Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə (ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfıyyət, seçki, dini etiqad, zemstvə idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.) çıxış etmişdir. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifı Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911-ci il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.
Xasməmmədov 1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləmişdir. 1917-ci il Fevral inqilabından sonra Gəncədə "Türk Ədəmi-Mərkəziyyət partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. "Müsavat" partiyasının birinci qurultayında (Bakı, 1917-ci il, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilmişdir. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918-ci il, 26 may) sonra Azərbaycan Milli Şurasımn (1918-ci il, 27 may) üzvü olmuşdur. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi.
X.Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. X.Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919-cu il, aprel-iyun) iştirak etmişdir.
Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda yaşamış, coşğun siyasi-publisistik fəaliyyət göstərmiş, “Yeni Qafqasya” (1923-1927), “Azəri-türk” (1928-1931), “Odlu yurd” (1920-1930), "Azərbaycan yurd bilgisi" (1932-ci ildən nəşr olunub) jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929-1938), rusca "Kavkaz" (1932-1938), Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" (1932-1934) və "Qurtuluş" (1934-1938) qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirmişdir.
Xasməmmədov Azərbaycan Milli Mərkəzi (1924-cü il, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə - sədr, Mirzə Bala Məmmədzadə - katib və Xəlil bəy Xasməmmədov - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkiləv, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M.Ə.RəsuIzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə M.Ə.Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfı bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936-cı il, Varşava) Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilmişdi.
Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqlan ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazmda Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdur. Xəlil bəy Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat edib və Fəri Köy məzarlığında dəfn olunub.