəsdir. Bilirsiniz ki, bizim milli dəyərlərimiz, adət-ənənələrimiz var. Ulu öndərimizin də qadınlara böyük hörməti və dəyəri var idi. Heydər Əliyev ilk qadın qurultayında çıxışı zamanı çox vacib məqamları vurğulayıb: “Azərbaycan qadını hər zaman öz ləyaqəti ilə, namusu ilə, bacarığı ilə, ailəsinə, övladına verdiyi dəyəri ilə hər kəsdən yüksəkdədir”. Ümumiyyətlə, cəmiyyətdə qadının rolu çox ağırdır. Həm iş həyatında, həm sosial həyatda qadınlarımızın çoxlu məsuliyyətləri var. Bununla yanaşı, onların ailə, övlad, valideyn qayğıları və s. də var. Azərbaycan xanımı yorğun olmasına baxmayaraq, hər zaman ailəsinin ehtiyaclarının öhdəsindən gəlməyə çalışır. Həqiqətən, Azərbaycan qadınının qarşısında baş əyilməlidir. Mən dünyanın bir çox xalqlarının mədəniyyətləri ilə üzləşirəm, tanış oluram. Azərbaycan qadınları dünyanın ən fədakar xanımlarıdır. Onlar ailələrinə görə bəzən çox arzularının, istəklərinin üzərindən xətt çəkə bilirlər. Əminliklə deyirəm, bunu hər kəs edə bilməz. Lakin Azərbaycan qadını düşünmədən bunu edir. Həqiqətən də, hər uğurlu kişinin yanında, arxasında güclü bir qadın modeli var. 44 günlük Vətən müharibəsində də biz qadınlarımızın, analarımızın necə mərd, məğrur, qürurlu oğullar yetişdirdiyinin şahidi olduq. Bir valideyn olaraq deyə bilərəm ki, övladını itirmiş bir ananın “Vətən sağ olsun!” deməsi çox böyük ürək tələb edir. Bu da artıq Azərbaycan qadınının müqəddəsliyinin bir sübutudur. Mən bütün şəhid analarının qarşısında baş əyirəm. Bilirsiz ki, Şərqdə ilk səsvermə hüququna malik olan da məhz Azərbaycan qadını olub. Azərbaycan qadını daima cəmiyyətimizdə ana, bacı, həyat yoldaşı olaraq ən yüksək səviyyədə dəyərləndirilir. Mən həmişə demişəm ki, Azərbaycanda gender bərabərliyinə ehtiyac yoxdur. Çünki Azərbaycanda hər zaman qadınlara yüksək dəyər verilib. Qadınlarımızın inkişaf etməsində, karyera sahibi olmasında dövlət layihələri öndədir. Ən böyük dəstəkçimiz də ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevadır. İş həyatında uğur əldə edən qadınlarımızla görüşümüz zamanı da onlar Mehriban xanımdan ilham aldıqlarını, örnək götürdüklərini bildirirlər. Xanımlarımızın uğurlu həyat qurmaları üçün bu gün dövlətimiz tərəfindən yetəri qədər şərait yaradılıb. Qadınlarımızın inkişafına ən böyük təşviq təhsildədir deyə düşünürəm. Özlərinə güvən hissi yaranmasında təhsilin rolu böyükdür. Ailələr də bu istiqamətdə öz dəstəklərini əsirgəməməlidirlər. Təhsilsiz insan qolsuz-budaqsız ağaca bənzəyir. Təəssüf ki, bəzi bölgələrimizdə bu istiqamətdə problemlər mövcuddur. Çox üzülürəm ki, bəzən gənc xanımlarımızı erkən nikaha yönləndirirlər. Bu çox yanlış bir addımdır. Bu seçim qadının öz əlində olmalıdır. Əlbəttə ki, ailə çox müqəddəs bir qurumdur. Lakin doğru zaman bu məqamda çox önəmlidir. Qızlarımıza sevgi, mərhəmət hissini aşılamalıyıq. Onları güclü olduqlarına inandırmalıyıq. Təbliğat işləri yalnız böyük şəhərlərdə deyil, ucqar bölgələrimizdə də aparılmalıdır.
- Bəli, çox doğru vurğulayırsınız, Jalə xanım. Dəfələrlə bölgələrimizdə qızları təhsildən yayındırma halları ilə, onların şəxsi inkişaflarının qarşısını alan cəhdlərin şahidi oluruq. Maddi vəziyyətlə bağlı olaraq onları ya çalışmağa, ya ailə həyatı qurmağa yönləndirirlər. Ümid edirəm ki, bu düşüncədən, bu yanaşmadan tezliklə qurtulacaqlar. Arzu edirəm ki, bütün qızlarımız, xanımlarımız, Azərbaycan qadınlarımız təhsilli və xoşbəxt olsunlar və sülh içində yaşasınlar. Azərbaycan qadınlarının bütün sahələr üzrə əldə etdikləri uğurlar göz önündədir.
- Görülən işlərin işıqlandırılmasında medianın rolu əvəzsizdir. Müharibə dövründə də ən qaynar nöqtələrdən bizi məhz media mənsubları xəbərdar edirdilər. Sonda bir vətəndaş kimi, millət vəkili kimi onu deyə bilərəm ki, nə qədər ki, insan var problemlər də olacaq. Prolemlər olmazsa, biz inkişaf da edə bilmərik. Arzuya gedən yollarda çətinliklər hər zaman olur. Lakin onu da qəbul etməliyik ki, hər şey mərhələli şəkildə həyata keçirilir. Bizim bildiyimiz və bilmədiyimiz çətinliklər var. Bütün bunların öhdəsindən də bir olaraq gələ bilərik. Azərbaycan xalqının çox parlaq gələcəyi var. Buna hər birimiz əmin ola bilərik. Bəzi məqamlarda biz bunun nəticələrinin də şahidi oluruq. Dövlətimizin çox böyük planları, layihələri var. Xalqımızın dəstəyi ilə bunların hər biri həyata keçiriləcək.
- Maraqlı müsahibəniz üçün sizə dərin minətdarlığımı bildirirəm. Sizin dəyərli fikirlərinizi dinləmək, sizinlə həmsöhbət olmaq çox xoş oldu. Hörmətli Jalə xanım, sizə fəaliyyətinizdə daima uğurlar arzu edirik.
- Mən başda Aydın Tağıyev olmaqla, sizə və bütün kollektivinizə təşəkkürümü bildirirəm. Gördüyünüz iş həqiqətən, çox gərəkli bir işdir. Söylənənlər bəzən unudula bilir, ancaq yazılanlar hər zaman tarixdə qalır və gənclərimiz üçün istinad mənbəyi olur. Bu cür maarifləndirici işlər gördüyünüz üçün sizə təşəkkür edirəm. Əsrin aydınlarını cəmiyyətimizə daha yaxından tanıdırsınız. Bu çox önəmli məqamdır. Sizin jurnalınız hər zaman çox dəyərli insanları, ziyalıları işıqlandırır. Bu da gənclərimiz üçün çox önəmli bir işdir, təbliğatdır. Hər birinizə uğur arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev