1562-1844-cü illərdə Azərbaycanın şimal-qərbində İlisu sultanlığı mövcud olmuşdur. Çox da böyük olmayan ərazisinə baxmayaraq mövcud olduğu dövr ərzində Qafqazda baş verən siyasi hadisələrdə aktiv rol oynamışdır. Təsadüfi deyil ki, Qafqaz uğrunda Osmanlı-Səfəvi müharibələri dövründə istər Səfəvi şahları, istərsə də Osmanlı sultanları İlisu sultanları adına fərmanlar göndərmişdir. İlisu sultanları qarşısında Car-Balakən camaatlığı qarşısında sərhədlərin mühafizəsi tapşırığı qoyulurdu. İlisu sultanları XVIII əsrin II yarısında da regionda baş verən siyasi hadisələrdə mühüm rol oynamağa davam edirdilər. XIX əsrin başlanğıcı Qafqaz xalqları tarixində kritik dövr kimi xarakterizə olunur. Bu dövrdə Rusiya imperiyasının həm Cənubi, həm də Şimali Qafqaza işğalçılıq yürüşləri başlanır. Bu işğala cavab olaraq Qafqazın müxtəlif hissələrində güclü azadlıq hərəkatları başlayır. İlisu sultanlığı da bu mübarizədən kənarda qalmır. Xüsusilə də 1803-cü ildə Car-Balakən camaatlığının Rusiya imperiyası tərəfindən işğalından sonra İlisu sultanlığı Rusiya imperiyasının müstəmləkə siyasətinə qarşı aparılan milli-azadlıq mübarizəsində dayaq məntəqlərindən birinə çevrilir. Bu mübarizə Daniyal sultanın dövründə ən yüksək mərhələsinə qədəm qoyur. Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir. Ona kapitan rütbəsi verilir. 1831-1844-cü illərdə O İlisu sultanlığının son sultanı olur. Rus qoşunları tərəfindən 1830 və 1832-ci illərdə Car üsyanının rus qoşunları tərəfindən yatırılmasından sonra çar höküməti qonşu İlisu sultanlığının da hüquqlarını məhdudlaşdırmağa başladı. İlisu sultanlığının rəsmən yuxarıda xatırlana üsyanı dəstəkləməməsinə baxmayaraq, sultanlığın əhalisinin əksəriyyəti Car üsyanında ən fəal şəkildə iştirak etmişdi. İ.P.Petruşevski yazır ki, artıq hökümət üçün Daniyal sultanın vassal, yaxud da xırda hakim funskiyasını qoruyub saxlaması nə gərəkli, nə də təhlükəsiz idi. 1830-cu ildə Car-Balakən camaatlığının daxili muxtariyyəti məhdudlaşdırıldı. Yeni qaydalar əsasında rus məmurlarından ibarət “Müvəqqəti idarəçilik” tətbiq olundu. İlisu sultanlığı da yeni təşkil olunan Car-Balakən vilayətinə tabe edildi. Sultanlıq üçün ikinci zərbə 17 aprel, 1840-cı ildə “Quberniyaların yaradılması haqqında layihə”nin tətbiqi oldu. Bu layihəyə görə Car-Balakən vilayəti qəza adlandı və Gürcüstan-İmeretiya quberniyası tərkibinə daxil edildi. Bununla heç cür razılaşa bilməyən Daniyal sultan Rusiya imperatoru I Nikolaya müraciət etdi. Bu müraciətində belə qeyd edirdi: “Atam öldükdən sonra mən 1831-ci ildə irsi olaraq əlahəzrət tərəfindən sultan təyin edildim. 1840-cı ildə yenidən idarəetmə orqanları təşkil olunarkən mənim mülklərim Gürcüstan-İmeretiya quberniyasının Balakən qəzasının tərkibinə daxil edilmişdi. Daşıdığım titulun saxlanmasına baxmayaraq mənə sahə iclasçısı hüququnda ümumi vətəndaş nizamnaməsinə əsaslanaraq rəhbərlik etmək tapşırıldı. Əcdadlarımın əsrlərlə mövcud olan irsi hüquqlarının pozulmasını, sizin iradənizdən asılı olmayaraq həyata keçirildiyini güman edirəm. Lakin bu işi aydınlaşdırmaq üçün baş komandana müraciət etdim. Sizə müraciət edərək aşağıdakıları nəzərdən keçirməyinizi xahiş edirəm! "Bu ərazilərin (sultanlığın) əcdadlarımdan mənə miras qalmasını əsas götürərək hüquqlarımın tapdanmasına yol verməyin. Məni yerli quberniya rəisinə tabeçilikdən və Zaqafqaziya ölkəsində fəaliyyət göstərən vətəndaş idarəetməsi nizamnaməsinə tabelikdən azad etməyinizi xahiş edirəm. 2) İlisu sultanlığının irsi olaraq mənə keçməsi haqqında vəsadət qaldırılmağınızı sizdən xahiş edirəm. Bu məni və övladlarımı gələcəkdə Rusiya hökumətinə daha sədaqətlə qulluq etməyə ruhlandırar”.
