Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə «Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı» üzrə bitirərək «dağ mühəndisi-geoloq» ixtisasına yiyələnmişdir. Xoşbəxt Yusifzadə əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı «Dövlətxüsusineftlayihə» kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş «Dənizneft» Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ildə «Gürganneft» trestinin (indiki «Neft Daşları» NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmişdir. X. Yusifzadə 1958-1959-cu illərdə «Neft Daşları» Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir. 1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş «Gurganneft») rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək «Başdənizneft» İdarəsində baş geoloqun müavini — şöbə rəisi, «Dənizneft» İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi — baş geoloqun müavini olmuşdur.
Xoşbəxt Yusifzadə 1970-1992-cı illərdə «Xəzərdənizneft» Birliyinin, «Xəzərdənizneft» İstehsalat Birliyinin, Ümumittifaq «Xəzərdənizneftqazsənaye» Birliyinin, «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin və «Xəzərdənizneft» İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləmişdir. 1992-1994-cü illərdə «Azərineft» Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir. 1960-cı ildə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə, 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona professor elmi adı verilmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Xoşbəxt Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilmişdir.
Neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin misilsiz xidmətləri olub. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda 20-dən çox neft və qaz-kondensat yatağı — «Bahar», «Günəşli», «Azəri», «Çıraq», «Kəpəz» və digər yataqlar kəşf edilib. O, həmçinin 200-dən artıq elmi əsərin, 18 monoqrafiya və 8 ixtiranın müəllifidir.
Neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə Xoşbəxt Yusifzadə Azərbaycan Respublikasının «İstiqlal» (2000), «Şöhrət» (2004), «Əmək» (2017) ordenləri ilə təltif olunmuşdur. O, 2018-ci ildə Nizami Gəncəvi adına qızıl medal ilə təltif edilmişdir. Xoşbəxt Yusifzadənin «Ömrümün illəri və izləri» kitabı 2010-cu ildə işıq üzü görmüşdür.
2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xoşbəxt Yusifzadənin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli qeyd olunub. 2020-ci il yanvarın 15-də dövlətimizin başçısının X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni gəmisinə, həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademikin adı verilib. 2021-ci il sentyabrın 20-də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən və neft sənayesinin canlı əfsanəsinin adı verilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri suya salınıb. Akademik Xoşbəxt Yusifzadə oktyabrın 3-ü 93 yaşında dünyasını dəyişib.