XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi həyatında Ağa Musa Nağıyev iri sahibkar kimi tanınmışdır. Ağa Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Anası Rüqiyyə Məşədi Məmmədyar qızı əsl azərbaycanlı evdar xanım kimi, övladlarını böyütməklə məşğul olub. Ömrünü Hacı Əlinağı Məmməd oğlu ilə Bakının Biləcəri kəndində başa vurub. Ağa Musa 1871-ci ildə Ümməsəlmə Kərbəlayi Cəfər qızı ilə evlənir. 1879-cu ildə onların oğlu İsmayıl, 1881-ci ildə qızları Ümmülbanu dünyaya gəlir. 1900-cü ildə Nağıyevin ailəsin faciə baş verir – Onun qızı Ümbülbanu dördüncü övladını dünyaya gətirərkən vəfat edir. Ümbülbanu milyonçu Şəmsi Əsədullayevin böyük oğlu Mirzə Əsədullayevin xanımı idi. Onların nikahından dünyaya gələn 4 cü övladları Ümmülbanu sonradan Parisdə yaşadı və bütün dünyada yazıçı Banin kimi tanındı. Dövrün müasirlərinin dediklərinə görə ailənin istəklisi olan İsmayıl da çox ağıllı, əliaçıq, mehriban bir insan idi. O, incəsənəti çox sevdiyindən aktyorlar, şairlər və rəssamlarla yaxınlıq edərdi. Bu cəhət sonradan oğulluğa götürdüyü qardaşı oğlunun – Fərəcin simasında təkrarlanır. Uzun sürən ağır xəstəlikdən sonra İsmayıl 26 mart 1902-ci ildə dünyasını dəyişmişdir.
Qısa müddət ərzində fəhlə Musa neft maqnatlarından birinə çevrilir. Əldə etdiyi gəlir çoxaldıqca Ağa Musa Bakı kəndlərindəki yataqları satın alır və yeni quyular qazdırırdı. Varlandıqca “Qara şəhərdə” neft emalı zavodu tikdirir, Xəzər dənizində onun ilk tankeri üzməyə başlayır. Rusiya Dövlət Bankının göstəricilərinə görə 1879-cu ildə 30 yaşlı Ağa Musanın əmlakı 30 min rubl məbləğində qiymətləndirilib. XIX əsrin 80-ci illərinin ortalarında Ağa Musa Nağıyevin ticarət dövriyyəsi artıq 700 min rubla çatır. Ağa Musa Nağıyevə II gildiya tacir hüququ verilir. O, 1887-ci ildə “Musa Nağıyev” adlı neftayırma firmasını təsis edir. 1890-cı ildə Ş.Əsədullayev Ramanadakı neftlə zəngin olan 6 desyatin torpağı bərabər payla Ağa Musaya verir. Ağa Musa sonradan qonşu sahəni də alıb bu sahəyə qatır. O, 1891-ci ildə məhz bu sahədə qazılan tək bir buruqdan 31 min pud neft əldə edir. Neftçıxarma sahələrini artırmaq məqsədilə Ağa Musa neftlə zəngin olan yeni torpaqlar alır. XIX əsrin son illərində Balaxanı, Sabunçu, Əmircan və Ramanada belə sahələri icarəyə götürür. Qazma buruqlarının sayı 8-ə çatmışdı. Əvvəllər neft saxlamaq üçün başqa neft sahibkarlarının anbarlarından istifadə edən Ağa Musa Nağıyev, 1898-1899-cu ildə daha bir neftayırma zavodu quraşdırır. Buradakı fəhlə və qulluqçuların sayı 226 nəfər təşkil edirdi.
1907-cı ildə ona məxsus olan müəssisələr əsasında əsas kapitalı 10 mln. rubl təşkil edən “Musa Nağıyev” adlı səhmdar neft sənayesi və “ticarət cəmiyyət”i yaradılmışdır. 1898-ci ildə Ağa Musa Nağıyevin əmlakının dəyəri 334 560 rubl olub. Fərəc Nağıyevin xatirələrindən bəlli olur ki, Ağa Musa Nağıyevin varidatının ümumi miqdarı 1918-cu ilədək 413 mln. rubl təşkil edirdi.
1906-cı ildə Bakıda balıq sənayesinin inkişafında da Ağa Musa Nağıyevin böyük rolu olub. Balıq vətəgələri üzrə hərracda küllü miqdarda kapital sərmayə qoymaqla o, ən iri vətəgələrin xeyli hissəsini ələ keçirmişdir. 48 Kür - balıq sənayesində çoxluq təşkil edən balıq vətəgələri də ona məxsus olub. 1909-cu ildə “Zaqafqaziya balıq sənayesi cəmiyyətinin” təsisçisi olmuşdur.
Ağa Musa Nağıyev 49 yaşında ikən artıq neft Bakısının məşhur milyonçusuna çevrilir. Millətin dövləti olmadığı zamanda bir dövlətin görəcəyi işləri həyata keçirib Ağa Musa Nağıyev. Neftdən əldə etdiyi gəlirin xeyli hissəsini millətinin tərəqqisinə sərf edib. Qotik üslubdakı “İsmailiyyə” binasını (1908-1913) oğlu İsmayılın xatisinə tikdirmişdir. Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilmişdi. Bir neçə xəstəxana (1 saylı Şəhər Klinik Xəstəxana - Semaşko, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu - OMD) tikdirmiş və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoymuşdu. Memarlıq üslubu ilə şəhərə xüsusi gözəllik verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binası onun rabitəçilərə qoyduğu mirasdır.
Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də dövrün cəhalət girdabında boğulan xalqının maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yüksəldilməsinə sərf etmişdir. Neft milyonçusu kapitalına və tikdirdiyi binalarının sayına görə Bakı milyonçuları arasında seçilib. Məhz bu keyfiyyətlərinə görə car Nikolay II onu “Neft kralı” adlandırıb.
Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin maariflənməsinə xüsusi diqqət yetirən Ağa Musa, uzun müddət yarımçıq qalmış Realnı məktəbinin (indiki Dövlət İqtisad Universitetinin binasının) tikintisini başa çatdırmaqla bərabər burada məktəbəqədər sinfin yaranmasına nail olub. Ağa Musa Nağıyev bu müəssisəyə himayədarlıq etməklə, həmçinin 25 müsəlman qızının təhsil haqqını da ödəməyi öhdəsinə götürmüşdür. Məhz bu qayğıkeşliyinə görə Ağa Musa Nağıyev III dərəcəli “Müqəddəs Stanislav” ordeni, 1910-cu ildə isə çar II Nikolay tərəfindən “Zolotaya şeynaya medal na Andreyevskoy lente” medalı (Andreyev lenti ilə boğazdan asılan qızıl medal) ilə təltif olunmuşdur.
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edir. Özünün vəsiyyətinə görə onu Kərbəlada, gənc ikən dünyasını dəyişən oğlu İsmayılın yanında dəfn olunmağını vəsiyyət etsə də vəziyyət gərgin olduğu üçün onu Çəmbərəkənddə dəfn edirlər 1931-ci ildə qəbirstanlıq dağıdıldığı üçün məzar Biləcəri qəbirstanlığına köçürülür 1938-ci ildə eyni səbəbdən Biləcəridə dağın başında yenidən dəfn edilir.
Mənbə; https://eres.preslib.az