Daniyal sultan bacarıqlı, igid, ağıllı cəsarətli, uzaqgörən, sultanlığın əhalisi içərisində güclü nüfuzu olan şəxsiyyət idi. Öz səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı qətiyyətlə çıxış edən Daniyal bəy çarizmin müstəmləkə əsarətinə qarşı qətiyyətlə mübarizə aparmışdı. Daxili idarəçilikdə qeyri-məhdud hakimiyyətə malik olan Daniyal sultana Rusiya xüsusi diqqət və hörmətlə yanaşırdı. İxtiyarında olan hərbi qüvvə ilə müəyyən hərbi yürüşlərdə rus qoşunlarına göstərdiyi köməyə görə o qısa müddətdə birbaşa kiçik hərbi rütbələrdən adlayaraq kapitan rütbəsinə layiq görülmüşdü. Sonrakı il öhdəsində olan 200 nəfərlik milis dəstəsi ilə göstərdiyi hərbi şücaətə görə podpolkovnik rütbəsinə layiq görülmüşdü. 1840-cı ildə isə göstərdiyi şücaətə görə Qrodno Qusar alayının leyb qvardiya mundirini geymək hüququ almış və polkovnik rütbəsinə keçirilmişdi. Sonralar general-mayor rütbəsi alan sultan 3-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilmiş və aldığı rütbəyə görə ona ildə 860 gümüş manat məbləğində maaş kəsilmişdi. Bununla bərabər ona evdə və yürüşlərdə epoletlərlə (bəzəkli paqon) bəzənmiş milli kostyum geyməyə icazə verilirdi.
Məhz şəxsi keyfiyyətləri nəticəsində sultan təyin olunduğu ilk illərdə əcdadlarına məxsus olan, lakin sonralar carlılar tərəfindən ələ keçirilən Qorağan, Şotavar və Almalı kəndləri üzərində yenidən sahiblik hüququnu İlisu sultanlığına qaytara bilmişdi. 1839-cu ildə Dağıstanın cənubunda zəbt edilən 4 icmadan üçü o zaman təşkil edilən Samur dairəsinin tərkibinə daxil edilmiş, 4-cüsü Rutul mahalı isə Daniyal sultanın şəxsi idarəçiliyi altında saxlanmışdır.
Lakin, baş verən inzibati dəyişiklərlə getdikcə imtiyazları məhdudlaşdırılan Daniyal sultan Qafqaz canişininin Şamilə qarşı hərbi səfərdə iştirak etmək təklifini rədd etdi. Məsciddə Rusiyanın müstəmləkə əsarətinə qarşı mübarizə aparmağa and içən Daniyal sultan Şamilin tərəfinə keçdi. O İlisu ilə qonşu olan ərazilərə Car-Balakənə, Şəki və Şirvan qəzalarına öz adamlarını göndərərək onları bu mübarizəyə qoşulmağa çağırdı. Ailəsini Dağ Mahalına göndərən sultan müdafiə sistemi yaratmaq üçün bir sıra tədbirlər həyata keçirdi.
1844-cü ildə Daniyal sultanın Şamilin tərəfinə keçməsindən sonra İlisu sultanlığı ləğv edildi. O əvvəlcə Car-Balakən dairəsinin rəisinə tabe olmaqla xüsusi İlisu dairəsinə (mahala) sonra isə Car-Balakən dairəsinə aid sahəyə çevrildi. 5 iyun 1844-cü ildə Daniyal sultanın Şeyx Şamillə birləşməsini rus tarixçisi P.İ.Kovalevski belə qiymətləndirir: “Şamil İlisu sultanı Daniyal bəyin ona qoşulması ilə böyük qələbə əldə etdi. Onun mülkü çox da böyük deyildi, lakin özü ağıllı, cəsur və nüfuzlu şəxs idi”.
21 iyun 1844-cü ildə Daniyal sultanın üsyanı general Şvats tərəfindən amasızlıqla yatırıldı. Daniyal sultan Sarıbaş vadisinə çəkilməli oldu. Ordan da dağlara çəkilən Daniyal sultan Şamilin qüvvələri ilə birləşdi. Tezliklə Şamil onu İribdə naib təyin etdi. Qızı Kərimətbikəni Şamilin oğlu Qazı Məhəmmədə ərə verən sultan şeyx Şamilin ən yaxın silahdaşı və məsləkdaşı idi. 1859-cu ildə Qafqazın şərq hissəsi ruslar tərəfindən istila edildikdən sonra Dağıstan vilayətinin yaradılması ilə əlaqədar vaxtilə İlisu sultanlığının ərazisi olan torpaqlar yəni Dağ mahalı cənubi Dağıstana birləşdirildi. 15 ildən artıq Car qoşunlarına qarşı vuruşan Daniyal sultan Şamilin məğlubiyyətindən sonra hərbi rütbəsi və təqaüdü saxlanmaq şərtilə 7 avqust 1859-cu ildə rus hökumətinə tabe oldu. Daniyal sultan bir müddət Tiflisdə, daha sonra Şəkidə yaşadı. Ona İlisuya getmək qadağan olunmuşdu. 1869-cu ildə ailəsi ilə birlikdə Osmanlı imperiyasında məskunlaşdı.